AZ EN RU

“Rəssamların fırçasında əbədiləşən diyar-Naxçıvan”adlı rəsm müsabiqəsinin qalibləri bəlli olub

Mayın 19-da Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikası Mədəniyyyət və Təhsil Nazirliklərinin birgə təsdiq etdiyi 2022-2023-cü tədris ili üçün tədbirlər planına əsasən keçirilən “Rəssamların fırçasında əbədiləşən diyar-Naxçıvan” adlı rəsm müsabiqəsinin yekun mərhələsi keçirilib.

Bu  münasibətlə təşkil edilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı Anar Təhməzli və Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli müsabiqənin məqsəd və əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, müsabiqə böyüməkdə olan nəslə qədim və müasir Naxçıvanın daha da dərindən öyrədilməsi, ümumtəhsil məktəblərində təhsil alan istedadlı yeniyetmə və gənclərin aşkar edilib üzə çıxarılması, onlarda yaradıcılıq potensialının inkişaf etdirilməsi, ümumtəhsil məktəblərində təsviri incəsənət dərslərinin tədrisinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə keçirilir. Müsabiqə 3 tur olmaqla muxtar respublika üzrə ümumtəhsil məktəblərinin rəsm çəkmək bacarığı olan VI-XI sinif  şagirdləri arasında təşkil olunub. Rayon, şəhər turlarının qalibləri muxtar respublika turunda iştirak etmək hüququ qazanıblar.

Sonra müsabiqə iştirakçıları 2 saat ərzində mövzuya uyğun rəsm çəkiblər. Münsiflər Heyətinin qərarı ilə qaliblər müəyyən edilib.

Sonda müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Müsabiqədə birinci yerin qalibi Ordubad rayon Nüsnüs kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Sara Salehli, ikinci yerin sahibləri Naxçıvan şəhər 6 nömrəli məktəbin 11-ci sinif şagirdi Həcər Fərzəliyeva və Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi İlknur Haqverdiyeva, üçüncü yerin sahibləri isə Babək rayon Naxışnərgiz kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Günay Zamanova və Şahbuz şəhər bir nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Nurhan Heydərov olub.  Qaliblər Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb, 5 nəfər iştirakçı  Fəxri Fərmanla təltif edilib. Müsabiqənin bütün iştirakçılarına Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Təşəkkürnamə” təqdim edilib.

Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.05.2023 16:33