AZ EN RU

Rəssamın fərdi sərgisi təşkil edilib

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Ulu Öndər Heydər Əliyevin doğum gününə və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərlinin fərdi yaradıcılıq sərgisi təşkil olunub.

Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA-nın prezidenti İsa Həbibbəylinin video təbriki səsləndirilib, Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri Fazil Mustafanın təbrik məktubu oxunub.

Tədbiri giriş sözü ilə Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva açıb. Bildirilib ki, bu il muxtariyyətinin 100 illiyini qeyd etdiyimiz Naxçıvanımızın inkişafının, tərəqqisinin təməli Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadimi Naxçıvanın muxtariyyət qazanmasını dövlətçilik tariximizdə mühüm nailiyyət kimi qiymətləndirirdi.

Vurğulanıb ki, 70 illik yubileyi ərəfəsində bu gün fərdi sərgisi təşkil olunan Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərlinin yaradıcılığında Ulu Öndərin çoxşaxəli fəaliyyəti əsas yer tutur. Əli Səfərli həm də doğma Naxçıvanın tarixi abidələrini, əsrarəngiz təbiət gözəlliklərini ustalıqla kətana köçürən rəssamlarımızdan biridir. Sərgidə həmin əsərlərin bir qismi nümayiş olunur.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva, Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, Naxçıvan Muxtar Respubliksı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin direktoru Pərvin Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Təranə Arifqızı rəssamın çoxsahəli yaradıcılığından bəhs ediblər. Əli Səfərli tədbirdə çıxış edərək təşkilatçılara minnətdarlığını bildirib. Sonra sərgiyə baxış olub.

Qeyd edək ki, 45 əsərin yer aldığı sərgi bir həftə davam edəcək.          

                                                                          Aidə İBRAHİMOVA

Nəşr edilib : 08.05.2024 19:21