AZ EN RU

Sağlam həyat, iqtisadi səmərə, investisiya cəlbi baxımından mühüm yenilik

    Naxçıvanda kənd təsərrüfatı sahəsində reallaşdırılan islahatlar çərçivəsində icra olunan layihələr sırasında “Orqanik Naxçıvan” brendinin yaradılması, təşviqi, təbliği məsələləri xüsusi yer tutur. Cari il mayın 17-19-da Bakı Ekspo Mərkəzində təşkil olunan, 31 ölkədən 479 şirkətin iştirak etdiyi,       9 ölkənin isə milli stendlərlə təmsil olunduğu 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgilərində ilk dəfə bu adda təqdim olunan məhsullar aparıcı şirkətlərin nümayəndələrində, iştirakçılarda böyük marağa səbəb oldu. Sentyabrın 8-9-da isə Naxçıvanda ilk dəfə keçirilən “Aqrofestival”da sərgilənən həm sağlamlıq baxımından faydalı, həm də iqtisadi cəhətdən səmərəli olan, “Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda tədbirdə təqdimatı keçirilən “Orqanik Naxçıvan” loqotipi, məhsulları mütəxəssislər, yerli, xarici iş adamları tərəfindən yüksək qiymətləndirildi.

    Ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da bu məsələ ilə bağlı mühüm məqamlar əksini tapıb. Proqramın prioritetləri sırasında qeyd olunur  ki, bölgə üçün spesifik və orqanik kənd təsərrüfatı məhsulları müəyyənləşdiriləcək, onların brendləşdirilməsi, təbliği, orqanik məhsulların xarici bazarlara ixracının təşviqi diqqətdə saxlanılacaq, kənd təsərrüfatı məhsullarının emalı, o cümlədən meyvə qurularının istehsalı sahəsi dəstəklənəcək və ixrac imkanları genişləndiriləcəkdir. Orqanik məhsulların həm əhali sağlamlığı, həm də iqtisadi gəlirlilik baxımından üstün cəhətləri, “Orqanik Naxçıvan” brendinin ixracyönümlü perspektivləri, investisiya cəlbediciliyi barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazir­liyinin sektor müdiri Ləman Əlizadə ilə söhbət etdik. Müsahibimiz bildirdi ki, orqanik məhsullar kimyəvi gübrələr, sintetik pestisidlər, antibakterial və hormon tərkibli maddələr istifadə etmədən, təbii proseslər əsasında yetişdirilən bitki və heyvan məhsullarıdır. Sadə dillə desək, yetişdirilmə prosesində pestisid və ya sintetik gübrələr kimi hər hansı kimyəvi vasitədən istifadə edilməmiş məhsul orqanik məhsul hesab olunur. Bir çoxlarını düşündürən, “bəs bu məhsulların istehsalı nə üçün vacibdir?” sualına cavab olaraq deyə bilərik ki,  əsas səbəblər sırasında onun unikal təbii, dadlı, çox vitaminli olması xüsusi yer tutur. Belə ki, bu tip məhsullar genetik olaraq dəyişmədiyi üçün təbii və orijinal tərkiblərini qoruyurlar.  Təbii qalan məhsullar isə insan sağlamlığına pozitiv təsir etməklə uzunmüddətli xroniki xəstəlik riskinin azalması ilə nəticələnir. Bundan əlavə, tədqiqatlar orqanik kənd təsərrüfatının təbii mühitə dəyən ziyanı 75 faiz azaltdığını göstərir. Həmçinin karbon emissiyası da 60 faiz azalır.
    Ləman xanım dünya iqtisadiyyatında orqanik kənd təsərrüfatı məhsullarının yeri və rolu barədə də danışaraq qeyd etdi ki,  son 15 il ərzində bu məhsulların dünya üzrə istehsal həcmi 50 faiz artıb. Belə ki, 2010-cu ildə 114 milyard dollar həcmində olan orqanik məhsullar 2021-ci ildə 227 milyard dollar təşkil edib. Hazır­da dünyanın 179 ölkəsində orqanik kənd təsərrüfatı fəaliyyəti mövcuddur. 2022-ci ildə dünyanın 105 ölkəsində orqanik kənd təsərrüfatı haqqında milli qanunvericilik qəbul edilib. Qeyd olunan faktlar günümüzdə dünyamızın iqtisadi siyasətində orqanik məhsulların necə mühüm bir yer tutduğunun bariz göstəricisidir. Ölkəmizdə də bu növ məhsullara tələbat kifayət qədər böyükdür. Belə ki, orqanik məhsulların ənənəvi məhsullarla müqayisədə dəfələrlə baha olmasına baxmayaraq, istehlakçılar bu məhsullardan kifayət qədər yüksək həcmdə istifadə edirlər. Naxçıvanın təmiz hava şəraiti və ətraf mühiti orqanik məhsulların ideal şəkildə yetişdirilməsi üçün münbit potensialdadır. Burada tərəvəz, meyvə, dənli-paxlalı, tütün və digər bitkilər, o cümlədən heyvandar­lıq, quşçuluq və dəniz məhsulları kimi çeşidli sahələrdə orqanik məhsulların istehsalı mümkündür. Yerli sahibkarlarla bu sahədə tərəfdaşlıq istiqamətində addımların davamlılığı, təcrübəli kadrların cəlb edilməsi yolu ilə uğurlu bir orqanik kənd təsərrüfatının qurulması mümkündür. Tədqiqatlara əsasən demək olar ki, Naxçıvanda orqanik məhsul istehsalında buğda, arpa, üzüm, pomidor, xiyar, yerkökü, bibər, brokoli, kartof, soğan, göbələk kimi məhsulların istehsalı daha faydalı, qazanclı olacaqdır.
    Sahibkarlar üçün ən önəmli məsələ sayılan məhsulun iqtisadi çəkisinə, investisiya cəlbediciliyinə toxunan Ləman Əlizadə əminliklə deyir ki, orqanik məhsul istehsalının sahibkarlara böyük gəlir gətirəcək bir sıra üstün cəhətləri var: – Ən təməl səbəb insanların orqanik məhsullara yüksək tələbatının mövcudluğudur. İnsanlar sağlam qalmaq istəyirlər, nəticədə, təbii məhsullara böyük önəm verirlər. Bu isə satış potensialının kifayət qədər yüksək olması deməkdir. Digər tərəfdən, orqanik məhsulların yetişdirilməsi zamanı kimyəvi dərmanlardan istifadə edilməməsi sahibkarları bu kimi xərclərdən azad edir. Xərcin azalması ilə yanaşı, orqanik məhsulların daha baha satılması gəlirlərin dəfələrlə artması ilə nəticələnir. Və nəhayət, onu vurğulaya bilərəm ki, orqanik məhsul istehsalı üçün ən uyğun zaman indidir. Belə ki, bazarda bu məhsullara tələbat günü-gündən artmaqla həm sahibkar­lar, həm istehlakçılar, həm də dövlətimiz üçün böyük potensialların formalaşması ilə müşayiət olunur. Hazırda Naxçıvanda 500-dən çox ailə təsərrüfatçısı vardır. Həmçinin muxtar respublika ərazisində orqanik məhsul istehsalı üçün lazımi təlimatlar və standartlar hazırlanıb, ailə təsərrüfatçıları arasından 25 nəfər rezident seçilib. Həmin rezidentlərə orqanik məhsul istehsalı ilə bağlı lazımi təlimlər keçirilib. Bu sahədə digər addımlar daha sürətli atılacaq və ən qısa zamanda “Orqanik Naxçıvan” məhsulları dünyanın bir çox ölkələrində bir brend olaraq tanınacaqdır. Dövlətimiz tərəfindən bu layihəyə verilən dəyərin nəticəsidir ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda spesifik və orqanik kənd təsərrüfatı məhsullarının müəyyənləşdirilməsi, brend­ləşdirilməsi və xarici bazarlara ixracının təşviqi nəzərdə tutulub. Bildiyiniz kimi, ötən dövrdə aidiy­yəti dövlət qurumları, o cümlədən də Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazir­liyi tərəfindən bununla bağlı bir sıra işlər həyata keçirilib. Cari ilin may ayında Bakı şəhərində keçirilən beynəlxalq sərgilərdə “Orqanik Naxçıvan” brendi ilə məhsullar yüksək səviyyədə nümayiş olunub, həmçinin iyul ayında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyətinin Naxçıvana işgüzar səfəri çərçivəsində keçirilən görüşdə Naxçıvanda istehsal olunan məhsulların ixrac potensialı, “Orqanik Naxçıvan” brendi altında məhsulların istehsalı, emalı, tədarükü və ixracı istaqamətində görüləcək işlər müzakirə edilib. Sentyabrın 8-9-da isə muxtar respublikada ilk dəfə təşkil edilən “Aqrofestival”da orqanik məhsullara olan böyük marağın şahidi olduq. Həmçinin “Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda keçirilən tədbirdə fərqli, özünəməxsus dizaynda hazırlanan “Orqanik Naxçıvan” loqotipi təqdim edildi. Bu istiqamətdə digər işlərin də ardıcıl şəkildə reallaşdırılması nəzərdə tutulur.
    İnanırıq ki, aidiyyəti təşkilatlarla sahibkar­ların, təsərrüfatçıların birgə səyi nəticəsində dövlətimiz tərəfindən qarşıya qoyulmuş hədəflərə çatmaq mümkün olacaq və yaxın gələcəkdə hər bir ailənin süfrəsini orqanik kənd təsərrüfatı məhsulları bəzəyəcək. Bununla həm əhalinin sağlamlığı təmin olunacaq, həm sahibkarlar, ailə təsərrüfatları yaxşı qazanc əldə edəcək, həm də ölkə iqtisadiyyatına mühüm töhfələr veriləcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 10.10.2023 19:05