AZ EN RU

Sadiq Məmmədovdan parlaq qələbə

    Naxçıvan Şahmat Mərkəzində keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir. 
    Dünən 7-ci turun oyunları keçirilib. Bu turda naxçıvanlı şahmatçılar beynəlxalq usta Pərviz Qasımov (2379) beynəlxalq usta Toğrul Həsənzadə (2292) ilə qarşılaşıb və məğlub olub. Beynəlxalq usta Talıb Babayev (2256) FIDE ustası Vüqar Manafovla (2299) görüşdə eyni aqibətlə üzləşib. Qrossmeyster Urfan Sevdimalıyev (2359) FIDE ustası Şir­oğlan Talıbovun (2307) müqavimətini qıra bilməyib. FIDE ustası Sadiq Məmmədov (2220) isə qros­smeyster Fərid Abbasov (2527) üzərində parlaq qələbə qazanıb. 
    Bu turda lider qrossmeyster Vasif Durarbəylinin (2615) məğlubiyyəti ilə yadda qalıb. Belə ki, o, qrossmeyster Aydın Süleymanlı (2530) ilə görüşdə məğlub olub. Qrossmeyster Misrətdin İsgəndərov (2566) beynəlxalq usta Murad İbrahimli (2418), qrossmeyster Nicat Məmmədov (2604) FIDE ustası Uğur İlyaslı (2310), qrossmeyster Eltac Səfərli (2597) isə FIDE ustası Zaur Bayramov ilə (2357) görüşdə “ağ-qara” taxtanı qalib tərk ediblər.
    FIDE ustası Xəzər Babazadə (2427) beynəlxalq usta Məhəmməd Muradlıdan (2528), beynəlxalq usta Əhməd Əhmədzadə (2467) isə beynəlxalq usta İsmayıl Şahəliyevdən (2380) üstün olub. FIDE ustası Atilla Eynullayev (2324) FIDE ustası Elvin Bayramovla (2280) görüşdə aktivinə növbəti bir xalı yazdırıb. FIDE ustası Fərid Mustafayev (2322) FIDE ustası Elmar Atakişiyevlə (2240) xalları yarı bölüb.
    Hazırda turnir cədvəlinə 5,5 xalla Misrətdin İsgəndərov və Aydın Süleymanlı başçılıq edirlər.
    Qeyd edək ki, birinci mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İlkin mərhələdə 1-4-cü yerləri tutan şahmatçılar 2-ci mərhələdə play-off sistemi üzrə yarımfinal (I-IV, II-III) və finalda  ölkə çempionunu müəyyən edəcəklər.

Ceyhun MƏMMƏDOV
 

Nəşr edilib : 11.02.2022 19:29