AZ EN RU

Şagirdlər arasında tuberkulin test sınaqları aparılır

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq şəhər və rayonlarda fəaliyyət göstərən məktəblərdə ilkin vərəm intoksikasiyasının erkən aşkar edilib vaxtında müayinə və müalicəyə cəlb edilməsi üçün aprel ayının 1-dən I-VI sinif şagirdləri arasında kütləvi tuberkulin test sınaqları aparılır. Hazırda bu tədbirlər muxtar respublikamızın rayonlarında uğurla həyata keçirilir. 
    Şərur Rayon Uşaq Xəstəxanasında ərazi prinsipi üzrə bir həkim, iki tibb işçisindən ibarət xüsusi briqada yaradılıb, tuberkulin testinə cəlb ediləcək şagirdlərin siyahıları tərtib olunub. Zeyvə, Cəlilkənd, Axura, Dizə, Tumaslı, Vərməziyar və Kərimbəyli kənd tam orta məktəblərində 1400 doza tuberkulin test sınağı aparılması nəzərdə tutulub. Tədbirə  Şərur rayonunun Zeyvə və Cəlilkənd tam orta məktəblərindən start verilib. Şagirdlərin ümumi sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra  Zeyvə kənd məktəbində 151, Cəlilkənddə isə 95 şagird profilaktik xarakter daşıyan tuberkulin sınağından keçirilib.
    Babək Rayon Mərkəzi Xəstəxanasında ərazi prinsipi üzrə yaradılmış bir həkim, iki tibb işçisindən ibarət xüsusi briqadalar tərəfindən Kültəpə, Didivar, Kərimbəyli, Qaraqala, Güznüt, Çeşməbasar, Qoşadizə kənd və Babək şəhər tam orta məktəblərində 1212 şagird tuberkulin sınağından keçirilib. Profilaktik xarakter daşıyan sınaqlar zamanı heç bir narahatlıq  müşahidə olunmayıb. 
    May ayınadək davam edəcək tuberkulin sınağı zamanı şübhəli və müsbət reaksiyalı şagirdlərin dərin ftiziatr müayinəsinə cəlb olunması işi də təşkil ediləcək.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 05.04.2022 19:10