AZ EN RU

Rusiya Ukrayna məsələsində Türkiyənin mövqeyinə böyük hörmətlə yanaşır

Xarici siyasət mövzusunda gəldikdə, bu gün bizim üçün əsas məsələ Ukraynada vəziyyət və onu tezliklə nizamlamağın zəruri olmasıdır. Gizli deyil ki, bu məsələ barəsində bizim mövqelərimiz üst-üstə düşmür, lakin biz Türkiyənin indiki böhrandan irəli gələn məsələlərə obyektiv yanaşmağa çalışaraq tutduğu mövqeyi yüksək qiymətləndirir və bu mövqeyə böyük hörmətlə yanaşırıq.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu fikri Moskvada Türkiyə XİN-in rəhbəri Mövlud Çavuşoğlu ilə görüşdə söyləyib. S.Lavrov qeyd edib ki, Moskva Ankaranın Montrö Konvensiyası üzrə öhdəliklərə riayət edilməsinə məsuliyyətlə yanaşmasını qiymətləndirir.

O bildirib ki, tərəflər Ukraynada vəziyyət məsələsindən əlavə, Cənubi Qafqazda, Suriyada, Liviya və Əfqanıstanda vəziyyəti də müzakirə edəcəklər. Nazir daha sonra deyib: “Biz yüksək səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasının hazırlanmasına xüsusi diqqət yetirəcəyik. Prezidentlər həmin iclasın Türkiyədə keçirirlməsi barədə razılığa gəliblər. Əminəm ki, biz bütün halları nəzərə alaraq bütün müddətləri razılaşdıra biləcəyik”.

Mövlud Çavuşoğlu öz növbəsində qeyd edib ki, Montrö Konvensiyası barədə Türkiyənin əvvəlki qərarı dəyişməz qalır. Türkiyəli nazir Ukrayna böhranının dinc yolla həll edilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, Türkiyə bu münaqişənin hər iki tərəfi ilə əlaqə saxlayan dövlət olaraq, problemin tezliklə həll olunmasına öz töhfəsini vermək üçün əlindən gələni edir.

Mövlud Çavuşoğlunun fikrincə, Rusiya və Türkiyənin Suriya və Liviyada birgə iş təcrübəsi buna kömək edəcək.

Nəşr edilib : 16.03.2022 17:41