AZ EN RU

Ruhumuzu riqqətə gətirən kəlmələrin müəllifi, 130 yaşlı istiqlal Günəşi...

Vətənə məhəbbət, torpağa sevgi toxumu səpir şüurlara, dövlətçiliyə sədaqət amalı aşılayır, vətənpərvərliyə, birliyə, bərabərliyə, dostluğa, qardaşlığa, türkçülüyə çağırış edir hər sözün, hər kəlmən, hər misran, ey böyük istiqlalçı şair, dəyərli publisist, qələmi iti, sözü kəsərli jurnalistimiz Əhməd Cavad. Ruhumuzu riqqətə gətirən, könlümüzdə mənəviyyat Günəşi tək doğan, damarlarımızda iftixar bulağı kimi qaynayan, dinlədikcə milli ruhumuzu qürurla etizaza gətirən dövlət himnimizin sözlərinə diqqət etmək yetərlidir ki, duyub, hiss edə biləsən sənin böyük ürəyindən süzülüb gələn sonsuz saf, təmiz arzunu, istəyini, ali məqsədini, müqəddəs məramını. “Soranlara, mən bu yurdun, anlatayım nəsiyəm” söyləyərək, bu yurd, bu torpaq, Azərbaycan, türk eli üçün kim olduğunu göstərdin, öz sonunu deyil, mübarək amallara söykənən dönməz əqidənin sonsuzluğunu düşünərək, insanların qəlbində istiqlal çırağını şölələndirmək naminə çıxdın o dövrdə çoxlarının cəsarət edə bilmədiyi “boranlı”, “qarlı” mübarək bir yola. “Bulud nə qədər qatı olsa da, Günəşin qarşısında uzun müddət davam gətirə bilməz” həqiqəti təcəlla etdi sənin 45 illik ömrünə, dəyanətli, qətiyyətli həyat yoluna, yaradıcılıq dünyana sığdıra bildiyin, zaman ötdükcə dəyəri artan əməllərində...

    Yüzlərlə insanın “Mən türkəm, qanımda türk qanı axır” söyləyərək istiqlal mücadiləsi etməsinə vəsilə olmaq, qardaş xalqları birliyə səsləyib, yuxuya dalan gözləri açdırmaq üçün Uca Yaradan 1892-ci il may ayının 5-də Şəmkir rayonunun Seyfəli kəndində, ruhani ailəsində dünyaya açdırdı gözünü sənin. Kənd məktəbini müvəffəqiyyətlə oxuyub bitirdikdən sonra təhsilini Gəncədə müsəlman ruhani seminariyasında davam etdirdin, burada dövrün bir sıra tanınmış şair, yazıçıları, filosof-alimləri kimi qarşına məqsəd qoyub mükəmməl şəkildə öyrəndin rus, ərəb, fars dillərini. Müəllimlərinsə görkəmli mütəfəkkirlər Hüseyn Cavid və Abdulla Sur oldu. Bu məqamda xatırlatmaq yerinə düşür ümummilli liderimiz Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir...” dəyərli fikirlərini. Bəli, milli ideyanı, türkçülüyü, Azərbaycançılığı həyat amalına çevirən Hüseyn Cavid kimi böyük yazıçının tələbəsi olmağın, türk xalqlarının düşdüyü vəziyyət, gələcəyi barədə mütəmadi şəkildə müəllimlərinlə apardığın milli-mənəvi ruhlu söhbətlərin az rolu olmadı sənin əqidənin sağlam, mövqeyinin düzgün formalaşmasında, istiqlal yolunda bütün mənliyinlə mücadilə aparmağında...
    1910-cu ildən mənəviyyat xəzinəsi sayılan ədəbiyyata könül verdin, lirik şeirlərlə görüşünə gəldin minlərlə oxucunun, həyatdakı amalın jurnalistikaya da yönəltdi səni, müxtəlif qəzet və jurnallarda nəşr olundu dövrün eybəcərliklərini gün üzünə çıxaran tənqidi məqalələrin, könülləri oxşadı publisistik yazıların. Birinci Dünya müharibəsinin başlanması həm də qəlbində fırtına kimi çağlayan istiqlaliyyət ruhunu, vətənpərvərlik xarakterini daha bariz şəkildə çıxartdı ortaya. Şair, pedaqoq Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan “Qafqaz könüllü hissəsi” sıralarına qatıldın, “Olsun bizim bütün ellər qurban Türkün bayrağına” deyərək qardaşlarının köməyinə yetişdin, türklərlə Balkan hərbində iştirak edib, Şərq cəbhəsində ermənilərə qarşı qətiyyətlə vuruşdun. Rus ordusunun işğalı altında olan Qars və Ərzurum əhalisi rus, erməni dəstələri tərəfindən qırğına məruz qalanda buna biganə qalmayanlar sırasında öndə dayanmışdın. Bakıda yerləşən Azərbaycan Xeyriyyə Cəmiyyəti vasitəsilə Türkiyənin şərq vilayətlərindəki əhaliyə yardım edənlərdən oldun, qardaş xalqın ağır günündə dərhal üz tutdun onlara sarı, Qarsda qarşılaşdığın mənzərəni ürəyin parçalana-parçalana gətirdin dilə: “Getdim gördüm dost elində, nə bir səs var, nə bir layla”. 1918-ci ildə türk ordusu qardaş Azərbaycanın istiqlalına köməyə gələndə sən də “Atıldı dağlardan zəfər topları, yürüdü irəli əsgər bismillah”, – deyərək azərbaycanlı və türk əsgər yoldaşlarınla Bakının Yasamal dağındakı səngərlərdə düşmənlə vuruşdun. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını böyük şövqlə, rəğbət hissi ilə qarşıladın, dövlətimizin himnini – “Azərbaycan marşı”nı yazaraq tarixə əbədi olaraq həkk etdirdin adını, xalqının mübarizə əzmini ifadə edib, təfəkkür manifestini yaratdın, yaradıcılığının möhürünü vurdun. “Üç rəngin əksini Quzğun dənizdən ərməğan yollasın sana, bayrağım!” sözlərinlə vəsf etdiyin dəyərli sevdalın daha pünhanda deyil, dövlət bayrağımız bu gün ən ali zirvədə dalğalanır, ruhun şad olsun...
    İnqilabdan əvvəl və sovet hakimiyyətinin ilk illərində Gəncədə, Hacıkənddə, Quba rayonunun kənd məktəblərində müəllimlik edərək yüzlərlə azərbaycanlı balaların gələcəyinə, həyat yoluna çıraq tutdun, 1926-cı ildə Ali Pedaqoji İnstitutu bitirdin, 1928-ci ildə məşhur “İstiqlal uğrunda şeirlər” kitabını İstanbulda çıxarmağa nail oldun. Ədəbiyyat cəmiyyətinin katibi (1924-1926), Kənd Təsərrüfatı Texnikumunun müəllimi (1929), Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun dosenti (1927-1934), həmin institutun dilçilik kafedrasının rəhbəri (1934-1935) vəzifələrində çalışdın. 1935-ci ildə Gəncədən Bakıya qayıdıb “Azərnəşr”də fəaliyyətə başlamağınla həyat yolunun üzərini qara buludlar, gözügötürməyən nakəslərin min cür hiylə ilə qurduğu keçilməz sədlər tutdu. Bütün zərbələrə, təzyiqlərə,Yazıçılar İttifaqının plenumlarında kəskin tənqidlərə qarşı mərdliklə dözdün, əyilmədin, əqidəndən geri dönmədin, əleyhdarlarının adi ədəbi faktlara kəskin siyasi don geydirmələrinə təmkinlə yanaşdın. Ancaq təəssüf ki, iftira kampaniyaları öz nəticəsini verdi. 1937-ci il iyunun 3-də Yazıçılar İttifaqının üzvlüyündən çıxarıb, beş gün sonra həbs etdilər səni, xalqının azadlığı, istiqlaliyyəti, xoşbəxt gələcəyi uğrunda mübarizə apardığınçün “xalq düşməni” damğası vuruldu adına. Evində axtarışların aparılması, mənzilindən əmlakını, həyat yoldaşın Şükriyyə xanımın daş-qaşını, bəzək əşyalarını müsadirə etmələri isə tarix qarşısında heç vaxt bağışlanmayacaq ən ağır cinayət kimi yazıldı tarixin qara səhifələrinə... 1937-ci il oktyabrın 13-də İstiqlal Günəşi qürub etsə də, parlaqlığından güc alan yeni ulduzlar doğaraq bu eli, bu torpağı aydınlığa çıxardı...
    Ey böyük istiqlalçı şairimiz, tufanlar, fırtınalar ancaq kökü dayazda olan cavan fidanları qoparar, qocaman çinar ağaclarını yerindən çıxarmağa gücü yetməz heç bir qasırğanın. Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi: “Tarix həmişə hər şeyi öz yerinə qoyur”.Vətənə sədaqət andı ilə ilhamlanan, bayrağa sonsuz məhəbbətlə sevdalanan o böyük qəlbindən süzülüb gələn, xalqımızın köksündə əbədi kök salan türkçülüyə, qardaşlığa, istiqlaliyyətə səsləyən əməllərin yüzilliklərə bərabər çinar ağacı kimi dözüm və dəyanətlə dayandı, qol-budağı əyilsə də, kökündən çıxarmaq mümkün olmadı mənəviyyat çinarını. İllər sonra tarix öz qiymətini verdi, 1955-ci ilin dekabrında ailən bəraət aldı. 1958-ci ildə “Şeirlər”, 1961-ci ildə “Sən ağlama, mən ağlaram” kitabların çap olundu, dilimizə tərcümə etdiyin 1961-ci ildə Fransua Rablenin “Qarqantua və Pantaqruel”, 1962-ci ildə Vilyam Şekspirin “Otello”, “Romeo və Cülyetta”, 1978-ci ildə Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərləri işıq üzü gördü...
    Həyatın qısa olsa da, ədəbiyyatımızın, mənəviyyatımızın zənginləşməsi yönündə gördüyün işlər o qədər çoxşaxəlidir ki, haradan başlayıb harada bitirəcəyini təxmin belə edə bilmirsən. Milli tarix, fəlsəfə və mənəviyyatla bağlı elə bir motiv tapılmaz ki, ona toxunmayasan, vətənpərvərlik, Vətənə bağlılıq həyatının hər dönəmində əsl ideya bayraqdarın olub, dövlətçiliyimizin əsas rəmzi sayılan üçrəngli bayrağa aid altı nəğmə yazmısan. “Baxaq dilimizə nələr görünür: Oxuyub-anlamaq yazmaqdan gücdür” söyləyərək dilimizin saflığını hər şeydən üstün tutmağın vacibliyini aşılamısan, əlifbaya poeziya həsr edib, görkəmli dramaturq Cəfər Cabbarlı ilə birgə latın əlifbasını müdafiə edən iki ziyalıdan biri olmusan, neçə-neçə şeirlər kitabın işıq üzü görüb, tənqidi, publisistik məqalələrin yol göstərib gənclərə, yaşlılara. “Çırpınırdın Qara dəniz” şeirin bu gün də türk dövlətlərini birliyə, bərabərliyə səsləyən istiqlal himni kimi dillərdə dastana dönüb, Azərbaycan və Türkiyənin qardaşlıq münasibətləri “Dost elindən əsən yellər, Bana şeir, salam söylər” sözlərinin əməldə təcəllasına çevrilib. Müəllifi olduğun dövlət himnini yaddaşına həkk edən mübariz Azərbaycan əsgəri hüququndan keçib, “Sənə hər an can qurban, sənə min bir məhəbbət” söyləyərək müqəddəs torpaqların azadlığı yolunda, əzəli yurdumuzun gülüstana dönməsi naminə şəhid, qazi, qalib olaraq 44 günə Qarabağımıza qovuşdurdu bizləri, şənini vəsf etməkdən doymadığın üçrəngli dövlət bayrağımız bu gün Şuşada, Laçında, Xocavənddə dalğalanır...
    “Azərbaycanın gözəl himni var. Sevindirici haldır ki, bu himn hələ 1918-ci ildə yazılıb.  Bunun müəllifi bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyovdur. Himnin sözlərini böyük şairimiz Əhməd Cavad yazıb. Onun musiqisi də çox gözəldir, sözləri də çox mənalıdır, gözəldir”, – deyən ümummilli liderimiz ən yüksək qiyməti verib yaradıcılığına. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi “Tədbirlər Planı” ilə 130 illik yubileyin ən yüksək şəkildə qeyd olunur ölkəmizin hər yerində, qədim Naxçıvan diyarında. Nə qədər ki müzəffər xalqımız, ulu öndər ideyalarından güc alan qüdrətli  Azərbaycan vardır ən yüksək kürsülərdə səslənəcək dövlət himnimiz, ən uca zirvələri fəth edəcək üçrəngli bayrağımızla birgə daim xatırlanacaq, əbədi olaraq yaşayacaqsan, ey 130 yaşlı istiqlal Günəşimiz Əhməd Cavad, sadalaya bildiyim və bilmədiyim bütün dəyərli ithaflarınçün ruhuna dərin hörmət və ehtiramla...

Nail ƏSGƏROV

Nəşr edilib : 10.08.2022 18:57