AZ EN RU

Ruhun pərvazlanır, Yaradana çatırsan...

Bura qürur qalasıdır! 

   Əcdadlarımızın mübarizə əzminin daşlaşmış salnaməsi, dönməzlik simvoludur. Qatları dərindən də dərindir. Tarixin hər səhifəsində izi, nəfəsi var bu yerin. Əzəmətlidir... Əzəmətli olduğu qədər də sərt, məğrur, qüdrətli. Elə qüdrətlidir ki, özünü arxalı, dayaqlı hiss edirsən yanında. Hər pilləni qalxdıqca sanki Tanrıya yaxınlaşırsan. Ucaldıqca ucalırsan, Yaradana çatırsan. Bu yer ruhunun pərvazlandığı məkandır… İlk baxışda rəngsiz görünür. Amma könül gözü ilə seyrinə çıxanlar üçün o rəngarəngdir, füsunkardır, bənzərsizdir, nadirdir. 

    Məğrurdur, azad bir məmləkətin qalib ordusutək. Kiminə vahiməlidir, səmasında dövrə vuran qartallar qədər. Kiminə güvənlidir, qayğıkeş anatək sənə doğma qucaq açır, ruhunu ağuşuna alır. Bu qalada dil heyrətdən susur, söz aciz qalır, sinəndə həzin bir nəğmə sənə layla çalır. Bu nəğmə öz ahənginə səsləyir səni, ruhun dinlənir, mənən dinclik tapırsan. Bu yer mehribandır, əhvali-ruhiyyəsini duyanlara mistik duyğular yaşadır. O duyğu ki sirli-sehrli bir enerji, fərqli bir auradır. Qoynunda o qədər məsumlaşır, paklaşırsan ki, o paklığı duymaq üçün onunla baş-başa qalmalısan. Onun harmoniyasına uyğunlaşmalı, eyniləşməli, uca bir məqama çatmalısan. Elə onun qədər ülvi, əzəmətli bir məqama... Seyr etməklə, qulaq verməklə, dinləyib anlaya bilməzsən onu. İzaholunmaz, anlaşılmazdır, amma mürəkkəb olduğu qədər də, əslində, sadədir ruhunu ona təslim edənlərə...
    Yalçın qayaların zirvəsində Vətəninə keşik çəkən çinar qamətli, dağ qüdrətli əsgərdir sanki bu qala. Şərəfli tarixin minillik əzəmətindən boylanan Əlincəqala... O Əlincəqala ki Əmir Teymur kimi yenilməz fatehin aramsız hücumlarına 14 il sinə gərib, heç vaxt qəddini yadlara əyməyib. O təkcə şərəfli tariximizin şahidi olmayıb, eyni zamanda onu yaradan xalqın istedad və zəkasının məhsulu, mədəni səviyyəsinin meyarı, əcdadlarımızın gücünün, qüdrətinin sübutu, tariximizin ən səs-küylü, ən həlledici dönəmlərinin yadigarı olub. Bu məğrur qala əyilməz bir xalqın, bir ulusun əmanətidir. O, açılmayan sirli bir aləm, tarixin gizli həqiqətidir. Bu divarlar arxasında igidlərimiz cəsarətlə sinələrini düşmənə sipər edib. Mərd ərənlər şahin olub düşmənin başına şığıyıb, od ələyib. Bu şücaətli qala biləklərdə güc olub, yaddaşlara yaddaş olub, əsrləri yola salıb. Neçə-neçə qoşunların qarşısında inamla, hünərlə dayanıb. 
    Bir zamanlar hakim xanədanlara – Səlcuqlara, Atabəylərə, Səfəvilərə istehkam olan, əzəmətli Əlincəqala! Sən dövranın gərdişinə mətanətlə sinə gərmisən, neçə sınaqlardan keçmisən, amma mətin dayanmısan, yenilməmisən! Keşməkeşli tarixini vərəqlədikcə hünərinə baş əyirik mübarizliyinin! Minnətdarlıq hissi ilə anırıq müdafiəndə böyük xidməti olan hürufiləri... Mərd Nəimini, qorxu bilməz Nəsimini! Teymurləngin oğlu Miranşahın əmri ilə dara çəkilən, cəsədi at quyruğuna bağlanıb süründürülən Nəiminin mərdliyinin şahidi Əlincəqala! İndi onun uyuduğu məzara keşik çəkirsən... Amma artıq nə zalım Miranşah var, nə də onun atlarının ayaq izləri... Tarixdə qalan sənsən! Əcdadlarımızın əyilməzlik, mərdlik, şücaət rəmzi Əlincəqala! Sənin ülviliyindən ilhamlanan Nuh Peyğəmbər nəticəsi Alıncaya sənin kimi başıuca, üzüağ olsun deyə adını verib! Ulu dastanımız “Kitabi-Dədə Qorqud”da Oğuz elinin ərənlərinə şərəf zindanı olmusan, sən! Ulularımız doğma torpağı qorumağın, Vətən üçün savaşmağın, döyüşməyin, yeri gəlsə, ölümə belə getməyin nümunəsini səndə yaradıb. Vətən eşqiylə yaşayanların azadlıq uğrunda mübarizəsinin, işğalçılara qarşı qanlı döyüşlərin şahidi olan, tarixin keşməkeşlərinə mətinliklə sinə gərən Əlincəqala! Min illərdir, tarix ümmanında yol alanlara sən mayak olmusan!
    ...Deyirlər, ot kökü üstündə bitər. Vətən eşqi qəlbində yanıb-alışan əcdadların ürəyindən od alıb, cəsarətindən güc alıb, qəlbindəki azadlıq yanğısını alovlandırıb zəfər çaldılar Vətənimizə göz dikən mənfur düşmən üzərində igid oğullarımız... Mərd-mərdanə igidlərin hünəridir bu gün tarixilik zirvəsi olan Əlincəqalada, vətənpərvərlik zirvəsi olan Şuşa qalasında üçrəngli bayrağımızı məğrur-məğrur dalğalandıran. Sən daim qürurla dalğalan, şanlı bayrağım, haqqındır! Sənə ən uca zirvələrdə dalğalanmaq yaraşır! Torpağının qoynuna sancılaraq sənin Vətən etdiyin bu yerlərdə uğrunda can verən, qan tökən əcdadlarının ruhu indi şaddır! Çünki artıq Vətən aşiqlərinin Vətəni bütövdür, tamdır!

Gülcamal TAHİROVA

Nəşr edilib : 19.02.2024 11:08