AZ EN RU

“SABAH” İncəsənət Festivalının rəsmi açılış mərasimi olub - YENİLƏNİB

    24-26 may tarixlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “SABAH” qrupunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin xüsusi dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “SABAH” qruplarının İncəsənət Festivalı təşkil edilib.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib önünə əklil qoyublar. Heydər Əliyev Muzeyində qonaqlara görkəmli dövlət xadiminin zəngin həyat yolu və fəaliyyəti barədə ətraflı məlumat verilib. Naxçıvan Dövlət Milli Dram Teatrının qarşısında incəsənətin müvafiq sahələri üzrə ustad dərslər keçilib. Pantomim səhnələri, qılınc döyüşləri, estrada musiqisi, şeir və rəqs nömrələri göstərilib, rəssamlıq, xalçaçılıq, keramika, qobelen nümunələri, memarlıq layihələri nümayiş olunub. Heydər Əliyev Sarayının foyesində “SABAH” qruplarının tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış olub. 
    Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Tarixə çevrilən ömür” adlı videoçarx təqdim edilib.
    Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov Ümummilli Lider Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti haqqında geniş çıxış edib. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərliyinin hər iki dövründə təhsil sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşıb. Görkəmli dövlət xadimi Naxçıvana rəhbərlik etdiyi dövrdə təhsil sahəsini diqqətində saxlayıb, müstəqilliyə gedən yolumuz məhz buradan başlanıb.  Ümummilli Liderin yolunu  hər sahədə uğurla davam etdirən Ali Baş Komandan, Prezident cənab İlham Əliyev 44 günlük şanlı Vətən müharibəsində xalqımıza böyük Zəfəri bəxş edib. 
    Bütün sahələrdə öz biliyi, bacarığı, dünyagörüşü ilə təkrarolunmaz dahi şəxsiyyətin doğulduğu Naxçıvan diyarında olmaqdan  qürur hissləri keçirdiyini deyən Firudin Qurbanov festivalın Ulu Öndərin 100 illik yubileyinə həsr olunduğunu, nümayiş olunan incəsənət və mədəniyyət nümunələrinin görkəmli dövlət xadiminin həyatı və fəaliyyəti ilə yaxından bağlı olduğunu diqqətə çatdırıb. 
    Bildirilib ki,  2014-2015-ci tədris ilində  yaradılan “SABAH” qrupları istedadı, bacarığı, dünyagörüşü ilə seçilən tələbələri özündə birləşdirir. Hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 11 ali məktəbdə bu qruplar yaradılıb. Bu gün “SABAH” qrupları yüksək nailiyyətlərə malikdir və onlar milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, təbliğində mühüm rol oynayır. 
    Firudin Qurbanov çıxışının sonunda festival iştirakçılarını təbrik edib, yaradılan şəraitə görə Naxçıvan rəhbərliyinə təşəkkürünü bildirib. 
    Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində muxtar respublikada keçirilən çoxsaylı tədbirlər içərisində “SABAH” İncəsənət Festivalı xüsusilə seçilir. Bu festivalın Naxçıvanda, Ümummilli Liderin doğma vətənində keçirilməsi xüsusi qürurvericidir, təqdirəlayiqdir. 
    Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev fəaliyyəti dövründə təhsil müəssisələrinin infrastrukturunun genişləndirilməsi, maddi və tədris bazasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilib, milli kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilib. Ümummilli Liderin uzaqgörənliyi ilə hazır­lanmış milli kadrlar müstəqillik qazandıqdan sonra ölkənin inkişafına öz töhfələrini verib. Bu ənənə ölkə başçısı tərəfindən davam etdirilir. İxtisaslı kadr yetişdirilməsi istiqamətində görülən tədbirlər sırasında “SABAH” qrupları layihəsi xüsusi rol oynayır. Bu qruplar təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində yeni bir ənənənin başlanğıcını qoyub. Bu festival çərçivəsində keçirilən tədbirlər tələbələri ixtisaslı kadrlar kimi yetişdirmənin bir nümunəsidir. 
    Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan gəncliyinin təhsilli, savadlı, bacarıqlı olması istiqamətində böyük işlər görüb. Gənclərin ölkənin sabahı, gələcəyi üçün istedadlı kadr kimi formalaşmasına böyük qayğı göstərib. Dörd dəfə Naxçıvan Dövlət Universitetində olan görkəmli dövlət xadimi onun inkişafına xüsusi qayğı göstərib. Ulu Öndərin universitetin fəxri doktoru olması qarşımızda böyük məsuliyyət yaradır.
    Bildirilib ki, bu gün Ulu Öndər tərəfindən əsası qoyulmuş təhsil islahatlarının məntiqi davamı “SABAH” layihəsi ilə uğurla inkişaf edir, bu proqramlar milli proqram kimi böyük əhəmiyyətə malikdir. Rektor gələcəkdə bu layihələrin geniş şəkildə ali məktəbləri əhatə edəcəyinə, formalaşan gənclərin müstəqil Azərbaycanın inkişafında xüsusi xidmətləri olacağına əminliyini bildirib. 
    Tədbir “SABAH” İncəsənət Festivalının rəsmi açılış konserti ilə davam edib. Bakı Musiqi Akademiyasının “SABAH” qruplarının tələbələrinin, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin ifaları tədbirə şən əhvali-ruhiyyə qatıb. 

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 24.05.2023 16:34