AZ EN RU

Sabun ətirli misralar

Bu diyarın ədəbiyyatından, şeiriyyatından, sazından, sözündən söhbət açdıqca inanmıram ki, nə bu söhbətin başı, nə də ki, ayağı olsun. Azərbaycan torpağının vəsfi şairlər üçün unudulmaz olub, onlar hər misrasında, hər sözündə bu torpağı yazmaqdan əl çəkməyiblər. Məhz elə qədim dövrün ustad şairi olan Xaqani Şirvani də öz diyarının bir hissəsini unutmayaraq yazırdı:

Şamaxı, ey mənim sevimli yurdum,

Mən sənin qoynunda xaniman qurdum.

Elə sözü gedən Şamaxı torpağının da Azərbaycanın digər regionları kimi ədəbiyyata, poeziyaya nə dərəcə bağlı olduğu, neçə-neçə ustadları yetişdirdiyi heç şübhəsiz hər kəsə məlumdur.

Tarix 1862-ci il may ayının 30-nu göstərir. Şamaxı diyarında ruhani təhsilinə önəm verən, ticarətlə məşğul olan Zeynalabdin Tahirzadənin Ələkbər adlı bir oğlu dünyaya gəlir. O dövrdə kim bilə bilərdi ki, həmin balaca Ələkbər böyüyüb Mirzə Ələkbər Sabir olacaq. Şairin yaradıcılıq irsinin əksər hissəsi kəskin gülüş növü olan satiradan ibarət olsa da, həyatı olduqca qəmgin keçib. Ələkbərin atası ilk vaxtlar onu mollaxanaya qoyur. 10-11 yaşlarında ilk şeirlərini yazmağa başlayan balaca şair, elə ilk şeirini də mollaxanada oxuyarkən yazıb:

Tutdum orucu irəmazanda,

Qaldı iki gözüm qazanda,

Mollam da döyür yazı yazanda.

Dörd  il boyunca mollaxanada təhsil alan şairin həyatında Seyid Əzim Şirvaninin açdığı yeni üsul məktəbin böyük rolu olur. Orada oxuyarkən Şirvani Ələkbərin şeirlərinə istiqamət verərək ona bir neçə əsəri tərcümə etməyi tapşırır. Sabirin ilk məlum tərcüməsi Sədinin "Gülüstan" əsərindən "Didəm güli-tazə çənd dəstə" misrası ilə başlanan mənzum hekayənin bir parçasıdır. Ələkbərin tərcüməsi isə belə başlayır:

Gördüm neçə dəstə tazə güllər,

Bağlanmış idi giyah ilən tər.

Şair bir-iki il müddətində burada təhsil alsa da, atası onun tacir olmağını istəyirdi. Elə o səbəbdəndir ki, onu məktəbdən çıxardıb, dükkanda işləməyə gətirir. Bunlara baxmayaraq Ələkbərin ticarətə o qədər də marağı olmur. Hər gün bir gözü şairlərin şeirlərində, bir gözü də öz şeir dəftərində olardı. Hətta deyilənə görə bir gün Zeynalabdin kişi hirslənərək, onun bir neçə şeir dəftərini cırıb.

1885-ci ildə səyahət adıyla Orta Asiyaya, oradan da İrana gedən şair o dövrün tanınmış şairləriylə görüşür. Satiralarında çox vaxt əməkçi insanların haqlarını müdafiə edən şair, burada da onlara göstərilən haqsızlıqlara göz yummayaraq, öz şeirlərində dilə gətirmişdir. 1887-ci ildə səfərdən qayıdan şair qohumu Büllurnisəə adlı xanımla ailə həyatı qurur. Bu evlilikdən onların doqquz övladı dünyaya gəlir. Elə Sabirin həyatındakı çətin anların bir hissəsidə bu dövrdən başlayıb. Bu çətinliklərdən çıxmaq üçün şair sabun bişirərək satmağa başlayır, hətta bəzi məlumatlara görə o öz kitabxanasında olan kitabları müəyyən bir pul qarşılığında satır. Bundan sonra dahi satira ustasının həyatı mətbuatla bağlanır.

O, ilk vaxtlar Qori Müəllimlər Seminariyasında çalışmaq istəyinə rədd cavabı alsa da, Şamaxıda müəllim kimi fəaliyyətə başlayır. Bir müddət sonra şair çoxdandır ki, arzusuyla yaşadığı “Ümid” məktəbini yaradır. Sabir daha sonralar Şamaxıdan Bakıya gələrək “Zənbur”, “Günəş”, “Həqiqət”, “Molla Nəsrəddin”, “Tazə Həyat”, “Dəbistan”, “İrşad” kimi qəzet və jurnallarda çalışaraq imzasını bütün hər yerə tanıtmağı bacarır. O yaradıcılığı boyu “Ax!... Necə kef çəkməli əyyam idi”, “Ay can, ay can!”, “Ürəfa marşı”, “Əkinçi”, “Neylərdin ilahi”, “Tərpənmə amandır bala, qəflətdən ayılma!” və s. kimi satiraları ilə ədəbiyyatımıza silinməz bir iz qoyub,

1911-ci ildə bu dünyaya əbədi olaraq gözlərini yumdu dahi şairimiz. Sabir hər dəfə o sabun qazanını qarışdırdıqca, haqsızlıqla mübarizə hissi də həmin sabunla birlikdə qarışırdı.  Bəlkə də, elə buna görədir ki, həmin şeirlər illər keçdikcə öz təravətini itirmir. Məhz elə dahi şairin özünün də dediyi kimi:

Şairəm, çünki vəzifəm budur əşar yazım,

Gördüyüm nikü bədi eyləyim izhar, yazım,

Günü parlaq, günüzü ağ, gecəni tar yazım,

Pisi pis, əyrini əyri, düzü həmvar yazım,

Niyə bəs böylə bərəldirsən, a qarə, gözünü?

Yoxsa bu ayinədə əyri görürsən özünü?!

 

Rafiq TƏHMƏZ

Nəşr edilib : 30.05.2024 11:18