AZ EN RU

Reytinq xətrinə duyğularımızı baltalamayın!!!

Jurnalistika elə sahədir ki, tənqidlə məşğul olur, nöqsanları aşkar edir, onların aradan qaldırılması üçün çalışır, hadisələrə operativ yanaşır. Jurnalistlər çalışırlar ki, araşdırma edib bütün həqiqətləri cəmiyyətə çatdıra bilsinlər. Bəzən faktı araşdıranda, onu təhlil edəndə, informatorlarla görüşəndə anlayırsan ki, məsələ sənin fikir bildirdiyin kimi deyil, fərqli imiş. Jurnalistin məkanı yoxdur. Harada qaynar xəbər varsa, jurnalist orada. Harada cəmiyyətə çatdırılmalı lazımi informasiya varsa, jurnalist orada. Bir sözlə, harada yeni xəbər, yeni söz varsa, jurnalist orada. 

Dünəndən gündəmi zəbt edən ailə faciəsinə səbəb olmuş Əhmədin xəbəri yüzlərlə başlıq altında paylaşıldı. Bəzi səriştəsi olmayan bir qrup “jurnalist” yalan dolu dezinformasiyalar, həqiqəti əks etdirməyən başlıqlar, ailəsindən tut ta ki bütün şəcərə qohumlarına qədər tanıtdırdılar bizə Əhmədi. Bununla da yetinməyərək baş verən faciənin videosunu belə paylaşdılar. Reytinq xətrinə canfəşanlıq etdilər. Jurnalist etikasına uyğun olmayan addımlar atdılar. Unutdular ki, cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajların əsassız olaraq sensasiyalı formada təqdim olunması qanuna ziddir. Ən əsası unutdular ki, jurnalist vasitə kimi istifadə olunmamalı, əksinə, öz reportajlarında belə şəxslərin fəaliyyəti barədə müvafiq məhdudiyyətləri tətbiq etməli və reportajlar hazırlamamalıdır.  Ürək parçalayan, can yandıran görüntülərlə gündəm olub like toplayan media təmsilçiləri öz vicdanları ilə üzbəüz oturub əhalinin həssas təbəqələrini düşünməli, jurnalist adına ləkə gətirməməlidirlər.

Biraz əvvəl Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası fevralın 13-də Bakı şəhərinin Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı paylaşılan foto və videogörüntülərə dair birgə bəyanat yaydı.

“Media haqqında” Azərbaycan Respublikası Qanununa görə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin qanuni nümayəndələrinin razılığı olmadan media subyektləri və jurnalistlər tərəfindən yayılmasına yol verilmir.

Əziz həmkarlar, gəlin hisslərimizi istismar edəcək materiallar yaymayın! Reytinq xətrinə duyğularımızı baltalamayın!!!

Fariz ƏHMƏDOV

Nəşr edilib : 14.02.2024 16:21