AZ EN RU

SABAH qrupları – sabahın peşəkar mütəxəssisləri

Naxçıvanın müasir inkişafında yeni mərhələnin əsasını qoyan  “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda həyatın bütün sahələri üzrə aid təşkilatlar qarşısında konkret vəzifə və hədəflər müəyyənləşdirilib. Ümumilikdə, 11 prioritet istiqamətin yer aldığı proqramda müasir təhsil, təlim metodlarına keçid, tədrisə mütərəqqi yanaşma, innovativ texnologiyaların tətbiqi də nəzərdə tutulub. Belə ki, “İnsan kapitalının inkişafı” adlanan 9-cu prioritetdə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasında ali təhsilin keyfiyyətinin artırılması məqsədilə Naxçıvan Dövlət Universiteti ilə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq gücləndiriləcək, birgə proqramlar təşkil olunacaq, həmçinin ali təhsil müəssisələrində yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və sair) tətbiqi üzrə layihələr həyata keçiriləcək. 
Sözügedən prioritetdə icrası vacib sayılan vəzifələrdən biri də SABAH qruplarının yaradılmasıdır ki, Tibb ixtisası üzrə ölkəmizdə ilk dəfə Naxçıvan Dövlət Universitetində həmin layihəyə start verildi. Ümumiyyətlə, bu qruplar nə üçün yaradılır, təhsil sahəsində, tədris prosesindəki rolu nədən ibarətdir və digər bu kimi suallarımızı Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsinin müdiri Şahin Əliyev cavablandırdı. 
– Şahin müəllim, ilk olaraq istərdim mövzuya ümumi prizmadan yanaşaraq, SABAH qruplarının yaradılmasındakı məqsədə aydınlıq gətirək. Bu layihənin tətbiqi ilə ali təhsil ocağına, tələbələrə hansı üstün keyfiyyətlər aşılanır?
– Əvvəlcə texnologiya əsrində müasir tədris metodlarının tətbiqi ilə bağlı olduqca mühüm mövzuda mənimlə həmsöhbət olduğunuz üçün sizə təşəkkürümü bildirirəm. Azərbaycanın ali təhsil tarixində ilk dəfə tətbiq olunan SABAH qrupları layihəsində məqsəd xüsusi istedadı və təhsildə göstəriciləri ilə seçilən tələbələrə yüksəkkeyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasıdır. Bu baxımdan SABAH abreviaturasının açılışı savadlı, bacarıqlı, hazırlıqlı deməkdir. Sözügedən qruplar məhz bu keyfiyyətlərə malik tələbələrdən formalaşdırılır. Mahiyyət etibarilə SABAH qrupları ali təhsil məkanında, ali təhsil müəssisələrində keyfiyyət, tədris, münasibət islahatının rüşeymi hesab olunur. 
SABAH qruplarının yaradılması ideyasının əsasında ali təhsilin keyfiyyətinin yüksəldilməsi, lazım olan yüksəkixtisaslı mütəxəssislərin xaricdə deyil, məhz ölkəmizin ali məktəblərində hazırlanması durur. SABAH qrupları fərqli mühit, fərqli münasibət, fərqli tədris deməkdir. Fərqli mühit dedikdə tələbəyönümlü tədrisin təşkili, ali təhsil müəssisəsi-tələbə, tələbə-tələbə, ali təhsil müəssisəsi-müəllim, müəllim-tələbə münasibətləri fərqli olan bir mühit nəzərdə tutulur. SABAH qrupları müəyyən ixtisas üzrə peşəkar mütəxəssis olmaq istəyən hər bir tələbəyə yeni imkanlar açır. Bu qrupa qəbul olan tələbə oxuduğu ixtisasın tədrisinin ən yüksək səviyyədə təşkil edildiyi ali təhsil müəssisəsinə köçürülür. Həmin qruplara da keyfiyyətli tədris bacarığı ilə seçilən müəllimlər dərs deyir. Başqa sözlə, müəyyən ixtisas üzrə ən yaxşı tələbələr və müəllimlər vahid məkana gətirilir. SABAH qrupları burada təhsil alan tələbələrə fərqli gələcək, əmək bazarında daha tez və asan iş tapmaq perspektivi vəd edir. Bu, nəticə etibarilə, həm də dövlətin təhsilə, gənclərə qayğısı deməkdir. Bu baxımdan həmin qrupların yaradılması ali təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, müasir tələblərə uyğun kadrların sayının artırılması istiqamətində atılmış əhəmiyyətli addım kimi qiymətləndirilir.
– Müəllim və tələbələri ən çox maraqlandıran suallardan biri bu layihənin hansı proqram əsasında, necə həyata keçirilməsidir...
– SABAH qruplarında tədris xüsusi proqramlar əsasında aparılır. Burada tədrisin əsasını təşkil edən ali təhsil müəssisəsi – tələbə, tələbə-tələbə, tələbə-müəllim münasibətləri adi qruplardakından fərqlənir və qarşılıqlı səmimiyyət, hörmət, işgüzarlıq, birgə fəaliyyət və digər bu kimi prinsiplər əsasında qurulur. İxtisaslar təhsil, təbiət, humanitar və sosial, iqtisadiyyat və idarəetmə, texniki və texnoloji, mədəniyyət və incəsənət ixtisas qruplarından hər tədris ilinə görə olmaqla hər bir ixtisas üzrə baza ali təhsil müəssisəsinin I kursunda təhsil alan potensial tələbələrin sayı və prioritetlik nəzərə alınmaqla müəyyən olunur. Bu qruplarda tədrisin ən böyük fərqi isə xarici dilin – ingilis dilinin daha intensiv tədris olunmasıdır. Belə ki, qruplarda həftədə 6 saat olmaqla ildə 180 saat ingilis dilinin tədrisi nəzərdə tutulub. İngilis dilinin tədrisində yeni yanaşmalardan istifadə olunur. Bu qruplarda dərs demək üçün seçilmiş müəllimlərlə yanaşı, ingilis dilinin tədrisi ilə məşğul olan, beynəlxalq dil sertifikatlaşmasından keçmiş azərbaycanlı müəllimlər, dil daşıyıcıları olan, yəni ingilis dili onlar üçün ana dili olan, dünyanın bir sıra ölkə­lərində ingilis dilinin tədrisi sahəsində böyük təcrübə toplamış xarici mütəxəssislər dəvət olunur.
Tədris, akademik mühitlə sənaye mühitinin vəhdətini yaratmaq məqsədilə SABAH qruplarında tədris prosesinə sənayedən gələn mütəxəssislər, şirkət rəhbərləri, şirkətlərin məsul işçiləri də cəlb olunur. Onlar mühazirələr oxuyur, tələbələrlə ünsiyyət yaradırlar. Belə şirkətlərlə ünsiyyət SABAH qruplarında oxuyan tələbələrin istehsalat təcrübəsinin təşkilində, məzunun gələcəkdə işlə təmin olunmasında yeni imkanlar əldə etməyə şərait yaradır. Eləcə də tələbələrin elmi-tədqiqat işləri ilə maraqlanmasında bu qruplar üstün mövqeyə malikdir.
– Azərbaycanda bu layihənin tətbiqinə nə vaxtdan və hansı ixtisas üzrə başlanılıb, ötən dövrdəki effektivliyi barədə nələr diqqəti çəkib?
– SABAH qrupları layihəsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə yaradılıb. Azərbaycan Respublikası təhsil nazirinin “Təhsildə yüksək nəticə göstərən tələbələrdən ibarət SABAH qruplarının yaradılması barədə” 2014-cü il 19 iyun tarixli əmri ilə təsis olunub. 2014-cü il fevral ayının 13-də Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində yaradılacaq SABAH qruplarının rəsmi təqdimatı olub. Sonra SABAH qruplarına tələbələrin qəbulu qaydaları işlənib hazırlanıb və təsdiq edilib. 2014-cü ilin may ayında ilk dəfə olaraq ölkənin bir sıra ali təhsil müəssisələrində SABAH qruplarının təqdimatları keçirilərək həmin ali məktəblərin müəllim və tələbələri yeni layihənin mahiyyəti ilə bağlı məlumatlandırılıb. SABAH qrupları bakalavriat səviyyəsinin 5 ixtisas qrupuna (təhsil, humanitar, iqtisadiyyat, texniki, təbiət) daxil olan 33 ixtisas üzrə respublikanın 34 ali təhsil müəssisəsinin bakalavr səviyyəsinin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələrdən müsabiqə yolu ilə seçim aparmaqla formalaşdırılıb. Müsabiqədə uğurlu nəticə göstərməklə    SABAH qruplarına seçilmiş 688 tələbə 2014-2015-ci tədris ilinin sentyabr ayından elmi-pedaqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazası yüksək olan 7 ali təhsil müəssisəsində II kursdan təhsillərini davam etdiriblər. SABAH qruplarının tələbələri hazırda ixtisaslarına müvafiq olaraq 10 baza ali təhsil müəssisəsində 41 ixtisas üzrə təhsil alırlar. 
– Bildiyimiz kimi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Pro­qramı”nda Naxçıvan Dövlət Universitetində SABAH qruplarının yaradılması prioritet vəzifə kimi qarşıya qoyulub və artıq Tibb ixtisası üzrə bu layihəyə start verilib. İstərdim, layihənin ali təhsil ocağında reallaşdırılma prosesi ilə bağlı oxucularımıza ətraflı məlumat verəsiniz...
– Dövlət Proqramının icrası ilə əlaqədar ölkəmizdə ilk dəfə olaraq məhz Naxçıvan Dövlət Universitetində Tibb ixtisası üzrə SABAH qruplarının təqdimatı həyata keçirilib. Proqramın təqdimatı əlamətdar bir ildə, Naxçıvan Muxtar Respublikasının 100 illiyi, Tibb fakültəmizin 25 illiyi, SABAH qruplarının 10 illiyində reallaşdırıldı. Belə bir əlamətdar ildə Naxçıvan Dövlət Universitetində adıçəkilən proqramın icrasına başlanılması muxtar respublikamızın gələcəkdə peşəkar həkim mütəxəssisləri ilə təmin olunmasına öz töhfəsini verəcək. 2023-2024-cü tədris ilində yüksək balla Tibb ixtisasına qəbul olmuş tələbələr növbəti tədris ilində göstərdikləri yüksək nəticələrə görə həmin qruplarda təhsil almaq imkanı qazanacaqlar.
Gələcəkdə Dövlət Proqramı əsasında istifadəyə verilməsi nəzərdə tutulan yüksək standartlara cavab verəcək tibb kompleksi  SABAH qruplarının tələblərinə uyğun olaraq peşəkar kadrların  hazırlanmasına imkan yaradacaq. SABAH qruplarında tədrisin təşkili xüsusi tədris planı əsasında həyata keçiriləcək. Qonşu ölkələrlə, xüsusilə Türkiyə Respublikasının tibb sahəsi üzrə qabaqcıl universitetləri ilə birlikdə bağlanmış əməkdaşlıq müqavilələri əsasında peşəkar həkimlərin tədrisdə iştirakı nəzərdə tutulur, eyni zamanda tələbələrin digər ölkələrin universitet və klinikalarında təcrübələrinin təşkili də SABAH qruplarında həyata keçiriləcək.
– Tibb ixtisası üzrə yaradılan yeni layihədən perspektivlər, gələcək planlar nədir və tədris ilində bu istiqamətdə hansı tədbirlərin gerçəkləşdirilməsi nəzərdə tutulur?
– Bu suala tam aydınlıq gətirmək üçün deyim ki, ümumiyyətlə, xaricdən ixtisaslı mütəxəssislərin universitetdə, xüsusilə də Tibb fakültəsində tədrisə cəlb olunması artıq ənənə halını alıb. Ötən tədris ilində xaricdən universitetə cəlb olunan professor-müəllim heyətinin sayı 20 nəfərədək olub, onların əksəriyyəti tibb sahəsi üzrə peşəkar həkimlərdir. Onlar tədris prosesi ilə yanaşı, muxtar respublikanın klinikalarında səhiyyə xidməti ilə də məşğul olublar. Eyni zamanda hər tədris ilinin sonunda Tibb fakültəsinin 100-dən artıq tələbəsi və rezidentinin Türkiyənin Tibb sahəsi üzrə ixtisaslaşmış Ankara, Qazi, İstanbul Yedditəpə, Kayseri Erciyəs, Ərzurum, Trabzon Qaradəniz Texniki universitetlərində yay təcrübəsi təşkil olunur. Tibb sahəsində birgə kadr hazırlığının aparılması ilə bağlı Türkiyənin Hacettepe Universiteti ilə ilkin razı­lıq əldə olunub. Həkimlərin burada tədrisini davam etdirməsi, tələbələrin təcrübələrini digər araşdırma universitetlərində aparması o universitetlərin qabaqcıl təcrübəsinin də universitetə gətirilməsinə şərait yaradacaq. Eyni zamanda Tibb fakültəsinin maddi-texniki bazasının yüksək səviyyədə olması, fakültənin peşəkar professor-müəllim heyəti, universitet xəstəxanasının mövcudluğu, muxtar respublikanın bütün xəstəxanalarından tədris bazası kimi istifadə imkanları tez zamanda Tibb ixtisasının SABAH qrupu ixtisasları içərisində ilk sıralarda qərarlaşmağına şərait yaradacaq. Gələcəkdə SABAH qruplarında təhsil alan tələbələr üçün yeni, mütərəqqi tədris metodlarının tətbiqi və onların tədqiqat üsullarının genişləndirilməsi sayəsində bu qruplarda həm tədqiqatçı, həm araşdırmaçı, həm də yüksəkixtisaslı tibbi kadrların yetişdirilməsinə nail olunacaq. Yeri gəlmişkən qeyd edim ki, ölkəmizi ilk dəfə olaraq Avropa Tibb Tələbələri Assosiasiyasında (EMSA) təmsil edən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi assosiasiyaya assosiativ üzv statusunu qazanıb, EMSA tələbə təşkilatı tvininq, treiner çağırma və digər hüquqlar əldə edib. EMSA-da təmsil olunan tələbələrin təşəbbüsləri nəticəsində 5-dən çox xarici universitetin Tibb fakültəsi ilə əməkdaşlıqla bağlı ilkin razılaşmalar əldə edilib. Bu amilin də gələcəkdə SABAH qrupu üzrə təhsil alan Tibb ixtisası tələbələrinin təhsil həyatında mühüm rol oynayacağına inanırıq. 
– Sizə işlərinizdə uğurlar    arzulayır, suallarımızı ətraflı cavablandırdığınız üçün təşəkkür edirik!

Nail ƏSGƏROV

Nəşr edilib : 27.07.2024 10:07