AZ EN RU

Sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üzrə yeni meyarlara dair tədbir

    Yeni meyarlarla bağlı keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə göstərilən tibbi xidmətlərdən danışıb. Bildirilib ki, yeni təsdiq edilmiş meyarların tətbiqi, müvafiq göndərişlərin hazırlanmasında dəqiqliyi və operativliyi təmin edib, nəticə etibarilə, sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsinin istiqamətində fəaliyyət təkmilləşdirilib.
    Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov qeyd edib ki, bu gün Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələrilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan şəhərində bərpa müəssisələrinin və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyət göstərməsi bu kateqoriyadan olan şəxslərin müalicəsinin və reabilitasiyasının təşkilində mühüm əhəmiyyət daşıyır,  hərəkət qabiliyyətinin məhdudluğun səbəbindən Protez-Ortopedik Bərpa Mərkəzinə gələ bilməyən vətəndaşlar üçün isə evlərdə səyyar xidmətlər təşkil olunur.
    Vurğulanıb ki, muxtar respublikada sağlamlıq imkanlarının məhdudluğunun təyinatı və qiymətləndirilməsi sahəsində yeniliklərin tətbiqi də davam etdirilir. Ötən dövrdə bu istiqamətdə bir sıra işlər görülüb, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi yaradılıb. Artıq bir müddətdir ki, ölkəmizdə sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi yeni təsdiq edilmiş meyarlar əsasında aparılır. Yeni meyarlarla sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi insanın həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma faizlərinin müəyyən olunması əsasında, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında həyata keçiriləcək. Dəyişikliklərdən sonra təyinat 700-dək xəstəlik üzərindən aparılacaq və xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq. Nazir müavini yeni meyarların tətbiqinin yaratdığı üstünlüklərdən bəhs edərək bildirib ki, dəyişikliklərin həyata keçirilməsində əsas məqsəd obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsidir.
    Sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərə nəzarət komissiyasının sədri Süleyman Cəfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyinin direktor müavini Ramin Səfərov, Naxçıvan Tibbi-sosial ekspert komissiyasının sədri Şəhla Əhmədova məsul olduqları sahələr üzrə görülən işlər haqqında tədbir iştirakçılarına məlumat veriblər. Görüş sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üzrə yeni təsdiq edilmiş meyarların müzakirəsi ilə davam etdirilib.
    Qeyd edək ki, tədbirdə muxtar respublika üzrə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan 16 tibb müəssisəsinin həkim-məsləhət komissiyalarının həkimləri, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi və səhiyyə nazirliklərinin müvafiq sahələr üzrə məsul əməkdaşları iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.10.2022 17:59