AZ EN RU

Şagirdlər dərslik, müəllimlər isə metodik vəsaitlərlə təmin olunublar

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2023-2024-cü tədris ili üçün hazırlıqla bağlı  həyata keçirilən tədbirlərdən biri də şagirdlərin dərsliklərlə vaxtında təminatıdır. Bunun üçün nazirlik tərəfindən ümumtəhsil məktəblərindəki dərsliklərin təhlili aparılmış, yeni dərsliklərə tələbat müəyyənləşdirilmiş, cari ilin aprel ayında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə 193 min 447 dərslik sifariş verilmişdi. Avqust ayının əvvəllərindən başlayaraq sifariş verilən dərsliklərin  və müəllimlər üçün metodiki vəsaitlərin muxtar respublikaya gətirilərək məktəblərə təhvil verilməsi təmin olunmuşdur. 
    Sentyabrın 13-dən isə muxtar respublikanın bütün ümumtəhsil məktəblərində şagirdlərə dərsliklərin, müəllimlərə isə metodiki vəsaitlərin paylanılmasına başlanılıb. Bu addım tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcəkdir. Müəllimlərə veriləcək metodiki vəsaitlər isə onların tədris prosesini planlaşdırmalarına və metodiki hazırlıq səviyyələrini artırmalarına yaxından köməklik edəcəkdir. Bu tədris ilində ümumtəhsil məktəblərinin  IV, VIII, XI siniflərində istifadə olunacaq  bütün  dərsliklər və VI sinif “Təbiət” dərsliyi yeni nəşrlərdir. 
    Vaxtında və pulsuz paylanılan dərs vəsaitləri bu sahəyə olan dövlət qayğısının nəticəsidir. Məlumat üçün bildirək ki, bu gün muxtar respublikanın ümumtəhsil məktəblərinin kitabxanaları 3 milyona qədər dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat və ayrı-ayrı fənlərin tədrisi üçün elektron tədris vəsaiti ilə təmin edilmişdir. 

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.09.2023 15:51