AZ EN RU

“Sabahın tədqiqatçıları-2022” layihəsinə yekun vurulub

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Sabahın tədqiqatçıları-2022” layihəsinin yekunu ilə bağlı tədbir keçirilib.
    Tədbirdə təhsil naziri Rəhman Məmmədov muxtar respublikada aparılan məqsədyönlü təhsil siyasətindən danışıb.
    Vurğulanıb ki, nazirlik tərəfindən şagirdlərin istedad və bacarıqlarının aşkar edilməsinə və inkişafına, eləcə də şagirdlərin elmi axtarışlara sövq edilməsinə yönəlmiş bir sıra layihələr tətbiq olunur. Onlardan biri də “Sabahın tədqiqatçıları” layihəsidir. 2019-2020-ci tədris ilindən tətbiq edilən layihə çərçivəsində ötən dövr ərzində Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərindən xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər AMEA Naxçıvan Bölməsinin alimləri tərəfindən elmi himayəyə götürülüb. Şagirdlərlə birgə laboratoriyalarda tədqiqatlar aparılıb, məruzə, tezis, referat və hesabatlar hazırlanıb. Ötən dövr ərzində tədqiqatların nəticələrindən ibarət sərgilər təşkil olunub, onlarla müsabiqə və yarışlar, elmi-təcrübi konfrans və seminarlar keçirilib. Cari tədris ilində davam etdirilən layihədə 37 şagird 24 alimin rəhbərliyi altında tədqiqatlar aparıb. Ümumilikdə isə bu günədək 74 elmi rəhbərin və 132 şagirdin iştirakı ilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan 81 layihə üzrə tədqiqatlar aparılıb.     
    Təhsil naziri “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçılarını tədris ili ərzində qazandıqları uğurlara görə təbrik edib.
    Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Sabahın tədqiqatçıları” layihəsi layihə çərçivəsində xeyli sayda irəliləyişlərin qeydə alınmasından, istər məktəblilərin, istərsə də bölmə əməkdaşlarının tədqiqatlara göstərdikləri həssas yanaşmadan danışıb. Savadlı, intellektual gənc nəslin formalaşdırılmasının prioritet məsələlərdən olduğunu qeyd edən akademik İsmayıl Hacıyev bildirib ki, muxtar respublikada elm və təhsilə göstərilən hərtərəfli qayğı tədris prosesinin yaxşılaşdırılmasına, yeni-yeni layihələrin icrasına, uğurların əldə olunmasına başlıca səbəbdir. “Sabahın tədqiqatçıları” layihəsi də elmi potensialı artırmaqla yanaşı, gənc nəsildə mütəxəssislərlə işləmə bacarıqları formalaşdırır, gələcək peşə seçimlərinə müsbət təsir göstərir. 
    “Sabahın tədqiqatçıları” layihəsinin icraçısı, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova 2021-2022-ci tədris ilində layihə çərçivəsində görülən işlər və qazanılan uğurlar barədə tədbir iştirakçılarına məlumat verib.
    Qeyd olunub ki, beynəlxalq səviyyəli müsabiqələrdə şagirdlər  36 I dərəcəli diplom və medala, 1 şagird III dərəcəli diplom və medala, 3 şagird müxtəlif konfranslarda sertifikatlara layiq görülüb. 
    Diqqətə çatdırılıb ki, “Sabahın alimləri” layihəsində 7 şagird 4 layihə ilə iştirak edib, 3 layihə beynəlxalq qurumların mükafatlarına layiq görülüb.
    Tədbirdə “Sabahın tədqiqatçıları” layihəsindən bəhs edən videoçarx izlənilib.
    Sonra layihə iştirakçıları həyata keçirdikləri tədqiqat işləri barədə məlumatlar verib, təcrübələr aparıblar. Layihələr böyük maraqla qarşılanıb.
    Tədbirin sonunda layihə iştirakçılarına və onların elmi rəhbərlərinə diplomlar təqdim olunub. 

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.06.2022 18:10