AZ EN RU

Şagirdlərimiz buraxılış imtahanında uğurlu nəticələr əldə ediblər

      Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı üçün dövlətimiz tərəfindən  ardıcıl tədbirlər  görülür. Bunun nəticəsidir ki, müstəqillik illərində muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox təhsil müəssisəsi üçün yeni tədris korpusları tikilib istifadəyə verilib. Məktəblərdə müasir sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, elektron lövhəli siniflər, STEAM kabinələri, kitabxanalar, idman zalları yaradılaraq şagirdlərin ixtiyarına verilib. Təhsil müəssisələri inşa olunarkən  müasir tədris vəsaitləri və informasiya texnologiyaları ilə təminatına da xüsusi diqqət yetirilib.

         Bu gün muxtar respublikanın ümumtəhsil müəssisələrində sürətli internetə çıxışı olan 5800-dən artıq kompüter və 700-ə yaxın elektron lövhə quraşdırılıb,  kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin olunub.

      2018-ci ildən başlayaraq müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə aparılması, 2020-ci ildən isə    müəllimlərin  sertifikasiyaya  cəlb olunması onların bilik və bacarıqlarının inkişafı üçün bir stimul olub. Öz fəaliyyəti ilə seçilən 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar müəllim fəxri adına layiq görülüb, tərəqqi medalı ilə təltif olunub. Ümumtəhsil müəssisələrində yaradılan müasir tədris şəraiti, mütərəqqi təhsil metodlarının tətbiqi, müəllim əməyinə verilən yüksək qiymət sayəsində tədrisin səviyyəsi də yüksəlib.

      Ümumtəhsil məktəblərində tətbiq edilən müasir təlim metodları, o cümlədən  STEAM təhsil metodu şagirdlərin gələcəyin xususi qabliyyət və istedada malik, yaradıcı və yenilikçi və təşəbbüskar, şəxsiyyət kimi formalaşmasına şərait yaradıb. Artıq şagirdlər dövlətimizin onlar üçün yaratdığı   müasir tədris şəraitindən istifadə edərək öz bilik və bacarıqlarını artırmaqla  buraxılış və qəbul imtahanlarında da  ildən- ilə uğurlu nəticələr əldə edirlər.

 2022-ci ilin martın 12-də  Naxçıvan Muxtar Respublikasında 11 illik təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında da muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri uğurlu nəticələr əldə ediblər.

 Qeyd edək ki, 2020-ci tədris ilində keçirilən buraxılış imtahanlarında  284  şagird 200-300,  2021-ci tədris ilində 335   şagird  200-300 arası  bal toplmışdısa,  2022-ci ildə 404 şagird 200-300 arası bal toplayıb. Təkcə 250-300 arası bal toplayan məzunların sayı ötən illə müqayisədə 50 faiz artaraq 91-ə çatıb.

Buraxılış imtahanlarında ən yüksək nəticəni isə Şərur şəhər 2 nömrəli tam orta məktəbinin şagirdi Vəliyeva Nərmin Məhərrəm qızı göstərib. Nərmin Vəliyeva ana dili fənnindən 100, Riyaziyyat fənnindən  97, Xarici dil fənnindən isə 95 olmaqla ümumilikdə 292 bal toplayaraq muxtar respublika birincisi olub.

Ordubad rayonunun Nüsnüs kənd tam orta məktəbinin şagirdi Yusifli Ceyran Zülfüqar  qızı isə Ana dili və Riyaziyyat fənlərinin hər birindən ayrı-ayrılıqda 100, Xarici dil fənnindən isə 87 bal toplamaqla ümumilikdə 287 bal toplayaraq muxtar respublika ikincisi olub.

Qarşıda  isə şagirdləri ali təhsil müəssisələrinə  qəbul  imtahanları gözləyir. Ümidvarıq ki,  buraxılış imtahanlarında olduğu kimi, qəbul imtahanlarında da şagirdlərimiz uğurlu nəticə qazanacaqlar.

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.04.2022 20:07