AZ EN RU

Sağlamlıq imkanları məhdud uşaqların təhsili diqqətdə saxlanılır

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Şərq qapısı”na verilən məlumata görə, muxtar respublikada ötən il 2114 sağlamlıq imkanları məhdud uşaq olub ki, bunların da əqli və fiziki potensialları nəzərə alınmaqla məktəbəqədər və ümumtəhsil müəssisələrinə cəlb edilib. Müvafiq uşaqlarla bağlı görülən tədbirlərin nəticəsidir ki, 2023-2024-cü tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərində 45, hazırlıq qruplarında 13 uşaq olmaqla, ümumilikdə, müvafiq kateqoriyadan olan 901 uşaq təhsil alır. Əlavə olaraq Distant Tədris Mərkəzində 27 uşaq olmaqla onların 2-si birinci sinifdə, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 7, məktəbdənkənar müəssisələrin dərnəklərində 97, məktəbdənkənar müəssisələrdə təşkil olunan müxtəlif kurslarda 22, şahmat məktəblərində 32, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 85 (onların 11-i birinci sinifdə) sağlamlıq imkanları məhdud uşaq təhsil alır və həmin kateqoriyadan olan 4 uşaq isə idman məktəblərinə cəlb olunub. Sağlamlıq imkanları məhdud uşaqların bacarıq, imkan və maraqları nəzərə alınaraq 2 uşaq peşə məktəbinə cəlb edilib. Ümumilikdə, sağlamlıq imkanları məhdud uşaqların 56%-i təhsilə cəlb olunub. Ümumtəhsil məktəblərini bitirən sağlamlıq imkanları məhdud uşaqlardan 4 nəfəri orta ixtisas təhsili müəssisəsinə, 17 nəfəri isə ali təhsil müəssisələrinə qəbul olunub.

Nəşr edilib : 02.02.2024 15:57