AZ EN RU

Sağlam gələcəyə gedən yol həm də qida təhlükəsizliyindən keçir

7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

    Birləşmiş Millətlər Təşkilatının 20 dekabr 2018-ci il tarixli Qərarı ilə 7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi təsis edilib. 
    Ölkəmizdə qida təhlükəsizliyi məsələsi milli prioritetlər səviyyəsində daim diqqətdə saxlanılmaqdadır. Belə ki, qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının gücləndirilməsi, əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatı, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması əsas vəzifələrdən biri kimi müəyyən edilmişdir. Ümummilli lider Heydər Əliyev ölkəmizdə yeyinti məhsullarının keyfiyyətinin idarə edilməsi, istehsalının və bazarının təşkili, əhalinin qida və ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində ardıcıl tədbirlər görmüş, bu sahədə qanunvericilik bazası yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması bu sahədə aidiyyəti orqanlar qarşısında konkret vəzifələr müəyyənləşdirir. Ölkənin qida təhlükəsizliyinin təmin edilməsi, ilk növbədə, əhalinin fəal sağlam həyat təminatı  üçün olduqca vacib amildir. 

    Naxçıvan Muxtar Respublikasında da qida təhlükəsizliyinin təmin edilməsi dayanıqlı inkişaf amili kimi daim diqqətdə saxlanılır. Təcrübə göstərir ki, qida təhlükəsizliyini təmin edən etibarlı sistem yaradıldıqda bu, ümumi iqtisadi artıma, kənd təsərrüfatı və sənayenin inkişafına, ixrac potensialının artırılmasına və turizmin genişlənməsinə mühüm təsir edən faktora çevrilir. Ötən dövrdə muxtar respublikada qida təhlükəsizliyi məsələlərinin həllində unikal təcrübə əldə edilib. Fermer və torpaq mülkiyyətçilərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə onlara güzəştli kreditlərin təqdim olunması, ən yeni kənd təsərrüfatı texnikalarının lizinq yolu ilə torpaq mülkiyyətçilərinə verilməsi, mütərəqqi suvarma sistemlərinin qurulması, əkinçilik və heyvandarlıqda ənənəvi üsullardan yeni mütərəqqi texnologiyalara keçidin təmini, aqrar sahədə elmi yeniliklərin tətbiqi, baytarlıq fəaliyyətinin dünya standartlarına uyğunlaşdırılması və bu sahədə yerli kadr təminatının formalaşdırılması, süni mayalandırma və toxumçuluq üzrə ixtisaslaşdırılmış müəssisələrin yaradılması, soyuducu anbar və istixana şəbəkəsinin genişləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının maraqlarının müdafiəsi üçün daxili bazarın qorunması tədbirləri, nəticədə, Naxçıvan Muxtar Respublikasında uzunmüddətli dövr üçün qida təhlükəsizliyinin təmin olunmasını reallığa çevirib. 

    Muxtar respublikada rəqabətədavamlı və ixracyönümlü yeni məhsul növlərinin istehsalını həyata keçirən müəssisələrin fəaliyyətə başlaması və əldə edilən uğurlar istehsalın şaxələndirilməsinə, enerji, qida və ərzaq təhlükəsizliyinin, eyni zamanda səmərəli məşğulluğun təmin olunmasına, ümumilikdə, iqtisadiyyatın dinamik inkişafına yeni imkanlar və yollar açmaqdadır. Təbii ki, muxtar respublikada əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması qida təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi baxımından da əhəmiyyətlidir. Çünki idxal məhsulları ilə müqayisədə yerli istehsal sahələrində ekoloji cəhətdən təmiz və keyfiyyətli məhsul istehsalına nail olmaq və bu sahədə səmərəli nəzarət mexanizmi formalaşdırmaq daha asandır. Hazırda daxili bazarın qorunması ilə əhalinin qida məhsullarına olan təminatı böyük ölçüdə yerli məhsullar hesabına ödənilir, həmçinin yerli məhsulların ixrac potensialı və brendləşməsi üçün imkanlar yaranır. Özəl sektora göstərilən dövlət qayğısı muxtar respublikada çoxsaylı sahibkarlıq subyektlərinin fəaliyyətini və inkişafını şərtləndirir. 
    Muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr və 2019-cu il 18 yanvar tarixli sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər planlarının icrası bu baxımdan mühüm əhəmiyyətə malikdir. Məhz bu istiqamətdə kənd təsərrüfatının inkişafında ailə təsərrüfatlarının da mühüm rolu var. Dövlət tərəfindən bu fəaliyyət sahəsinin stimullaşdırılması ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının sayının artmasına və inkişafına münbit şərait yaradıb. Həmçinin ailə təsərrüfatları tərəfindən hazırlanan ekoloji cəhətdən təmiz qida məhsulları və münasib qiymətlər yerli əhali ilə yanaşı, turist məmnunluğunu səciyyələndirən amillərdəndir. Bununla yanaşı, ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət də diqqətdən kənarda qalmayıb. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarətin aparılması üçün ötən il ərzində məhsulların 271 halda laborator müayinələri aparılmış, sınaqların nəticələrinin texniki-normativ-hüquqi aktların, standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
    Muxtar respublikada aqrar sahənin inkişafı ilə bağlı görülən işlər, qəbul olunmuş Dövlət proqramları kənd təsərrüfatında məhsul istehsalının davamlı artmasını şərtləndirməkdədir. 2012-2015 və 2016-2020-ci illəri əhatə edən meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramlarının icrası da bu baxımdan mühüm əhəmiyyətə malik olmuş, muxtar respublikada meyvə və tərəvəz əkini sahələri genişləndirilmiş, əhalinin ilboyu meyvə-tərəvəz məhsullarına olan tələbatının ödənilməsi üçün yeni soyuducu anbarlar və istixana təsərrüfatları yaradılmışdır. Bu sahədə qazanılmış uğurların davamlılığının təmin olunması məqsədilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın qəbulu əsasında konkret icra mexanizmləri müəyyən olunmuşdur.
    Naxçıvan balı hər yerdə öz alıcısını tapan ekoloji təmiz məhsullardandır. Bu sahənin davamlı inkişafı məqsədilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” qəbul olunmuş və konkret istiqamətlər üzrə icrası davam etdirilir. Son illərdə arıçılıqla məşğul olanlara hər arı ailəsinə görə subsidiyaların verilməsi bu sahəyə marağı artırmış, arı ailələrinin sayı 100 mini ötmüşdür.
    Bu gün muxtar respublikada 384 növdə ərzaq məhsulu istehsal olunur və 108 növdə ərzaq məhsuluna olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Görülən tədbirlər sayəsində qida məhsullarının istehsalı üzrə dinamik inkişaf qorunub saxlanılır. Belə ki, 2022-ci ilin yanvar-aprel aylarında 46 milyon 559 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çoxdur. Muxtar respublikada 2022-ci ilin yanvar-aprel aylarında 776 milyon 670 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 1,7 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 1676,8 manat olmuşdur.
    Aparılan çoxşaxəli aqrar islahatlar, görülən kompleks tədbirlər sırasında yeni texnologiyaların tətbiqi başlıca amil kimi götürülür. Bu gün torpaq mülkiyyətçiləri və fermerlərin müasir kənd təsərrüfatı texnika və texnoloji avadanlıqları ilə təmin olunması da məhsul istehsalında rentabelliyi artıran əsas tədbirlərdəndir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2006-cı ildən etibarən 3594 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmiş və 2935-i sahibkarlara lizinqə verilmişdir. Ötən ilin statistikasına nəzər saldıqda görmək olar ki, muxtar respublikada 64 min 259 hektar sahədə əkin aparılmış, o cümlədən 35 min 847 hektar sahədə taxıl, 3470 hektar sahədə kartof əkilmişdir. Eləcə də 2021-ci ildə 126 min 405 ton dənli və dənli-paxlalılar, 20 min 597 ton dən üçün qarğıdalı, 87 min 728 ton tərəvəz, 35 min 142 ton ərzaq üçün bostan məhsulları, 53 min 114 ton meyvə, 17 min 98 ton üzüm tədarük edilmişdir. 
    Muxtar respublikada əhalinin payız-qış mövsümündə keyfiyyətli ərzaq məhsullarına olan tələbatının ödənilməsində yaradılmış soyuducu anbar və istixana kompleksləri də öz əhəmiyyətini göstərir. Bu gün muxtar respublikada dövlət maliyyə dəstəyi ilə yaradılan ümumi tutumu 21 min 400 tondan çox olan 50 soyuducu anbar və həmçinin yaradılmış 38 istixana təsərrüfatı bu sahədə də tələbatı ödəməyə geniş imkan yaradır.
    “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublikada baytarlıq sahəsində mütərəqqi işlər aparılmasına, bilavasitə kənd təsərrüfatının heyvandarlıq kimi əhəmiyyətli sahəsində irəliləyişlərə və nəticə etibarilə, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə tam təmin olunmasına şərait yaratmaqdadır. Dövlət proqramının icrası üzrə muxtar respublikada heyvandarlıq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi baxımından qeydiyyata alınması, dövlət reyestrinin aparılması, həmçinin heyvan mənşəli qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanılması, daşınması, dövriyyəsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində məhsulların təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Muxtar respublikada 2022-ci ilin yanvar-aprel ayları ərzində diri çəkidə ət istehsalı 8837 ton, süd istehsalı 26 min 950 ton olmuşdur. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,2 faiz, süd istehsalı isə 1,4 faiz artmışdır. 
    Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara təklif olunan qida məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin olunmasını prioritet fəaliyyət istiqaməti kimi diqqətdə saxlayır. Cari ilin I rübü ərzində keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işi diqqətdə saxlanılmış, qida məhsullarının 152 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış və nəticələrin texniki-normativ-hüquqi aktların, standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
    Muxtar respublikada reallaşdırılan iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi qida təhlükəsizliyinin səmərəli təmin olunması işi bundan sonra da diqqətdə saxlanılacaq və ardıcıl tədbirlər həyata keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət 
Xidmətinin mətbuat xidməti 

 

Nəşr edilib : 06.06.2022 23:50