AZ EN RU

Rus zabitlərinin etirafı, kiyevli qonağın “siyasi səhvi”, mən öz generalımın əmrini gözləyirəm!

Naxçıvan Sərhəd Dəstəsinin ilk milli komandiri ilə söhbət

    …Təsəvvür edin ki, SSRİ dönəmində Naxçıvan ərazisindəki bir çox sərhəd məntəqələri Ermənistanın nəzarətində idi. Məsələn, Sədərəkdəki indiki birinci sərhəd zastavası hansı ki Azərbaycanda yeganə sərhəd məntəqəsidir ki, üç ölkə ilə (Türkiyə, İran, Ermənistan) sərhədə nəzarəti həyata keçirir, Ermənistanda yerləşən Artaşat sərhəd dəstəsinin tabeliyində idi. Ordubad rayonu ərazisində isə “Yaycı” sərhəd zastavasından “Kotam” sərhəd zastavasınadək bütün sərhəd zastavaları isə Naxçıvandakı 41-ci sərhəd dəstəsinə deyil, Ermənistan ərazisində süni şəkildə yaradılan Mehri sərhəd dəstəsinə tabe edilmişdi. Belə vəziyyət ermənilərin Naxçıvana qarşı başlatdıqları işğalçı hərəkətlər zamanı sərhədçilərlə yerli hakimiyyət orqanları arasında ciddi problemlər yaradır, əhalini narazı salırdı. Bütün bu kimi taleyüklü məsələlər Ulu Öndər Heydər Əliyev Naxçıvana gəldikdən sonra öz həllini tapdı. Çünki dahi şəxsiyyət Zaqafqaziyada sərhədlərin qorunması işinin necə təşkil olunduğunu bütün incəliklərinə qədər bilirdi və o, Sərhəd Qoşunları Zaqafqaziya Dairəsinin və 41-ci sərhəd dəstəsinin rəhbərliyindən tələb etdi ki, muxtar respublikanın ərazisindəki sərhəd məntəqələrinin hamısı 41-ci sərhəd dəstəsinə tabe edilsin. Bu məsələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin tələb etdiyi müddətdə, yəni 3 gün ərzində (30 oktyabr 1991-ci il) həll edildi.

    Bu sözləri Naxçıvanda 41-ci sərhəd dəstəsini rus hərbçilərindən təhvil alan  ilk milli komandir, hazırda istefada olan general-mayor Cahangir Qulamov deyir. 

    Haşiyə: Qulamov Cahangir Rza oğlu 1952-ci ildə Naxçıvan şəhərində anadan olub. Tale elə gətirib ki, hərbi xidmətini də elə Naxçıvandakı sərhəd qoşunlarında keçib. Sonra, özünün də dediyi kimi, sıravi əsgərdən polkovnik rütbəsinədək yüksəlib. Sərhəd qoşunlarında qüsursuz xidmətinə və əməliyyat sahəsində təcrübəsi nəzərə alınaraq DTK-nın Moskvadakı Ali Məktəbinə göndərilib. Təhsilini tamamladıqdan sonra yenə də sərhəd qoşunlarında xidmətini davam etdirib. Bundan əlavə, hələ orta məktəbdə oxuduğu illərdə öyrəndiyi fars dilini sonralar ikiillik kursla daha da təkmilləşdirib. Rus və fars dillərini mükəmməl bilməsi xidmət dövründə bir sıra yüksək səviyyəli görüşlərdə iştirak etməsinə imkan verib. 28 iyul 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin 43 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi sədrinin müavini – Naxçıvan birinci sərhəd dəstəsinin rəisi vəzifəsinə təyin edilib. Sonra isə… Gəlin bu sonrasını özündən dinləyək:    

     – Deməli, 1992-ci ildə SSRİ məkanı artıq yoxdur, amma SSRİ silahlı qüvvələri Azərbaycan ərazisində mövcuddur, həm sərhəd qoşunlarında, həm də orduda. Buna görə də Heydər Əliyev Naxçıvan Ali Məclisində məsələni belə qoydu ki, bu silahlı qüvvələrin statusu müəyyənləşməlidir. Ulu Öndərin böyük səyləri, qətiyyəti nəticəsində Naxçıvandakı 75-ci motoatıcı diviziya və 41-ci sərhəd dəstəsi bütün əmlakı ilə Azərbaycanın tabeliyinə keçirildi. 29 avqust 1992-ci ildə sərhəd qoşunlarının sonuncu nümayəndələri Naxçıvanı tərk etdi və sərhəd dəstəsində müstəqil Azərbaycanın milli bayrağı dalğalandırıldı. Beləliklə, ölkəmizdə müəyyən xidməti ərazidə sərhədlərimizi tam mühafizə altına götürən ilk milli sərhəd dəstəsi yaradıldı. Amma Naxçıvandan fərqli olaraq, o vaxt respublikamızın ərazisindəki sərhəd dəstələrinin əmlakının bölünməsi, yəni 50 faizinin Rusiya Federasiyasının, 50 faizinin isə Azərbaycan Respublikasının sərəncamına verilməsi barədə razılaşma olmuşdu. Buna baxmayaraq, 1992-ci il sentyabr ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin yığıncağında “Naxçıvan Muxtar Respublikasının müdafiəsi və sərhədlərinin qorunması haqqında” məsələyə baxıldı və qərar qəbul olundu. Az sonra isə muxtar respublika ərazisində yerləşmiş keçmiş SSRİ Silahlı Qüvvələrinin tabeliyində olan silah-sursatın, texnikanın, hərbi və mülki əmlakın bütövlüklə Azərbaycana təhvil verilməsi prosesinə başlanıldı. Bundan sonra mən müstəqilliyimizin bərpasından sonra ilk dəfə Azərbaycan bayrağı altında həm Türkiyəyə, həm də İrana sərhəd komissarlarının görüşünə getdim. Bununla da Ulu Öndər Heydər Əliyev göstərdi ki, Azərbaycan öz sərhədlərini öz gücü ilə qorumağa qadirdir. 
    – Cahangir müəllim, gəlin bu məsələlərə bir az detallı yanaşaq. Təhvil-təslim prosesinə qədər hadisələr hansı şəkildə davam etdi? Siz komandir təyin olunanadək hərbi hissədə yüksək vəzifə daşıyırdınız. Rus sərhədçiləri buranı tərk edənədək hansı hadisələrə şahidlik etmişdiniz?
    – Doğru qeyd etdiniz, mən bundan əvvəl sərhəd dəstəsində əməliyyat idarəsinin rəisi idim. Açığını deyim ki, rus sərhədçiləri Naxçıvanı tərk etmək istəmirdi və onlar hərbi hissədə digər millətlərdən olan zabitləri də öz tərəflərinə çəkərək sonadək dayanmaq üçün təbliğat aparırdılar. Azərbaycanlı zabit və əsgərlər isə bununla razılaşmırdılar. Hərbi hissələrdə gərginlik getdikcə dözülməz həddə yaxınlaşırdı. Həmin vaxt Ukrayna prezidenti Leonid Kravçukun səlahiyyətli nümayəndəsi Rimma Miroşniçenko muxtar respublikaya gəlmişdi. O, əvvəlcə Ali Məclisin Sədri Heydər Əliyevlə görüşdü. Məhz dahi şəxsiyyətin köməyi ilə ukraynalı xanımın zabit və əsgərlər qarşısında çıxış etməsi üçün komandanlığın razılığı alındı. “Siyasi səhvə” yol verməyəcəyinə komandanlığı əmin edəndən sonra şəxsi heyət qarşısında çıxış edən Rimma Miroşniçenko nitqini bu sözlərlə bitirdi: “Cənab zabit və əsgərlər! Mən respublika prezidentinin tapşırığı ilə sizin qarşınızda çıxış edirəm. Əgər sentyabrın 1-dək Ukraynaya qayıdıb rəsmi şəkildə qeydiyyatdan keçməsəniz, doğma vətənin silahlı qüvvələrində xidməti davam etdirmək haqqında raport verməsəniz, siz ölkə vətəndaşlığından çıxarılacaqsınız. Vətən yolunuzu gözləyir!” 
    Təsəvvür edirsiniz, bu, şəxsi heyətinin 40 faizi ukraynalı olan hərbi hissə üçün necə böyük zərbə idi. Məhz kiyevli qonağın bu çıxışından sonra onların qarşısını kəsməyə çalışan rus hərbçilərinin artıq heç nəyə gücü çatmadı. Başa düşdülər ki, onlar da tezliklə buradan getməli olacaqlar. Sonralar bu hadisəni müzakirə edən rus hərbçilərindən biri belə demişdi: O ki Heydər Əliyevlə görüşmüşdü, belə də olmalıydı…
    – Məndə olan məlumata görə – bunu Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi Urfullah Qurbanovla da söhbətlərimizdə çox müzakirə etmişik – həmin dövrdə rus zabitləri həm sərhəd qoşunlarında, həm də orduda çox güclü təbliğat apararaq buradan getməmək üçün güclü dirəniş göstərmişdilər.
    – Tamamilə doğrudur. Rus hərbçiləri necə olursa-olsun, əmlakın, hərbi texnikanın daha çox hissəsini və ən yaxşılarını götürməyə çalışırdılar. Bu yolda onlar hər vasitəyə əl atırdılar. Bu proseslərdə qarşıdurmalar zamanı həm hərbçilərimizin göstərdiyi qətiyyət və şücaət, həm də Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində təhvil-təslim prosesi Naxçıvandakı hərbi hissələrdə, o cümlədən sərhəd dəstəsində uğurla başa çatdı. 
    – Düşünürəm ki, Naxçıvanda silah-sursatın, hərbi texnikanın tamamilə burada saxlanılmasının, milliləşdirilməsi yalnız və yalnız Ulu Öndərin dəmir məntiqinin sayəsində mümkün olmuşdur. 
    – Əlbəttə. Səbuhi müəllim, mən sizə bir hadisəni danışım. Dahi şəxsiyyət Heydər Əliyevin dediyi hər bir söz, fikir faktlara, dəlillərə söykənirdi. Azərbaycanı, Naxçıvanı heç cür əldən vermək istəməyən Moskva danışıqlar aparmaq üçün muxtar respublikaya ən təcrübəli əməkdaşlarını göndərmişdi. Onlarla görüşün birinci günü Rusiya nümayəndə heyətinin tərkibində bir polkovnik var idi, nə isə bu polkovnik Heydər Əliyevə şübhəli görünmüşdü. Ulu Öndər məni yanına çağırıb bu polkovniklə bağlı fikirlərimi soruşdu və aramızda qısa bir məşvərət oldu. Görüşün müəyyən məqamında Heydər Əliyev özünəməxsus təmkinliklə sözə başladı:  
    – Cənablar, başa düşürəm ki, bu, çox mürəkkəb və çətin prosesdir. Gəlin, məsələyə vicdanla yanaşaq, bir-birimizi aldatmağa çalışmayaq. 
    Sonra Rusiya tərəfdən danışıqlarda iştirak edən həmin polkovniki ayağa qaldırdı və amiranə səslə dedi: – Siz, cənab zabit, DTK-nın generalı ola-ola polkovnik forması geyinərək bizi aldatmaq istəyirsiniz. Özünüzə hörmət qoymursunuz, heç olmazsa, general rütbəsinə hörmət qoyun.
    Sonra biz tərəfdən təkidli tələbdən sonra rusiyalı general otağı tərk etdi. Bundan sonra danışıqlar biz istədiyimiz məcrada getdi və nəticə əldə olundu. Görüş başa çatdıqdan sonra bizim sərhəd dəstəsinin komandiri, polkovnik Jukov ifşa olunmuş generala yaxınlaşaraq demişdi: sizə dedim axı Heydər Əliyevi aldatmaq mümkün deyil!
    – Sərhəd dəstəsinin təhvil-təslim prosesi necə keçdi? Düşünürəm ki, orada da nə isə maraqlı proseslər baş verib. Əgər xatirinizdə qalan varsa.
    – Ümumiyyətlə, sərhəd dəstəsinin təhvil-təslim prosesində Rusiya generalları danışıqların növbəti mərhələsinə keçməzdən əvvəl həmişə bir yerə yığışır, təxmini ortalığa çıxa biləcək sualları götür-qoy edir, müzakirələr aparır, bir sözlə, ciddcəhdlə özlərini Heydər Əliyev qarşısında sınağa hazırlayırdılar. Təhvil-təslim başa çatdıqdan sonra rus zabitlərindən biri o vaxtlar Azərbaycan nümayəndə heyətinin tərkibində olan Azərbaycan Respublikası Dövlət Sərhədi Mühafizəsi Komitəsinin rəis müavini vəzifəsində işləmiş polkovnik Arif Əliyarova etiraf etmişdi ki, bütün bu müzakirələr, sövdələşmələr Heydər Əliyevin ilk sözə başladığı anadək yadda qalarmış. Danışıqların axırı isə müdrik insanın arzuladığı istiqamətdə gedərmiş. Bu istiqamət isə Azərbaycanın dövlət müstəqilliyi idi… 
    Bir hadisəni də danışmaq istərdim.
    – Buyurun.
    – Uzun və gərgin keçən görüşlərdən sonra Naxçıvan Sərhəd Dəstəsinin təhvil-təslim prosesi başa çatdı. Heydər Əliyevin prinsipiallığı nəticəsində hərbi hissənin bütün əmlakı, texnika və sursatı ilə birlikdə Azərbaycan Respublikasının yurisdiksiyasına verilməsi haqqında sənədlər imzalandı. O sənədlərin hamısında mənim imzam var. 41-ci sərhəd dəstəsinin komandiri Jukov ayağa qalxaraq məni təbrik etdi. Yeri gəlmişkən onu da deyim ki, Jukov, eyni zamanda Naxçıvan Ali Məclisinin deputatı idi. Və təbrikdən sonra məni komandir kreslosunda oturmağa dəvət etdi. Mən isə bizimlə üz-üzə əyləşmiş Heydər Əliyevi işarə edərək: Mən öz generalımın əmrini gözləyirəm! – dedim. Yalnız Ulu Öndərin sözündən sonra mən öz yerimdə əyləşdim.
    – Cahangir müəllim, sonrakı xidməti dövrünüzdə Ulu Öndərlə görüşləriniz oldumu?
    – Bilirsiniz ki, 1992-ci il oktyabrın 24-də Naxçıvanda AXC-nin dəstəyi ilə dövlət çevrilişinə cəhd edildi. Həm Naxçıvan Ali Məclisinin, həm də Daxili İşlər Nazirliyinin binalarının ələ keçirilə bilməməsində sərhəd dəstəsinin şəxsi heyətinin böyük rolu oldu. Bundan sonra prezidentin Sərəncamı ilə mən vəzifəmdən azad edildim. Amma Ulu Öndərimiz 1993-cü ilin may ayında məni Naxçıvanda Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin etdi və 7 il bu vəzifədə çalışdım. Sonrakı dövrdə isə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında və Fövqəladə Hallar Nazirliyində işlədim. General-mayor rütbəsini də Fövqəladə Hallar Nazirliyində aldım. Bu nazirlikdə ən önəmli işlərimdən biri də xüsusi riskli xilasetmə xidmətinin mənim rəhbərliyimlə yaradılması və formalaşdırılması oldu. Ulu Öndərimiz Heydər Əliyev Bakıya ali hakimiyyətə qayıtdıqdan sonra isə bir daha onunla görüşə bilmədim.  Sonda onu deyim ki, məhz Heydər Əliyev kimi dahi şəxsiyyətin əvəzolunmaz xidmətləri nəticəsində Azərbaycan bütün bu çətin tarixi proseslərdən üzüağ çıxaraq öz müstəqilliyini möhkəmləndirdi. Dövlət müstəqilliyimizin əsasını təşkil edən ordu quruculuğu Naxçıvandan başlayaraq bütün Azərbaycanı əhatə etdi. Məhz bugünkü güclü ordumuzun təməli o zaman Naxçıvanda qoyularaq inkişaf etdi və üç il bundan əvvəl işğal altında qalan torpaqlarımızı azad edərək Vətənimizin ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Hər bir azərbaycanlı üçün bundan böyük iftixar hissi ola bilməz. Buna görə də hər birimiz bu gün Ulu Öndər Heydər Əliyevi böyük qürur və ehtiram hissi ilə anırıq.
    – Maraqlı söhbət üçün sağ olun.
    – Siz də sağ olun.

Səbuhi HƏSƏNOV
Naxçıvan-Bakı-Naxçıvan

Nəşr edilib : 17.11.2023 20:42