AZ EN RU

Sağlamlıq imkanları məhdud uşaqlara qayğı məqsədyönlü və humanist siyasətin tərkib hissəsidir

    Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı, Vətənə sədaqətli övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Xüsusilə qayğı və diqqətə, həssas münasibətə ehtiyacı olan fiziki imkanları məhdud uşaqları… Bu qəbildən olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi muxtar respublikamızda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına, cəmiyyətə inteqrasiyasına mühüm sosial vəzifə olaraq yanaşılan muxtar diyarımızda onlara göstərilən qayğı sayəsində belə uşaqların gözlə görünən məhdudiyyətləri kölgədə qalır. Həmyaşıdları ilə bərabər imkanlara malik sağlam mühitin formalaşdırılması bu uşaqların cəmiyyətə inteqrasiya olunması baxımından olduqca əhəmiyyətlidir. Çünki bu istiqamətdə həyata keçirilən tədbirlər məhdud fiziki imkanlı uşaqların özlərini cəmiyyətdən təcrid etməsinin qarşısını alır və onların hərtərəfli inkişafı üçün əlverişli şərait yaradır.

    Naxçıvan Muxtar Respublikasında ötən müddətdə icrası uğurla həyata keçirilən Dövlət proqramlarından əldə edilən nəticələr bunu deməyə əsas verir. Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi, o cümlədən təhsili və reabilitasiyası üzrə uğurla icra olunan Dövlət proqramları sosial kateqoriyadan olan uşaqların layiqli vətəndaş kimi formalaşması istiqamətində tədbirlərin kompleks xarakter almasına səbəb olub. Görülən işlərin davamlılığını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə bu sahədə növbəti – “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilib. Proqramda nəzərdə tutulan tədbirlərin yönəldiyi əsas istiqamətlərdən birini sağlamlıq imkanları məhdud uşaqların təhsilə inteqrasiyasının davam etdirilməsi təşkil edir. Muxtar respublikada təhsilin müasir standartlar səviyyəsində təşkilinə göstərilən diqqət sağlamlıq imkanları məhdud uşaqları da əhatə etməkdədir. Bu kateqoriyanın nümayəndələrinin erkən yaşlardan əhatəli təhsil imkanları ilə təmin olunması onlarda psixoloji hazırlığın yüksəldilməsinə və özünəinamın formalaşdırılmasına müsbət təsir göstərir. 

    Bu sosial kateqoriyanın nümayəndələrinin cəmiyyətə uyğunlaşmasında, onlara müxtəlif bacarıq və vərdişlərin aşılanmasında peşə təhsilinin də rolu danılmazdır. Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbi onların əmək bazarına inteqrasiya olunması və sosial reabilitasiyasının başlıca şərtlərindəndir. Belə ki, bacarıq, imkan və maraqları nəzərə alınmaqla peşə kurslarına müvafiq kateqoriyadan olan uşaqlar cəlb edilir. Çünki sağlamlıq imkanları məhdud uşaqların müxtəlif peşə sahələri üzrə əmək vərdişlərinə yiyələnmələri onların fərdi inkişafına müsbət təsir göstərən amillərdəndir.
    Həmin kateqoriyadan olan uşaqlar üçün inklüziv təhsilin səmərəsini artıran faktorlardan biri də müəllimlərin bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Proqramın icrasına uyğun olaraq psixoloq və ibtidai sinif müəllimlərinə “Autizmli uşaqların cəmiyyətə qazandırılması” mövzusunda seminarlar keçirilir. Sağlamlıq imkanları məhdud uşaqlar üçün əlverişli təhsil şəraitinin yaradılması ilə yanaşı, tibbi reabilitasiya tədbirlərinin təşkili də onların həyata adaptasiyasına mühüm köməklik göstərir. 
    Muxtar respublikamızda bu kateqoriyadan olan uşaqların reabilitasiya potensialının düzgün müəyyənləşdirilməsi, onların tibb-terapevtik müalicələrinin təşkili istiqamətində tədbirlər geniş vüsət alıb. Qeyd olunanlarla yanaşı, sağlamlıq imkanları məhdud uşaqlara psixoloji dəstəyin də göstərilməsi onlarda həyata inam hissinin inkişafına təkan verir. Proqramın icrasına uyğun olaraq uşaq bərpa müalicəsinin təşkili məqsədilə bu qəbildən olan uşaqlara göndərişlər verilir. Naxçıvan Uşaq Bərpa Mərkəzində müvafiq kateqoriyadan olan uşaqların müalicəsi təşkil edilir. Onlar texniki reabilitasiya vasitələri ilə təmin edilir, bu qəbildən olan uşaqlara protez-ortopedik xidmətlər göstərilir. 


    Dövlət proqramının qəbul edildiyi gündən etibarən sağlamlıq imkanları məhdud uşaqlar üçün “Kukla” və “Nağıl” terapiyalarının tətbiqinə də başlanılıb. Yeni terapiyaların fəaliyyətə başlaması bu kateqoriyadan olan uşaqların psixoloji reabilitasiyası və sosial adaptasiyasına köməklik məqsədi daşıyır.
    İdman sağlamlıq imkanları məhdud uşaqların əqli və fiziki inkişafının mühüm şərtlərindəndir. Bu sosial kateqoriyanın nümayəndələrinin müxtəlif idman tədbirlərində iştirakının təmin olunması onların istedadlarının üzə çıxarılmasında önəmli rol oynayır. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında velosiped, stolüstü tennis, şahmat, boccia, dartı və yüngül atletika idman növləri üzrə təşkil olunan müsabiqələrdə sağlamlıq imkanları məhdud uşaqlar iştirak edir. Keçirilən müsabiqələrdə uğurla iştirak edən həmin uşaqlar müxtəlif diplom, fəxri fərman və həvəsləndirici hədiyyələrlə mükafatlandırılırlar.
    Bütün bunlarla yanaşı, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının səmərəli təşkili də onların intellektual və mənəvi inkişafı baxımından effektiv nəticə verir. Təşkil olunan tədbirlər, eyni zamanda uşaqların psixi inkişafına da köməklik göstərir. Bu qəbildən olan uşaqlar muxtar respublikada fəaliyyət göstərən məktəbdənkənar müəssisələrdə yaradılmış innovativ dərnəklərə cəlb olunur. Müvafiq kateqoriyadan olan uşaqlar üçün oxunması zəruri olan kitabların müzakirəsi, rəsm, bədii qiraət müsabiqələri, bilik yarışları, gəzintilər, əyləncəli oyunlar, müxtəlif bədii əsərlərdən ibarət səhnəciklər təşkil edilir. 
    Muxtar respublikada dövlət uşaq siyasətinin tərkib hissəsi kimi bu qəbildən olan uşaqların istirahət günləri və asudə vaxtlarının səmərəli təşkil edilməsi hər zaman diqqət mərkəzində saxlanılır. Bu sahəyə göstərilən diqqət və qayğının davamı olaraq onların yay tətili günlərinin maraqlı keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Yay məktəbi” təşkil edilir. “Yay məktəbi” çərçivəsində idman yarışları, əyləncəli və intellektual oyunlar, maarifləndirici seminarlar keçirilir, oxunması zəruri olan kitabların mütaliəsi və müzakirəsi aparılır, vətənpərvərlik ruhunda çəkilmiş filmlər nümayiş olunur. “Yay məktəbi” çərçivəsində keçirilən bu kimi tədbirlər uşaqların dünyagörüşlərinin artırılmasında, biliklərinin zənginləşməsində çox mühüm əhəmiyyətə malikdir. 
    Bir zamanlar valideynləri üçün gözdağı olan bu qəbildən uşaqlar indi dövlətimizin hərtərəfli qayğısı əhatəsindədirlər. Valideynlər də bunu görür və dəyərləndirirlər. Unutmayaq ki, bir insanın fiziki imkanlarının məhdud olması heç də onun sıralarımızdan geri qalması demək deyil. Fiziki baxımdan məhdud imkanlı elə insanlar var ki, onlar mənəvi cəhətdən bəzi sağlam adamlardan da faydalıdır. Fiziki məhdudluq zahiri əlamətdir, elə insanların mənəviyyatı bəzi insanlardan sağlam olur. 

 Gülcamal TAHİROVA

Nəşr edilib : 19.07.2022 19:46