AZ EN RU

Ruhda doğan günəşlə aydınlanan rəngli xəyallar...

    “Gözləmə, özün öz möcüzəni yarat, özün özünü sev, özün öz qəlbində ümidlərini böyüdüb başqalarına ümid ol. Səhər Günəş doğmasını gözləmə, özün öz gülüşünlə ruhunun qaranlığını məhv et. Amma əsla gözləmə. Çünki bu həyatda gözləyənlər yox, kədərə inad gülümsəyib, ayrılığa inad sevib, ölümə inad yaşayanlar qalibdir, unutma” söyləyir dördnəfərlik Hacıyevlər ailəsinin atasının təbirincə desək, böyük düşünən kiçik övladı, sağlamlıq imkanları məhdud yazar Nail Nəvai. “Şöhrət” ordenli şair mərhum Elman Həbib, Sərdar Zeynal, Mahir Səmədov, Sərvər Məsum, Nizami Əzizəliyev kimi söz sənətinin sədaqətli yolçuları ilə bir eldə – Ordubad rayonunun Tivi kəndində, 1996-cı il dekabrın 12-də dünyaya göz açan bu istedadlı gəncimizin mübarizə dolu 25 illik həyat yolunun keşməkeşlərini öz dilindən dinlədikcə müsahibimi könüldən alqışlayıb, əhsən deyir, kiçik maneə qarşısında təslim olan, pessimist duyğulara qapılan insanları qınaq hədəfinə çevirirəm düşüncəmdə...

    “Rəngli xəyallar” kitabının müəllifi olan yazar Nail Nəvai ilə söhbətimiz zamanı olanları, keçənləri xatırlayır, onun həyat yoluna, yaradıcılıq dünyasına birgə səyahət edirik: – Zamanın sizə nə verəcəyi, nə alacağı bilinməz. Sadəcə, ümid et və inan hər şeyin yaxşı olacağına. Mən də belə etdim... Uşaqlıq çağlarımdan xatırlayacağım acılı-şirinli anlar çoxdur, ancaq əsas nüanslara toxunmaq istərdim. Gəlin hafizəmdə dərin iz buraxan məktəb illərimə qonaq edim sizi... 
    Köhnə məhəlləmizdəki məktəb tədrisə olduqca yararsız idi. Yağış yağan zaman sınıq dam örtüyündən siniflərə su dolur, soyuq və rütubət olurdu otaqlar. Bu səbəbdən dövlətimiz onu yenisi ilə əvəz etdi. Müasir məktəb binası bizim yeni köçüb gəldiyimiz məhəllədə inşa olunurdu. Sizcə bu təsadüf ola bilərdimi? Məncə yox. Uca Yaradan dualarımı eşitmişdi. O da istəyirdi oxuyam, təhsil alam, həyatla mübarizə aparam. Bunun üçün daim şanslar yaradır, yorulmağıma baxmayaraq, durmadan sınayırdı məni. Həyat mənə öncə yanlış olanı, sonra isə doğrunu öyrədib. Yıxılaraq qalxmağı, qorxudaraq qorxusuzluğu dolğun şəkildə izah etdiyi kimi... 
    – Uşaqlıqdan ən böyük qorxum insan kütləsi içərisində özümə yer edə bilmək idi. 2005-ci ilin sentyabrında bu qorxduğum başıma gəldi. Daha doğrusu, böyük arzumu reallaşdırmağı bacardım. Əksər uşaqlar üçün sevincli, həyəcanlı keçən həmin günü həyatımın dönüm nöqtəsi, mübarizəminsə ən çətin mərhələsi sayırdım. Bəlkə də, mən elə zənn edirdim. Özümü heç gözləmədiyim bir anda 100-150 nəfər şagirdi olan məktəbin kiçik bir sinif otağında tapdım. Əvvəlcə bu mənə oyanmaq istəmədiyim gözəl bir yuxu və heç bitməyəcək xəyal kimi gəlirdi. Amma həqiqətdə bu, nə yuxu idi, nə də bitməyəcək bir xəyal. Artıq xəyalın qurduğum binada, məktəb partasının arxasında əyləşmişdim. İçərisində rəngli dəftər, qələm olan, özümə məxsus kiçik çantam, əynimdə məni tamam dəyişmiş, ipəkdən tikilmiş qara kostyum, boz ipək şalvar var idi... Məktəbə qədəm qoyduğum o günü hər dəfə xatırlayanda sanki yenidən yaşayıram, hafizəmin ən gözəl yerində dəyərli hədiyyə kimi bərk-bərk saxladığım həmin unudulmaz anları. Atamla birgə üz tutduğum məktəbin bir pilləsindən digər pilləsinə ayaqlarımı çətinliklə atsam da, ruhum qanadlanıb azad və qorxusuzca məni ümidli günlərə, xoşbəxt gələcəyə, inandıqlarıma doğru çəkirdi. İnamlı sabahlara uzanan bu yolda qarşılaşdığım çətinliklərdə, müalicə aldığım dönəmlərdə dövlətimin, valideynlərimin, həkimlərin, müəllimlərin üzərimdəki qayğısını, diqqətini hiss edirdim daim... 
    Doqquzuncu sinifdə səhhətimlə bağlı olaraq məktəbə getmədən, öz gücümə bacardığım qədər hazırlaşaraq buraxılış imtahanında iştirak etdim. Bundan sonrakı həyatımın çox hissəsini evdə keçirdim. Bu müddətdə düşünmək, özümü bir az da dərk etmək üçün kifayət qədər zamanım oldu. Bu zaman müddəti tək bir həqiqəti öyrətdi mənə. Xəyal qurub heç nə etməmək, ona doğru bir addım atmamaq sanki ən sevdiyin oyuncağını istəməyərək, başqasına verib, sonra da onunla necə oynadığını kənardan seyr etmək kimidir... Təbii ki, mən də artıq hərəkət etməli, zamanın belə boş-boş, mənasız şəkildə axıb getməsinə icazə verməməli idim. Bəs ilk addımı necə atmalı, xəyallarıma doğru necə getməli idim? Bu suala cavab tapmaq elə də çətin deyildi, sadəcə, yarım olanı tamamlamalıydım. Yenidən oxumaq, yarım qalanı tam etmək istəyi ruhuma hakim kəsilirdi, gün ötdükcə daha da çox. Ancaq elə də asan olmayacağını da yaxşı bilirdim. Zatən uğura gedən yol hər zaman çətin və tikanlı döngələrdən keçir. Nəhayət, günlərin birində bu düşüncəmi ailəmlə paylaşdım. Öncə hər zaman olduğu kimi, tərəddüdlə yanaşdılar səhhətimlə əlaqədar. Amma mən özümə, bacaracağıma, ən əsası da inandıqlarıma inanırdım. 
    2017-ci ilin sentyabr ayında hazırlıq üçün Şahbuz rayonuna getdim. Xəyallarıma doğru atdığım bu addım məni xoşbəxt etdiyi kimi tərəddüd içərisində də buraxırdı. Çünki uzun zaman idi ki, elm, oxumaq kimi hava, su qədər vacib olan şeylərdən uzaq düşmüş, bildiklərimin çoxunu unutmuşdum. Hər şeyi yenidən, sıfırdan öyrənməli olacaqdım. Amma hər zaman beynimdə tez-tez düşündüyüm, gerçəkliyinə inandığım bir fikir vardı: itirdikcə qorxur, qorxduqca daha da itirir insan. Beləcə, içimdəki inam hissinin mənə qazandırdığı əzmlə, şövqlə çalışaraq istəyimə nail oldum, 2018-ci ildə Naxçıvan Musiqi Kollecinə qəbul olub, kitabxana informasiya təminatı ixtisası üzrə təhsil almağa başladım. Bu kimi uğurlar, bəlkə də, çoxuna adi, kiçik görünə bilər. Amma mənim üçün bu həm böyük nailiyyət, həm də xəyallarıma açılan ilk qapı idi. Bu uğur qəlbimdə hər şeyin yaxşı olacağı ümidini daha da artırır, arzularımı çiçəkləndirirdi. Bax beləcə, dövlətimin bütün gənclər kimi mənim üçün də yaratdığı əlverişli şəraitdən istifadə edib müəllimlərimin dəstəyi ilə oxuyub bitirdim kolleci. Ötən il ilk kitabım da işıq üzü gördü. Məni məndən soraq almaq istəsəz mütləq o kitabı oxuyun, – deyərəm. Həyatımın, yaşadıqlarımın qısa xülasəsidi – “Rəngli xəyallar”...
    Son olaraq oxuculara, xüsusilə də həmyaşıdlarıma, gənclərə xitabən deyirəm ki, yaxşılıq etməyi özünüzə vərdiş edin, pis və yaxşı deyə insanları təbəqəyə bölməyin. Çünki heç bir insan dünyaya pis və ya yaxşı olaraq gəlmir. Onlar sonradan insanın özü tərəfindən qazanılan daxili keyfiyyətlərdir. Hörmət, qayğı, sevgi. Bunlar paylaşdıqca çoxalan miras və ətrafınızdakı insanlara verə biləcəyiniz ən böyük mükafatdır. Xoşbəxt olmaq üçün elə də böyük səylər göstərməyə ehtiyac yoxdur. Sadəcə, özünüzü kimsə ilə müqayisə etməyin, yalnızca gözəl daxili keyfiyyətlər qazandırın xarakterinizə, müsbət fikirlərlə, inam hissi ilə doldurun qəlbinizi. Düzdür, bəzən tükənir insan, yorulur, qırılır. Bütün rəngbərəng xəyalların yerini bir andaca böyük bir ümidsizlik alır. Ən doğmalarımız belə, yadlaşır həmin an. Böyük kütlə içərisində tənhalaşırıq. Amma əsla ümidimizi itirməməliyik. Ümid insan ruhunda doğan Günəş kimidir. Günəş necə gecənin qaranlığını həbs edib kainatı aydınladırsa, ümid də ruhun qaranlığını aydınladır. Ümidin Günəşdən tək fərqi isə Günəş hər səhər, ümidsə hər şey bitdiyini zənn etdiyin an doğur:

    Ümid elə, bir az da gül,
    Kənara at dərdi, qəmi.
    Düşün ruhun bir dənizdi,
    Sən dənizə aşiq gəmi.

    Gənc istedadlı yazarımız Nail Nəvainin 25 illik ömür kitabının səhifələrini vərəqlədik. Onunla qısa söhbətimiz, birgə nəzər saldığımız həyat və yaradıcılıq yolu məndə ondakı bu mübariz yaradıcı ruhun, əzmkar istəyin, istedad və bacarığın nə qədər dəyərli olduğu qənaətini yaratdı. Hamıya nəsib olmayan o məziyyətlərin hər zaman həssas qəlbli şairimizin həyat yolunu, gələcəyini nura qərq etməsi, ruhunda doğan Günəşin rəngli xəyallarını bahar təravətinə bürüməsi diləyi ilə...

Nail ƏSGƏROV

Nəşr edilib : 22.04.2022 18:19