AZ EN RU

Şagirdlər yay tətilini necə keçirməlidirlər

Bildiyimiz kimi, artıq 2023-2024-cü tədris ilinin sonuna yaxınlaşırıq. Bütün məktəblərdə dərs prosesi plan üzrə aparılaraq yekunlaşmaq üzrədir. Summativlərin keçirilməsi, bitən fənlərin dərs vəsaitinin yığılması, jurnalların yoxlanılması və sair kimi işlər görülür. Valideynlərin bir çoxu isə dərs ilinin hələ yekunlaşmamasına baxmayaraq, müxtəlif fənn müəllimlərinə müraciət edərək tətil müddətində şagirdlərin hansı dərs vəsaitindən istifadə edəcəklərini soruşurlar? Bəs şagirdlərin istirahət etməsi üçün verilən tətil müddətində dərslə yüklənməsi nə dərəcədə düzgündür? Valideynlər övladlarının yay tətilini necə onları yormadan səmərəli keçirə bilər? Bu və digər suallarımıza daha ətraflı cavab almaq üçün Heydər Əliyev adına tam orta məktəbin ibtidai sinif müəllimi Naibə Əliyevaya müraciət etdik. Naibə müəllim deyir ki, belə hallarla tez-tez rastlaşırıq. Valideynlərin əksəriyyəti tətil müddətində uşaqların istirahət etməsinə imkan vermədən dərslərlə yükləyirlər. Əlbəttə yay tətili müddətində şagirdlər keçdikləri mövzuları nəzərdən keçirməli, növbəti tədris ili başlamazdan əvvəl öyrəndiklərini təkrarlamalıdırlar. Lakin unutmamalıyıq ki, bu tətil onların istirahət hüququdur və heç kimin bu hüququ pozmağa haqqı yoxdur. Şagirdlərin növbəti tədris ilinə yüksək enerji ilə başlaması yay tətilinin onlar üçün necə keçməsindən asılıdır.

Müsahibimiz qeyd etdi ki, keçirilənlərin möhkəmlənməsi baxımından bəzi tapşırıqlar təkrarlanmalıdır. Lakin bu dərs ilinin başlanmasına yaxın müddətdə ola bilər. Onu da qeyd edim ki, bəzi valideynlər şagirdlərə bitirdiyi sinfin testlərini yox, növbəti tədris ilində keçəcəyi sinfin testlərini işlətməyə çalışırlar. Bu qəti şəkildə düzgün deyil. Hər bir şagird bitirdiyi sinif üzrə tətil tapşırqlarını yerinə yetirməlidir. Ancaq bu zaman onların öyrəndikləri riyazi və məntiqi bacarıqlar möhkəmlənər, yaddaşı, diqqəti, təxəyyülü yenilənər, analiz, sintez etmə və nəticə çıxarma bacarıqları inkişaf edər, yaradıcı təfəkkürləri formalaşar. Həmçinin bu mərhələ planlı şəkildə və şagirdləri yormamaq, təhsilə marağı azaltmamaq şərti ilə aparılmalıdır. Xüsusi ilə söhbət ibtidai siniflərdən gedirsə istər dərs prosesi, istər tətil müddətində şagirdlərə biliklər elə mənimsədilməlidir ki, onlar öyrənməli, həm də əylənməlidirlər. Bu zaman onların öyrəndikləri daha səmərəli və faydalı olar.

Naibə müəllimin sözlərinə görə yeni təlim metodları şagirdlərin istər məntiqi təfəkkürünün formalaşmasında, istər yaradıcılıq qabiliyyətlərinin artmasında, istərsə də təxəyyül prosesinin zənginləşməsində mühüm rol oynayır. Görkəmli pedaqoqlarımız əyaniliyi təlimin qızıl metodu adlandırmış və belə bir fikir irəli sürmüşlər.

Şagird deyir:

 – Oxuduğumu anladım, gördüm, yadımda saxladım, özüm etdim öyrəndim. Doğrudan da, əgər şagird hər hansı məlumatı əyani şəkildə görür və öz təsəvvüründə canlandıraraq tətbiq edirsə, bu qaydalara yazılan yazılar kimi silinməz olur.

Buna görə də valideynlər tətilin ilk həftələrində dərsliklərdəki bəzi təsvirləri onlara əyani şəkildə göstərsinlər. Belə ki, tarixi abidələrimizdən Qız qalası, Şirvanşahlar sarayı, Möminə xatın türbəsi və başqa onlarca dərsliklərdə nümunə kimi göstərilən yerlərə səyahət oluna bilər. Belə ki, onlar tarixi şəxsiyyətlərimizi görmək üçün Fəxri xiyabanı, şəhidlərimizi tanımaq və tanıtmaq üçün Şəhidlər xiyabanını ziyarət edə bilərlər. Bu, məktəbli şagirdləri maarifləndirmək baxımından çox əhəmiyyətlidir. Doğrusu, hər bir məktəb müntəzəm olaraq ekskursiyalar təşkil edir. Lakin Azərbaycanımızın digər bölgələrini şagirdlərə tanıtmaq artıq valideynlərin üzərinə düşür.

Müsahibimiz bildirdi ki, şagirdlərimizin bu cür milli-mənəvi dəyərlərimizi əks etdirən yerləri görmələri onların vətənpərvər ruhda böyümələri üçün mühüm rol oynayacaqdır.

Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi: “Vətənpərvər gənclər yetişdirmək təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlk dəfə ailədən başlanan bu tərbiyəvi iş təhsil müəssiələrində davam etdirilməlidir”.

Ümid edirik ki, hər bir valideyn qarşıdan gələn yay tətilinin övladı üçün maraqlı və səmərəli keçməsinə çalışacaq. Onları yükləmədən tətillərini səmərəli başa vurmalarına şərait yaratsalar öyrəndikləri daha səmərəli və faydalı olar.

Bülbül QULİYEVA

Nəşr edilib : 12.06.2024 11:23