AZ EN RU

Sağlam gələcəyə, kamilliyə aparan yolun yolçuları...

    Elm, təhsil insanı mənəvi ucalığa yüksəldən, cəmiyyəti sağlam gələcəyə, bəşəriyyəti kamilliyə aparan yoldur. Təqdirəlayiq haldır ki, hər tədris ilinin sonunda yüzlərlə naxçıvanlı abituriyentlərimiz bu yolda əmin addımlar atmağa müvəffəq olur. Qazanılan nailiyyətlər isə ölkəmizdə həyata keçirilən təhsil siyasətinin tərkib hissəsi olaraq muxtar respublikada innovativ texnologiyalardan, müasir tədris metodlarından istifadənin bəhrəsini ortaya qoymaqla ümumi təhsil səviyyəsinin yüksəlməsindən xəbər verir. 

    Artıq çoxlarının intizarına son qoyan builki qəbul imtahanlarının nəticələri min bir zəhmətə qatlaşıb elmi, biliyi həyat amalına çevirməklə gələcək ziya yolunu müəyyənləşdirən gənclərimizə, bu yolda onlara dəstək olan müəllimlərinə, doğmalarına bir dünya sevinc bəxş etdi. Qazanılan nailiyyətlər Babək rayonunun da timsalında ürəkaçandır. Cəhri qəsəbə 1 nömrəli tam orta məktəb qəbul göstəricisinə görə rayon üzrə fərqlənən təhsil müəssisələri sırasında yer alıb. Belə ki, məktəbi bitirən 37 şagird imtahanlarda iştirak edib, onlardan 33-ü keçid balını üstələyib. Aytac Əsgərova isə babəkli abituriyentlər arasında ən yüksək nəticə göstərib tələbə adını qazanaraq müəllim və valideynlərinə böyük qürur, sevinc hissi bəxş edib. O qəbul olduğu ixtisas və gələcək planları barədə fikirlərini bölüşərək dedi: – Ümumiyyətlə, çox şagirdin ümdə arzusu gələcəkdə tələbə adını qazanıb Vətənimizə, dövlətimizə, cəmiyyətimizə layiqli vətəndaş, bacarıqlı, bilikli kadr kimi yetişməkdir. Təbii ki, bu istəyə çatmaq böyük zəhmət, məsuliyyət tələb edir. Mən də məktəbdə oxuduğum illərdə bu amal uğrunda çalışmışam. Bu gün sevincliyəm ki, sərf etdiyim əmək nəticəsiz qalmadı. Biz – bugünkü gənclər dəyişən zamanla, dövrlə ayaqlaşmaq üçün müasir texnologiyalar sahəsində püxtələşməliyik. Əks halda, özümüzə perspektivli gələcək qurmağımız, tutduğumuz yolda uğur qazanmağımız mümkünsüzdür. Elə mən də ixtisas seçimi zamanı bu amili nəzərə almışam. Seçimim Naxçıvan Dövlət Universitetinin Kompüter mühəndisliyi ixtisası oldu və topladığım bal mənə istədiyim ixtisasda təhsil almaq fürsəti verdi. Bundan sonra əsas məqsədim seçdiyim ixtisas üzrə peşəkar mütəxəssis kimi yetişməkdir. 

    Röya Babayeva Güznüt kənd tam orta məktəbini 2022-2023-cü tədris ilində fərqlənmə attestatı ilə bitirib. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında 621,2 bal toplayaraq müəllim və valideynlərinin sevinc, qürur mənbəyinə çevrilib. Tələbə adını qazanan, məktəb illərində də bir sıra uğurlara imza atan Röya fikirlərini belə ifadə etdi: – Hələ ibtidai siniflərdən Azərbaycan dili fənninə böyük marağım olub, elə məhz buna görə qəbul imtahanında III ixtisas qrupunu seçmişəm. 10-11-ci siniflərdə oxuyanda özümü müxtəlif viktorinalarda, bilik yarışlarında sınamışam. Azərbaycan dili üzrə respublika fənn olimpiadalarında uğurlarım olub, muxtar respublika üzrə I-II yerləri tutmuşam. Fəxr edirəm ki, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar rayonda keçirilən bilik yarışında da 1-ci yerə layiq görülmüşəm. Məktəbdə qazandığım uğurlar, dərslərdə fəallığım, yaxşı oxumağım sayəsində “Qızıl” nişan aldım. İmtahanda da müəllimlərim məndən yüksək nəticə gözləyirdi, onların ümidlərini doğrultduğum üçün sevinirəm.  Seçdiyim Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olmuşam, çox sevincliyəm, tələbə adını qazanan hər kəsə uğurlar arzulayıram. 

    Sirab kənd tam orta məktəbini bitirən 50 məzundan 48-i qəbul imtahanlarında iştirak edib. Onlardan 2-si 500-700 intervalında bal toplayıb. Məktəbin yüksək nəticəsinə görə fərqlənən şagirdlərindən birincisi Cilovxan Həsənovdur. O, sevincini bizimlə bölüşdü: – İbtidai siniflərdən dəqiq elmlərə marağım böyük olub, riyaziyyatı, coğrafiyanı sevə-sevə oxumuşam. Rəhmətlik müəllimim Malik Həsənov mənə riyaziyyatı sevdirib. Riyaziyyat üzrə keçirilən respublika fənn olimpiadalarında uğurlar qazanmışam, 2022-2023-cü tədris ilinin yekunlarına görə “Gümüş” nişana layiq görülmüşəm. II ixtisas qrupu üzrə topladığım 625,7 bal istədiyim ixtisası seçməyimə imkan verib. Seçimim üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının İqtisadiyyat ixtisasına qəbul olmuşam. Gələcəkdə ən böyük arzum gömrük sahəsində çalışmaqdır. İnanıram ki, ixtisasıma dərindən yiyələnib istəyimə çatacağam. Avqust ayının 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin yüksək bal toplayan məzunlarla görüşü mənim üçün də yaddaqalan oldu. 

    Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbinin qəbul imtahanlarında uğur qazanan məzunları sırasında Səma Qurbanova öndə gəlir. O, IV ixtisas qrupu üzrə 579,8 bal toplayıb. Ziyalı ailəsində dünyaya göz açan Səmanın ən böyük arzusu gələcəkdə ixtisaslı tibbi kadr kimi yetişərək ölkəmizin səhiyyəsinə töhfə verməkdir. Söhbət zamanı qazandığı uğurlar və gələcək planları barədə danışdı: – IV ixtisas qrupu üzrə fənlərə, xüsusilə də biologiyaya marağım yuxarı siniflərdə daha da çoxalıb. Bu da səbəbsiz baş verməyib. Belə ki, bacım Xeyrənsə həmin ixtisas qrupu üzrə yüksək bal toplayıb Azərbaycan Tibb Universitetinə qəbul olduqdan sonra mən də qarşıma eyni məqsədi qoydum. Qeyd edim ki, 10-11-ci siniflərdə biologiya üzrə respublika fənn olimpiadalarında uğurlu iştiraklarım olub, muxtar respublika turunda I-II yerlərə layiq görülmüşəm. Qəbul imtahanında topladığım bala və ən çox da öz istəyimə uyğun olaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasını seçdim. Və çox sevinirəm ki, arzuma gedən yolda növbəti addımım da uğurlu oldu, istədiyim ixtisas üzrə tələbə adını qazandım. Söhbətimin əvvəlində də dediyim kimi, bacım və atam bu seçimimdə mənə düzgün istiqamət veriblər. Atam Sahib Qurbanov da səhiyyə sahəsində çalışır. “Şəfa” Özəl Tibb Mərkəzinin stomatoloqudur. İnanıram ki, mən də  gələcəyin tanınmış səhiyyə işçilərindən biri olacağam.
    Təhsil, elm yoluna qədəm qoyan, tələbə adını qazanan bütün abituriyentlərə ixtisaslarını mükəmməl şəkildə gələcəkdə öyrənib onları həm ölkəmizə, həm də cəmiyyətimizə faydalı şəkildə, səmərəli formada tətbiq etmələri arzusu ilə...

 Nail ƏSGƏROV

Nəşr edilib : 31.08.2023 20:15