AZ EN RU

Sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmətlər göstərilir

    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə tibbi-sosial reabilitasiya xidmətləri göstərilir, onların zəruri sosial məsələlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir. Həmçinin muxtar respublikada dayaq-hərəkət sisteminin funksiyalarını itirmiş şəxslərin reabilitasiyası istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Bu məqsədlə Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinə müraciət edən vətəndaşlara müvafiq protez xidmətləri göstərilir, onlar ortopedik məmulatlarla təmin olunurlar. Bununla yanaşı, mərkəzin həkim heyəti və protez-ortoped mütəxəssisləri tərəfindən sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmətlərin göstərilməsi də davam etdirilir. 
    Bu tədbirlərin davamı olaraq Kəngərli və Şərur rayonları ərazisində yaşayan, müxtəlif səbəblərdən mərkəzə gəlmək imkanı olmayan sağlamlıq imkanları məhdud şəxslərə Protez-Ortopedik Bərpa Mərkəzinin səyyar xidmətləri göstərilib. Xidmət zamanı məhdud fiziki imkanlı şəxslərdən protez və ortez sifarişləri qəbul edilib, zəruri hallarda protezlər təmir olunub. Eyni zamanda müvafiq kateqoriyadan olan şəxslər texniki və köməkçi reabilitasiya vasitələrilə təmin edilib.
    Sağlamlıq imkanları məhdud şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial 
Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.04.2023 19:52