AZ EN RU

Rumıniyanın “Ultima Ora” qəzetində Milli Dirçəliş Günü ilə əlaqədar məqalə dərc edilib

Rumıniyanın nüfuzlu “Ultima Ora“ qəzetində Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur” sərlövhəli məqaləsi dərc edilib.

Yazıda xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadığı vurğulanıb. Bu günün tarixinə nəzər salınaraq, o illərin xronologiyası bir daha canlandırılıb. Burada ermənilərin Topxana meşəsində ekoloji fəlakət törətmələri, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri ilə paralel olaraq Azərbaycanda milli istiqlal hərəkatının geniş vüsət alması, 1988-ci ilin noyabrında yüz minlərlə azərbaycanlının Ermənistanın təxribatlarına və SSRİ rəhbərliyinin ikili siyasətinə etiraz əlaməti olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşmaları öz əksini tapıb. Bildirilib ki, dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdılsa da, Azərbaycanda bu hadisələr xalqın qan yaddaşında milli azadlıq hərəkatı kimi həkk olunub.

1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Müəllif qeyd edib ki, mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindən götürən bu tarix sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu. Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsində əsas mərhələlərindən biri olduğu vurğulanan məqalədə, Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan, Ümummilli Liderin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkədə əmin-amanlığa nail olunmasından da bəhs edilib. Həmçinin ölkədə gedən inkişaf prosesinə və Azərbaycanın bölgədə lider dövlətə çevrilməsinə toxunulub.

Yazıda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun doğma torpaqlarımızı işğalçılardan azad etməsindən, qazanılan şanlı Zəfərdən də bəhs olunub.

Nəşr edilib : 18.11.2023 10:11