AZ EN RU

Robotex Türkiyə şirkəti ilə Naxçıvan Dövlət Universiteti arasında birgə əməkdaşlığa dair protokol imzalanıb

    Bu məqsədlə Robotex Türkiyə Qurucuları Orhan Çevik, Nilay Er, Gürcan Lokman, Robotexin Texniki koordinatoru Gürkan Lokman, Naxçıvan Dövlət Universitetində olublar.
    İkitərəfli görüşdə ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev qonaqları salamlayıb, robot texnologiyalarına əsaslanan ixtisaslar, süni intellekt, proqramlaşdırma, STEAM texnologiyası barədə məlumat verib. Rektor universitet ilə IBM şirkəti arasında müqavilənin imzalandığını diqqətə çatdırıb. Bildirilib ki, müqaviləyə əsasən IBM şirkəti ilə birlikdə Naxçıvan Dövlət Universitetində Proqramlaşdırma Mühəndisliyi İnstitutu(Software Engineering Institute) yaradılacaq.
    Robotex Türkiyə Qurucularından olan Orhan Çevik fəaliyyət göstərdikləri şirkət barədə ətraflı məlumat verib, gələcək fəaliyyət istiqaməti barədə fikirlərini diqqətə çatdırıb.    
    Sonra hər iki tərəf arasında birgə əməkdaşlığa dair protokol imzalanıb. 
    Sonra qonaqlar universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsində professor-müəllim heyəti, bu sahədə fəaliyyət göstərən orta məktəb müəllimləri və tələbələr üçün təlim keçiblər. Tədbirdə çıxış edən universitetin rektoru, dosent Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin Robotex Azərbaycan təmsilçiliyi hüququnu qazanması münasibətilə hər kəsi təbrik edib. Qeyd edilib ki, bu gün əsası qoyulan əməkdaşlıq orta və ali təhsil müəssisələrində bu sahədə fəaliyyət göstərənlər üçün faydalı olacaq. 
    Robotex Türkiyənin qurucusu Orhan Çevik təmsilçisi olduğu qurum haqqında ətraflı məlumat verib, “Robotex Türkiyə-2023” festivalının qalibi olan universitetin “NSUTECH” komandasını Estoniyada keçiriləcək Dünya Robot Festivalında iştirak hüququ qazanması münasibətilə təbrik edib. 
    Robotexin Texniki koordinatoru Gürkan Lokman “Dünyanın ən böyük robotik festivalı Robotex Beynəlxalq artıq Azərbaycanda” adlı çıxışında qeyd edib ki, robotexin əsas məqsədi Texnologiyanı düzgün formada istifadə etməkdir. Bildirilib ki, Robotex International dünyanın ən böyük robotexnika yarışmasıdır. İlk dəfə 2001-ci ildə Taltech Assembly Hall-da keçirilən tədbirin məqsədi müxtəlif çətinlik səviyyələrində müsabiqələr təşkil etmək və bütün robotexnika, elm və mühəndislik həvəskarlarını bir araya gətirməkdir. 
    Müəyyən kateqoriyalar üzrə robot texnologiyaları barədə məlumat verən Gürcan Lokman İnvestor nədir, təsnifatları, özəllikləri, investorlar üçün  gərəkli olan 7 addım barədə təlim iştirakçılarını məlumatlandırıb. Bölgə turları və komandaların beynəlxalq çempionata necə vəsiqə qazanmaları üçün vacib məqamlar diqqətə çatdırılıb.
    Təlimin ikinci günü iştirakçılara “Sahibkarlıq çağırışı” kateqoriyası üzrə məlumat verilib, müəllim və tələbələr bu sahədə müəyyən təcrübələr əldə edərək sertifikatla təltif olunublar.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və

ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 06.07.2023 18:09