AZ EN RU

Sağlamlıq imkanları məhdud uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunub

    Naxçıvan Muxtar Respublikasında uşaqların sağlam böyümələri, lazımi təhsil və tərbiyə almaları ilə bağlı ardıcıl tədbirlər görülür. Həyata keçirilən dövlət uşaq siyasəti muxtar respublikada uşaqların hərtərəfli inkişafına, onların müasir təhsil və səhiyyə xidmətləri ilə təmin olunmasına şərait yaradıb. Uşaqların həssas qrupunu sağlamlıq imkanları məhdud olan uşaqlar təşkil edir ki, Naxçıvanda bu sosial kateqoriyanın nümayəndələri də yüksək dövlət qayğısı ilə əhatə olunub. Bunun ən mühüm göstəricilərindən biri sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı Dövlət proqramlarının qəbul olunması və icra edilməsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Sosial sahə hər bir ölkə üçün vacib olan sahədir. Sosial sahə hər bir insana təsir edir. Onun yaşayış səviyyəsinə təsir edir. Burada həm dövlət siyasəti düzgün aparılmalıdır, eyni zamanda cəmiyyət də bu sahədə dövlətlə bir yerdə olmalıdır. Azərbaycan cəmiyyətində fiziki imkanları məhdud olan insanlara münasibət müsbətdir. Bu, cəmiyyətimizin əlamətidir. Heç də hər yerdə belə deyildir. Dövlət siyasəti də bu istiqamətdə aparılır”.

    Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası davam etdirilir. Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi cari ilin ilk yarısında da diqqət mərkəzində olmuş, sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli təhsil imkanlarının yaradılması istiqamətində işlər davam etdirilmişdir. Birinci yarım ilin sonunda məktəbəqədər təhsil müəssisələrində bu kateqoriyadan olan 64, ümumtəhsil müəssisələrində isə 981 uşaq qeydə alınmışdır.
    Sağlamlıq imkanları məhdud uşaqların keyfiyyətli təhsilə cəlb olunması onların inkişafına müsbət təsir göstərir və öz potensiallarından hərtərəfli istifadə etmələrinə imkan yaradır. Eyni zamanda bu sosial kateqoriyanın nümayəndələrinə təhsil prosesində zəruri bilik, bacarıq və vərdişlərin aşılanması onların cəmiyyətə uyğunlaşmasını da təmin edir. Dövlət proqramında da sağlamlıq imkanları məhdud uşaqlara fiziki və əqli potensiallarına uyğun təhsil imkanlarının yaradılması ilə bağlı kompleks tədbirlər nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi cari ilin birinci yarısında da davam etdirilmiş, Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzinin yaradılması başa çatdırılmışdır. Birinci yarım ildə proqramın icrası istiqamətində, ümumilikdə, 15 hərəkət qabiliyyəti məhdud uşaq üçün distant dərslər keçilmişdir. Əlavə olaraq Görmə Qabiliyyəti Məhdud Uşaqlar üçün Xüsusi İbtidai Məktəb Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə 4 cilddə olmaqla, ümumilikdə, 24 brayl əlifbalı kitabla təmin olunmuşdur. Məktəbdə ibtidai təhsilini başa vuran 1 uşağın təhsilini Bakı şəhər Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün                 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində davam etdirməsi təmin edilmişdir. 
    Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin kitabxanasının sağlamlıq imkanları məhdud uşaqlar üçün nəşriyyat məhsulları ilə təchizatı da davam etdirilmişdir. Belə ki, birinci yarım ildə mərkəzdə fəaliyyət göstərən audiokitabxana xidmətinə 21 yeni əsər əlavə olunmuş, onların ümumi sayı 1520-yə çatdırılmışdır. Həmçinin görmə məhdudiyyətli şəxslər üçün brayl əlifbası ilə “Könül işığı” jurnalının 6 nömrəsi, “Şəfəq” jurnalının isə 2 nömrəsi çap edilərək oxuculara təqdim olunmuşdur. Ümumilikdə, birinci yarım ildə Naxçıvan Regional İnformasiya Mərkəzində Dövlət proqramının icrasına uyğun olaraq 129 sağlamlıq imkanları məhdud uşaq üçün reabilitasiya tədbirləri həyata keçirilmişdir. 
    Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətdə layiqli mövqe tutmasına şərait yaradan başlıca amillərdən biri də onlar üçün keyfiyyətli peşə təhsilinin təşkilidir. Bu, uşaqların peşə təhsili müəssisələrində təşkil olunan kursları bitirərək müxtəlif peşələrə yiyələnmələri onların əmək bazarına çıxışının və reabilitasiya imkanlarının genişləndirilməsinə imkan yaradır. Dövlət proqramında bu istiqamətdə nəzərdə tutulan tapşırıqların icrası məqsədilə cari ilin birinci yarısında sağlamlıq imkanları məhdud uşaqların bacarıq, imkan və maraqları nəzərə alınmaqla peşə təhsilinə cəlb edilmələri istiqamətində işlər davam etdirilmişdir. Bu dövrdə Naxçıvan Regional Peşə Tədris Mərkəzində və Şərur Texniki Peşə və Sürücülük Məktəbində təşkil olunan bərbər kurslarının hər birini 1, eləcə də Naxçıvan Şəhər Peşə Liseyinin kompüter istifadəçisi” kursunu 1 uşaq olmaqla, ümumilikdə, 3 sağlamlıq imkanları məhdud uşaq peşə kurslarını başa vuraraq sertifikatla təmin olunmuşdur. Həmçinin 46 ümumtəhsil məktəbində yuxarı siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqlar üçün peşəyönümlü məşğələlər təşkil edilmişdir ki, bu da onların peşə seçiminə köməklik məqsədi daşımışdır. 
    Dövlət proqramının icrasına uyğun olaraq birinci yarım ildə məhdud sağlamlıq imkanlarına malik uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə ictimai-mədəni tədbirlərin keçirilməsi də davam etdirilmişdir. Keçirilən tədbirlər sağlamlıq imkanları məhdud uşaqların istedad, qabiliyyət və bacarıqlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, bu dövrdə məktəbdənkənar təhsil müəssisələrinin innovativ dərnəklərində keçirilən müxtəlif tədbirlərdə müvafiq kateqoriyadan olan 296 uşağın iştirakı təmin olunmuşdur. Bununla yanaşı, cari ilin ilk yarısında təşkil olunan film nümayişi, kitab müzakirəsi, bayram tədbirləri, yaradıcılıq müsabiqələri, rəsm və əl işlərindən ibarət sərgilər və ekskursiyalar olmaqla, ümumilikdə, 30-dan çox tədbirdə 400-dən artıq sağlamlıq imkanları məhdud uşaq iştirak etmişdir.
    Bu sosial kateqoriyanın nümayəndələrinin asudə vaxtının səmərəli təşkilində idman sahəsi də mühüm rol oynayır. İdman məhdud sağlamlıq imkanlarına malik uşaqların sosial reabilitasiyasını həyata keçirməyin ən effektiv formalarından hesab olunur. Birinci yarım ildə proqramın icrası məqsədilə müxtəlif idman növləri üzrə keçirilən 32 yarışda 200-dən çox sağlamlıq imkanları məhdud uşağın iştirakı təmin edilmişdir. Həmçinin bu dövrdə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının müvafiq idman bölmələrinə bu sosial kateqoriyadan olan 61 uşaq cəlb olunmuşdur.
    Sağlamlıq imkanları məhdud uşaqların sosial statusunun bərpa edilməsi, eyni zamanda onlara keyfiyyətli tibbi xidmət göstərilməsindən də əhəmiyyətli dərəcədə asılıdır. Dövlət proqramında da bu kateqoriyadan olan uşaqlar üçün tibbi-psixoloji xidmətin təşkili, onların texniki reabilitasiya vasitələrilə təmin olunması ilə bağlı tapşırıqlar nəzərdə tutulmuşdur. Bu tapşırıqların icrası istiqamətində yanvar-iyun aylarında Naxçıvan Uşaq Bərpa Mərkəzində 152 sağlamlıq imkanları məhdud uşağın müalicəsi həyata keçirilmiş, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində fəaliyyət göstərən psixoloji dəstək xidmətinə 55 sağlamlıq imkanları məhdud uşaq cəlb olunmuşdur. Həmçinin qeyd edilən dövrdə 72 sağlamlıq imkanları məhdud uşaq 113 texniki reabilitasiya və digər köməkçi vasitələrlə təmin edilmiş, 43 uşağa protez-ortopedik xidmət göstərilmişdir.  
    Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən diqqət insan amilinə verilən dəyərin nümunəsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin kompleks xarakter alması isə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın uğurlu icrası ilə bağlıdır.

“Şərq qapısı”

Nəşr edilib : 29.08.2022 18:49