AZ EN RU

Röya Abdullayevadan tarixi nəticə, Fidandan uğurlu debüt!

Bakı şəhərində ilk dəfə olaraq 20 və 17 yaşadək idmançılar arasında qrepplinq üzrə Avropa çempionatı keçirilir. Mayın 27-də start verilən yarışda ölkəmizi təmsil edən idmançılar arasında Naxçıvan Kikboksinq Federasiyasının və “Turan Döyüş Klubu”nun idmançıları Röya Abdullayeva və Fidan Paşayeva da olub. Təmsilçilərimizin hər ikisi ilk dəfə iştirak etdikləri qitə miqyaslı yarışı uğurla tamamlamağa nail olub. 

Röya Abdullayeva 52 kq çəki dərəcəsində Polşa, İspaniya, Ukrayna idmançılarına qarşı dairəvi sistem üzrə mübarizədən qalib ayrılaraq qitə çempionatının qızıl medalına sahib çıxıb. Röya ölkəmizi bu yaş kateqoriyasında təmsil edən idmançılar arasında yeganə qızıl medal mükafatçısı olub. O, həmçinin, 17 yaşadək qızlar arasında qrepplinq üzrə Avropa çempionu olan ilk Azərbaycan idmançısı kimi də adını tarixə yazdırıb. Digər təmsilçimiz Fidan Paşayeva isə 49 kq çəki dərəcəsində rusiyalı və ukraynalı idmançılara qarşı mübarizə aparıb. Nəticədə Fidan bürünc medala layiq görülüb. Azərbaycan idmançıları yarışı 1 qızıl, 3 gümüş və 4 bürünc medalla tamamlayıblar. 

Məlumat üçün bildirək ki, Röya şəxsi məşqçisi – atası Xəyal Abdullayevin rəhbərliyi ilə bir çox yarışlarda iştirak edərək universal döyüş üzrə dünya çempionatının, kikboksinq, MMA və qrepplinq üzrə Azərbaycan çempionatlarının qalibi kimi böyük nailiyyətlərə imza atıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.05.2024 12:56