AZ EN RU

Şagirdlərin qış tətili səmərəli təşkil olunacaq

   Məlum olduğu kimi ümumi təhsil müəssisələrində 27-31 yanvar tarixlərində 5 günlük qış tətili müəyyən edilib.
    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən nazirliyə birbaşa tabe 35  məktəbdənkənar təhsil müəssisəsinin hər birində  qış tətili dövründə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə tədbirlər planları hazırlanıb. Şagirdlər məktəbdənkənar təhsil müəssisələrində yaradılan innovativ dərnəklərdə bilik və bacarıqlarını artırmaqla yanaşı, öz vaxtlarını səmərəli keçirəcəklər. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Bacarıqlı əllər”, “Bijuteriya” dərnəklərinin üzvləri tərəfindən hazırlanan əl işlərinin sərgisi və “Ebru sənəti” dərnəyinin üzvü Baxşəli Aylinin “Könlümün bağçası” adlı fərdi sərgisi təşkil olunacaq. Həmçinin dərnək üzvlərinin Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasına ekskursiyası təşkil olunacaq. Dövlət Film Fonduna ekskursiya zamanı məktəblilər həm də burada uşaq filmlərinə tamaşa etmək şansı əldə edəcəklər. Həmçinin mərkəzin dərnək üzvləri arasında müxtəlif bilik yarışlarının, əyləncəli oyunların keçirilməsi də  nəzərdə tutulub. 
    Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq və Texniki Yaradıcılıq mərkəzləri tərəfindən də bir sıra əyləncəli tədbirlərlə yanaşı, məktəblilərin Naxçıvan Dövlət Tarix, Döyüş Şöhrəti, Milli Dəyərlər muzeylərinə, Hüseyn Cavidin ev-muzeyinə və məqbərəsinə ekskursiyaları təşkil olunacaq.
    Rayonlarda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri tərəfindən də şagirdlərin tarix-diyarşünaslıq muzeylərinə və digər tarixi abidələrə ekskursiyalarının təşkil olunması, müxtəlif idman yarışlarının və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
    Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Televiziya və Radio Verilişləri Redaksiyası da qış tətili günlərində şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə televiziya və radio proqramlarında uşaq verilişlərinə, filmlərinə və digər bu kimi proqramlara geniş yer verəcək. 

  Naxçıvan Muxtar Respublikası Təhsil  
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.01.2023 20:51