AZ EN RU

“Sabahın tədqiqatçıları-2023” layihəsinə yekun vurulub

    Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Sabahın tədqiqatçıları-2023” layihəsinin yekunu ilə bağlı tədbir keçirilib.

    Tədbirdə təhsil naziri Rəhman Məmmədov  bildirib ki, 2019-2020-ci tədris ilindən tətbiq edilən layihə çərçivəsində ötən dövr ərzində Naxçıvan şəhərində yerləşən  ümumtəhsil məktəblərindən xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər Azərbaycan Milli Elmlər Akademiyasının  Naxçıvan Bölməsinin alimləri tərəfindən elmi himayəyə götürülmüşdür. Şagirdlərlə birgə laboratoriyalarda tədqiqatlar aparılmış, məruzə, tezis, referat və hesabatlar hazırlanmışdır. Cari tədris ilində davam etdirilən layihədə 28 şagird 16 alimin rəhbərliyi altında tədqiqatlar aparmışdır. Ümumilikdə isə  bu günədək 90 elmi rəhbərin və 160 şagirdin iştirakı ilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan 102 layihə üzrə tədqiqatlar aparılmışdır. 
     Rəhman Məmmədov “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçılarını tədris ili ərzində qazandıqları uğurlara görə təbrik edib.
     Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası  Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, “Sabahın tədqiqatçıları” layihəsi elmi potensialı artırmaqla yanaşı, gənc nəsildə mütəxəssislərlə işləmə bacarıqları formalaşdırır, gələcək peşə seçimlərinə müsbət təsir göstərir. Bu baxımdan layihə gələcək tədqiqatçıların yetişməsində xüsusi əhəmiyyət kəsb edir, onların yaradıcı düşünməsinə, istedadlarını inkişaf etdirməyə əlverişli şərait yaradır. Öyrənilən bir sıra biliklərin həm fərdi, həm də qrup şəklində tətbiqinə imkan verir.
    “Sabahın tədqiqatçıları” layihəsinin icraçısı, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova 2022-2023-cü tədris ilində “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində görülən işlər və qazanılan uğurlar barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, bu tədris ilində 16 elmi rəhbərin və 28 şagirdin iştirakı ilə 21 layihə işlənib hazırlanıb. Beynəlxalq müsabiqələrdə 4 il ərzində 40 layihə I yerə, 8 layihə II yerə, 8 layihə III yerə layiq görülmüşdür.
    Tədbirdə layihə çərçivəsində görülən işlərdən bəhs edən videoçarx izlənilib, iştirakçılar apardıqları tədqiqat işləri barədə məlumat veriblər. 
     Sonda layihə iştirakçılarına və onların elmi rəhbərlərinə Təhsil Nazirliyinin və AMEA Naxçıvan Bölməsinin diplomları təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.06.2023 20:43