AZ EN RU

Şahbuzda “Bələdiyyələrə ödənilən yerli vergilərlə bağlı qanunvericiliyin tələbləri” mövzusunda tədbir keçirilib

Oktyabrın 31-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə Şahbuz rayonunda rayon üzrə bələdiyyə sədrlərinin, üzvlərinin və vətəndaşların iştirakı ilə “Bələdiyyələrə ödənilən yerli vergilərlə bağlı qanunvericiliyin tələbləri” mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov “Yerli vergilər və ödənişlərlə bağlı qanunvericiliyin tələbləri və bələdiyyələrin vəzifələri” mövzusunda çıxış edib. Bildirib ki, respublikamızda yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir və bələdiyyə fəaliyyəti üçün əlverişli şərait yaradılır. Bələdiyyə orqanlarının fəaliyyətinin səmərəliliyi isə onların maliyyə təminatı ilə bağlıdır. Bələdiyyələrin maliyyə imkanlarının artması onların qarşısında duran yerli əhəmiyyətli məsələlərin həllinə də öz müsbət təsirini göstərir.

Dövlət Vergi Xidmətinin əməkdaşı Famil Həsənov “Bələdiyyələrə ödənilən vergi və ödənişlərin ödənilməsi qaydaları” mövzusunda əsas məqamlara toxunub. Qeyd edib ki, bələdiyyə orqanlarının büdcəsinin formalaşdırılmasında yerli vergilər və ödənişlər xüsusi rol oynayır. Vergi qanunvericiliyi ilə müəyyən edilmiş yerli vergiləri tam həcmdə və vaxtında ödəmək vergi ödəyicilərinin borcudur. Vergilərin ödənilməsi qanunvericilikdə müəyyən olunmuş müddətdə və məbləğdə vergi ödəyiciləri tərəfindən həyata keçirilməlidir.

Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib, tədbir iştirakçılarına nazirlik tərəfindən hazırlanan “Əmlak və torpaq vergisinin hesablanması və ödənilməsinə dair” bukletlər təqdim edilib.

Nəşr edilib : 01.11.2023 10:12