AZ EN RU

“Sabahın tədqiqatçıları-2023”: şagirdlər alimlərlə birlikdə 39 layihə üzrə tədqiqatlar aparacaqlar

    Noyabrın 23-ü Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları-2023” layihəsinə start verilib. Bununla bağlı şagirdlərlə görüş keçirilib.
    Tədbirdə təhsil naziri Rəhman Məmmədov vurğulayıb ki, “Sabahın tədqiqatçıları” layihəsinin əsas məqsədi ümumtəhsil müəssisələri şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. Layihə çərçivəsində AMEA Naxçıvan Bölməsinin alimləri xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdləri elmi himayəyə götürərək onlarla birgə tədqiqatlar aparırlar. Bu günədək 74 elmi rəhbərin və 132 şagirdin iştirakı ilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan 81 layihə üzrə tədqiqatlar aparılmışdır. Sevindirici haldır ki, “2020-2021-ci tədris ilində layihə iştirakçısı Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi İnci Nəsirovanın layihəsi “Müasir gənclərin elmi diskussiyası: aktual suallar, nailiyyətlər və yeniliklər” XI beynəlxalq elmi-praktik konfransında müzakirə edilmiş və 1-ci yerə layiq görülmüşdür. Layihə məqalə formatında elmi-praktik konfransın materiallarının toplandığı jurnalda dərc olunmuşdur. İnci Nəsirovanın adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitab”na yazılmış və Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür. Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Zümrüd Babazadə Bakı şəhərində keçirilən “Sabahın alimləri” X Respublika müsabiqəsində iştirak etmiş və təqdim etdiyi layihə 3-cü yerə layiq görülmüşdür. Bununla yanaşı, digər layihə üzvləri də 3 komanda şəklində bu müsabiqədə iştirak etmiş, müsabiqənin 10 illik yubileyi münasibətilə hazırlanmış medalla təltif olunmuşlar. “Sabahın tədqiqatçıları-2022” layihəsinin iştirakçıları, eyni zamanda “Sabahın alimləri” XI Respublika Müsabiqəsində iştirak etmiş və beynəlxalq təşkilatların diplom və sertifikatlarına layiq görülmüşlər. Bundan əlavə, beynəlxalq müsabiqələrdə 30 layihə I, 6 layihə II, 8 layihə isə III yerə layiq görülmüşdür. Qeyd edilib ki, “Sabahın tədqiqatçıları” layihəsinin uğurlu tətbiqi üçün bu il də Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərinin 60 şagirdi 5 istiqamət – Azərbaycan dili, tarix, fizika, kimya və biologiya üzrə tədqiqat aparacaqlar. 
    Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, “Sabahın tədqiqatçıları” layihəsi qısa müddətdə icra olunmasına baxmayaraq, bir sıra uğurlar qazanmışdır. Tədqiqat aparılan layihələrin 50-dən çoxu beynəlxalq və respublika səviyyəli konfrans, tədbirlərdə, mətbuat orqanlarında işıqlandırılmışdır. Bundan əlavə, 30-dan artıq alimin rəhbərlik etdiyi layihələr müxtəlif müsabiqələrdə medal, diplom, sertifikat və fəxri fərmanlara layiq görülmüşdür. 
    Tədbirdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucovanın, Naxçıvan Qızlar Liseynin X sinif şagirdi Surə Ələkbərovanın çıxışları dinlənilib.
    Sonra “Sabahın tədqiqatçıları” layihəsinin 2021-2022-ci tədris ilində əldə etdiyi uğurlara baxış keçirilib, layihə çərçivəsində görülən işlərə həsr olunmuş videorolikə baxış olub. 

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 23.11.2022 20:00