AZ EN RU

Ronaldonun Vətənində Bragaya futbol dərsi

UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində fevralın 16-sı Bakı vaxtilə saat 00:00 da start götürən  Portuqaliyanın prestijli "Braga"sı ilə Azərbaycan futbolunun baş tacı Ağdamın "Qarabağ" futbol klubu arasındakı oyunu yuxusuna haram qatıb canlı izləyənlər möhtəşəm bir tarixə şahidlik etdilər.

Oyundan öncə Qarabağı xor görən rəqib oyunçular azı 5 qol atmağın zəruri olduğunu bildirsələr də, Qurban Qurbanov onların bu ümidini məşhur "Estádio Municipal De Braga" stadionun çimlərinə və qayalarına dəfn etdi. Futbolumuzda ilklər müəllifi olan milli qürurumuz Braganı darmadağın etdi: 2-4. Hələ qaçırdığımız, dəyərləndirə bilmədiyimiz epizodları demirəm...

Başa düşürsünüz, söhbət Portuqaliya futbolunun nəhəngi Bragadan gedir və biz Avropanın Qərbini bu gecə futbolumuzla fəth etdik. Döyüşdük, sözün həqiqi mənasında göstərdik ki, futbolda büdcə və prestij fərqi hələ heç nə demək deyil. Bragaya evində 4 top vurmaq hər Avropa klubuna nəsib olan iş deyil. Bunu biz bacardıq. Özü də futbolun canlı əfsanəsi, statistikaları alt-üst edən Kristiano Ronaldonun Vətənində. 126 milyon avroluq heyətə malik Bragaya öz evini cəhənnəmə çevirməkdir bunun adı. Oyunun sonunda portuqaliyalı azarkeşlər bu futbolu ayaq üstdə alqışladılarsa, biz bu komanda ilə necə qürurlanmayaq?

Turun cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq, qəlbimiz T.Bəhramov adına Respublika stadionunda atacaq. Hesab bizi aldatmasın. Doğma komandamızdan evdə də rəqibdən üstün oyun, ciddiyyət, psixoloji hazırlıq və parlaq qələbə gözləyirik. Çünki top yuvarlaqdır, cüzi səhvlər bağışlanılmır.  Qarabağımıza Avropa Liqasında növbəti turuna keçəndə bu qələbə daha bir məna qazanacaq. Qarabağa isə tur yaraşır.

Yaşatdığın möhtəşəm gecə və qürur üçün təşəkkürlər Qarabağ, təşəkkürlər Qurban Qurbanov!

İdmanı siyasətə qatmaq fikrində deyiləm, amma bütün hallarda sən Qalibsən, Azərbaycan! Futbolda da, döyüşdə də, siyasətdə də. Qələbələrin davamı gəlsin!

Muxtar Rzazadə

Nəşr edilib : 16.02.2024 09:10