AZ EN RU

Sağdır dilim, demək, sağdır milyard yaşlı məmləkətim

Hər bir xalqın formalaşmasında dil əvəzsiz rol oynayır. Əsrlər boyu başı bəlalar çəkən Azərbaycan xalqı tarixin sərt sınaqlarından həmişə alnıaçıq, üzüağ çıxıb, böyük çətinliklərlə qarşılaşsa da, varlığının simvolu olan Azərbaycan dilini qoruyub saxlaya bilib. Dil xalqı başqalarından fərqləndirən mühüm amillərdən, dövlətçilik atributlarından biri və ən başlıcasıdır. Dil həm də mədəniyyətdir. Millətin birliyində, xalqın tarixin “dağıdıcı sınaqlarından” keçməsində, müstəqilliyinin qorunub-saxlanmasında və gələcək nəsillərə ötürülməsində, şübhəsiz ki, milli dilin rolu əvəzedilməzdir.

Çox qədim tarixə və zəngin lüğət tərkibinə malik olan Azərbaycan dili XIII əsrin əvvəllərində o dövrün hakim dilləri olan ərəb və fars dilləri ilə mübarizədə qalib çıxaraq saraya, elm və ədəbiyyat aləminə yol açıb, dövrün ədəbi dili olaraq işlənib. İzzəddin Həsənoğlunun, Qazi Bürhanəddinin, İmadəddin Nəsiminin anadilli poeziyamızın inkişafında göstərdikləri xidmətləri sonrakı dövrdə Şah İsmayıl Xətai dövlət səviyyəsində həyata keçirib, XVI əsrdə ilk dəfə doğma dilimizi dövlət dili səviyyəsinə yüksəldib. Məhz Şah İsmayıl Xətainin zamanında ərəb və fars dillərinin işlənmə dairəsi məhdudlaşıb, ana dilimiz inkişaf edib. Şah İsmayıl Xətai Vətənin, millətin gələcəyi üçün narahat halda xalqına üz tutaraq deyirdi: “Ey türk oğulları! Ərənlərdən bizə üç şey qalıb: dilimiz, qeyrətimiz və torpağımız! Bir ovuc torpağımızı dünyanın var dövlətinə, dilimizin bir kəlmə sözünü bir ölçü ləl-cəvahirata dəyişməyin. Onları qoruyun və gələcək nəsillərə ərməğan edin!”.

Uzun əsrlər əcnəbi dillərlə çarpışan dilimizin vəziyyəti XX əsrin əvvəllərində də ziyalılarımızı narahat edirdi. Bu dövrdə “Ədəbi dilimiz necə olmalıdır?” sualı qarşısında Azərbaycan maarifçiləri müəyyən ziddiyyətlərə düşmüş, bir-birindən fərqli fikirlər ortaya atılmış, düşüncələr haçalanmışdır. Bəziləri, xüsusən Türkiyədə təhsil alanlar Osmanlı türkcəsini ədəbi dil kimi qəbul etməyi təklif edir, bəziləri isə xalq danışıq dilini ədəbi dil səviyyəsinə yüksəltməyə çalışırdılar. Bu qütbləşmə meyillərinin ən böyük ziyanı isə dilimizə dəyirdi. Belə ziddyyətli fikirlər, dünyagörüşlər arasında öz orijinal düşüncələri, milli ideologiyası ilə mütərəqqi fikirli maarifçi, publisist, naşir, ictimai xadim kimi parlayan Ömər Faiq Nemanzadə yazırdı: “Bir millətin yaşaması dili ilədir. Dil yoxluğu millət yoxluğudur. Mən inanmam ki, dilini sevməyən millətini sevsin, çünki dil millətin tək nişanıdır... Milli dildə danışmaq istəməyə­nin millətpərəstlikdən dəm vurması yalançılığın təzə modasından özgə bir şey ola bilməz. Dilini sevməyənin ürə­yində millətsevərlik duyğusu axtarmaq istiotdan bal dadı gözləməyə bərabərdir. Doğma dili, doğma ədəbiyyatı olmayan millət öz varlı­ğından danışmağa utanmalıdır”.

Dilimizi qorumaq, onun inkişafına, zənginləşməsinə nail olmaq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulan ilk gündən milli hökumətin də diqqət mərkəzində olub. Ona görə də yarandığı gündən təxminən bir ay sonra hökumət tərəfindən ana dilimizin dövlət dili kimi işlədilməsinə aid rəsmi sənəd qəbul olunub və dilimiz “Türk dili” adı ilə dövlət dili elan edilib. Xalq Cümhuriyyəti devrildikdən sonra, təxminən 30-cu illərə qədər dilimiz “Türk dili” adlandırılsa da, 1936-cı ildən dövlət dili Azərbaycan dili adlandırılıb.

Sovet hakimiyyəti dövründə təkcə Azərbaycan türkcəsi deyil, bütün türk dilləri rus dilinin məhvedici təsirinə məruz qalırdı. Bu dövrdə dövlət idarələrində, rəsmi yazışmalarda çox az hallarda istifadə edilən Azərbaycan dili təhsil sistemində də ikinci planda dururdu. Məktəblərdə Azərbaycan dilinin tədrisinə ayrılan dərs saatları azaldılır, həmin saatlar rus dilinin tədrisinə verilirdi. Nəticədə isə yetişən Azərbaycan ziyalıları öz ana dilini yaxşı bilmirdi. Hələ o zamanlar N.Nərimanov yazırdı ki, millətin dilini bilməmiş, ona sahib olmamış dərdinə əlac etmək çə­tindir.

Dilimizin bu vəziyyəti vətənpərvər ziyalılarımızı bütün dövrlərdə çox narahat edib. Belə bir acınacaqlı vəziyyətə göz yuma bilməyən Xalq şairimiz Bəxtiyar Vahabzadə ürək ağrısı ilə deyirdi:

Söylə natiq,

İndi nəyə inanaq biz –

Qulağamı,

Ya gözəmi?

Əmələmi,

Ya sözəmi?

"Mən azadam, müstəqiləm" sözlərini

Öz dilində deməyə də

İxtiyarın yoxsa əgər,

De, kim sənə azad deyər?..

Söylə, necə azadsan ki,

Komalarda dustaq olub ana dilin?

Böyük-böyük məclislərdən

İtirilib ilim-ilim?

İclaslarda bir kəlməsi, sözü yoxdur.

Bəlkə, onun böyük, rəsmi məclislərə

Çıxmaq üçün üzü yoxdur?!

Dilimizin hərtərəfli inkişafı, onun yenidən rəsmi dövlət dili statusu alması Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ilin iyul ayının 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev başqa sahələrlə yanaşı xalqın mənəviyyatının, dilinin, ədəbiyyatının da qayğısına qalıb. Görkəmli dövlət xadimi Azərbaycanın rəhbəri kimi fəaliyyətə başladığı ilk illərdən Azərbaycan dilinin siyasi nüfuzunun yüksəlməsinə çalışıb, doğma dilimizə işləklik qazandırmaq, onun dövlət dili kimi yüksək statusa sahib olmasını təmin etmək üçün məqsədyönlü addımlar atıb. Dahi rəhbərin təşəbbüsü və böyük səyləri ilə 1978-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında dilimiz dövlət dili kimi rəsmiləşdirilib. Bu, dilimizin dövlət dili statusu alması uğrunda apardığımız mübarizələrdə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı ən möhtəşəm, böyük qələbələrin birincisi və ən vacibi idi. Çünki istənilən cəmiyyətdə dil siyasəti o vaxt uğurlu sayıla bilər ki, o cəmiyyətin bütün üzvlərini əhatə etsin, kütlə bu dilə köklənsin. Bu tarixə qədər dilimizin statusunun müəyyənləşməsinə bir neçə dəfə təşəbbüs göstərilsə də, onların hamısı uğursuzluqla nəticələnmişdi.

Dilin cəmiyyətdəki mövqeyi dövlətçiliklə birbaşa bağlıdır. Daha doğrusu, dövlətçilik dilin dayağıdır. Dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu bilavasitə bu amilə bağlı olduğu üçün dil dövlətçiliyin əsas aparıcı atributlarından biri sayılır. Ona görə də ana dilimizin dövlət dili statusu Konstitusiyada qanuniləşdirildikdən sonra dövlət idarəçiliyinin müxtəlif sferalarında, sosial-iqtisadi həyatda dilimizin fəaliyyət dairəsi Ulu Öndərimizin qayğısı sayəsində genişlənməyə başladı. Bu mənada, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalqı qarşısında ən böyük tarixi xidmətlərindən olub. O bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qoruyub, daha sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olub.

1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da Ümummilli Liderimizin ən çox diqqət yetirdiyi məsələlərdən biri ölkəmizdə dövlət dilinin inkişafı olub. Çünki bu dil eyni zamanda dünya azərbaycanlılarının birliyinin göstəricisi kimi mühüm əhəmiyyətə malik idi. Bu dövrdə bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafı üçün də geniş imkanlar açılıb, mübaliğəsiz demək olar ki, Azərbaycan dili min ilə bərabər bir inkişaf yolu keçib. 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsində belə yazılırdı: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. Bundan sonrakı dövrdə dil haqqında bir-birinin ardınca qəbul olunan sənədlər Azərbaycan dilinin inkişafına öz töhfəsini verib.

Azərbaycan dili təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə yaşayan azərbaycanlıların ana dili, ünsiyyət vasitəsi, ortaq milli-mənəvi dəyəridir. İndi dünyada 50 milyondan çox azərbaycanlı bu dildə danışır.

Milli dəyərlərin qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq borcudur. Hər bir Azərbaycan vətəndaşı öz ana dilini qorumalı, onun mənəvi-siyasi nüfuzunu təkcə ölkə daxilində deyil, bütün dünyada yüksəltməyə çalışmalıdır. Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi: “Millətin milliliyini saxlayan onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi də bizim nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”.

Dilimiz həm də nəsillər arasında bir körpüdür. Xalqın qədim tarixə malik yaradıcılıq nümunələri bu dil vasitəsilə nəsillərdən nəsillərə ötürülüb. Bu, o dildir ki, analarımız bizə beşik başında həyatın ən əziz simfoniyası olan laylanı məhz bu dildə oxuyublar. Bu, o dildir ki, Füzuli eşqi, Nəsimi dözümü, Cəlil yanğısı, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunub, zaman-zaman qanımıza, canımıza hopub. Azərbaycan dili bizim müqəddəs sərvətimizdir. Azərbaycan dili ömrümüzə məna verən, onu gözəlləşdirən əxlaq dərsliyimizdir. Azərbaycan dili adicə bir ifadə deyil, ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Azərbaycan dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır. “Heç bir dildən əskik deyil bəşərin dil ağacının şah budağı dilim mənim!” – deyən Xəlil Rza Ulutürk məşhur misralarından süzülüb gələn dil sevgisi ilə dilimizin bizim üçün dəyərini mükəmməl şəkildə belə ifadə edir:

Kim qorumur öz dilini,

itsin mənim gözlərimdən ilim-ilim,

O sahili bu sahilə birləşdirən

polad körpüm, qılıncımdır,

günəşimdir mənim dilim!

Azərbaycan dili yüzillər, minillər boyu xalqımızın varlığını yaşatmış əvəzsiz hadisədir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir.

Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Dünyada nə qədər ki Azərbaycan xalqı var, Azərbaycan milləti var və bu xalqın doğma ana dili, dövlət dili – Azərbaycan dili var!” Bəli, bu gün bizim bütün dünyada tanınan dövlət dilimiz – Azərbaycan dilimiz var!

“Mənə mükəmməl bir dil ver, sənin üçün böyük bir millət təşkil edim” – deyirlər. Dil yalnız istifadə etdiyimiz sözlər deyil, xalqın ruhu, həyat tərzi, mədəni irsidir. Dil milli ruhun mükəmməl ifadəçisidir. Dil xalqı birləşdirici güc və dövlətçiliyin əsas göstəricisidir. Ona görə də hər bir insanın ana dilinə olan sevgisi bütün sevgilərin fövqündə dayanmalıdır.

Nuray ƏLİYEVA

filologiya elmləri doktoru

Nəşr edilib : 21.02.2024 09:09