AZ EN RU

“Sabahın alimləri” XII respublika müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub

    Dünən Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə   “Sabahın alimləri” XII respublika müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib, onlara Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomları təqdim olunub.     
    Görüşdə təhsil naziri Rəhman Məmmədov ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə Naxçıvan Muxtar Respublikasında da təhsilin inkişafı istiqamətində qazanılan uğurlardan danışıb. 
    Qeyd olunub ki, layihə çərçivəsində AMEA Naxçıvan Bölməsinin alimləri xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdləri elmi himayəyə götürərək onlarla birgə tədqiqatlar aparırlar. Bu günədək 74 elmi rəhbərin və 132 şagirdin iştirakı ilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan 81 layihə üzrə tədqiqatlar aparılmışdır. 2023-cü ildə də “Sabahın tədqiqatçıları” layihəsinin uğurlu tətbiqi üçün Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 60 şagirdi 5 istiqamət – Azərbaycan dili, tarix, fizika, kimya və biologiya olmaqla, 39 layihə   üzrə tədqiqat aparırlar.
    Təhsil naziri bildirib ki, “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları 13-15 fevral tarixdə Bakı şəhərində keçirilən “Sabahın alimləri” XII respublika müsabiqəsində Naxçıvan Qızlar Liseyinin şagirdləri Surə Ələkbərova və Jalə Bayramova riyaziyyat nominasiyası üzrə beynəlxalq diplomlara  layiq görülüblər.
    Təhsil naziri uğurlu nəticələrinə  görə  “Sabahın alimləri” XII respublika müsabiqəsinin iştirakçılarını təbrik edib, müsabiqə iştirakçılarına diplomlar təqdim olunub. 
    Tədbirdə “Sabahın tədqiqatçıları” layihəsində  qalib olan şagirdlərdən  “Naxçıvantəpə yaşayış yeri və onun ətrafının arxeoloji tədqiqi” mövzusu ilə  Ufa şəhərində elmi-tədqiqat işləri ilə bağlı keçirilən XI Ümumrusiya müsabiqəsində iştirak etmiş və birinci dərəcəli diploma layiq görülmüş Naxçıvan Qızlar Liseyinin şagirdi Altunay Tahirliyə və Polşanın Varşava  şəhərində  keçirilən Beynəlxalq elmi konransda “Şahbuz rayonunun etnotoponimlərinin linqvistik xüsusiyyətləri və təhlili” məqaləsinə görə  beynəlxalq  sertifikata layiq görülən Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Nərmin Cəfərovaya nazirliyin diplomları təqdim olunub.
    Tədbirdə məktəblilər və onların layihə rəhbərləri yaradılan müasir tədris şəraiti və göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq ediblər.

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.02.2023 20:21