AZ EN RU

Sağlamlıq imkanları məhdud şəxslər tərəfindən toxunulan isti qış geyimləri hərbi hissəyə təhvil verilib

    Sağlamlıq imkanları məhdud qadınlar tərəfindən toxunulan isti qış geyimləri hərbi hissəyə təhvil verilib. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində sağlamlıq imkanları məhdud şəxslərin iştirakı ilə haqqıödənilən ictimai işlərin təşkilinə diqqət artırılır. Son dövrlərdə bu sahədə əsas üstünlük hərbi qulluqçular üçün isti qış geyimlərinin toxunulması işinə verilir. Vurğulanıb ki, bu il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hərbi hissələr üçün isti qış geyimlərinin toxunması işini davam etdirməklə bağlı tapşırıq verilib. Verilmiş tapşırığın icrası çərçivəsində, bu gün daha 1300 cüt yun corab, 1200 yun boyunluq, 1000 ədəd yun jilet  dağlıq şəraitdə xidmət keçən hərbi qulluqçulara təhvil veriləcəkdir.
    Nicat Babayev sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən yüksək qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. 
    Əlahiddə Ümumqoşun Ordunun idarə rəisi, polkovnik Nazif Xəlilov tədbirdə çıxış edərək bildirib ki, Naxçıvanda yerləşən ordu, birləşmə və hissələr hərtərəfli qayğı əhatəsindədir. Dövlətimiz tərəfindən göstərilən bu diqqət hərbi qulluqçuların məsuliyyətini daha da artıraraq vətənpərvərlik hisslərinin güclənməsinə səbəb olub. Dövlət qayğısından və xalq-ordu birliyindən ruhlanan hərbi qulluqçularımız yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Bu gün əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi də növbəti qayğının ifadəsi, xalq-ordu birliyinin təcəssümüdür.
    Tədbirdə hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. 
        Çıxışların ardından isti qış geyimləri  hərbi hissə və zastavalara təhvil verilib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 14.10.2022 19:51