AZ EN RU

Rəssam Qəhrəman Tağıyev əsərlərini muzeylərə hədiyyə edib

Aprelin 20-də Naxçıvan Dövlət Rəsm Qalereyasında Azərbaycan Rəsamlar İttifaqının və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü rəssam Qəhrəman Tağıyevin “Duyğular və rənglər” adlı fərdi yaradıcılıq sərgisi açılıb. Mədəniyyət və incəsənət nümayəndələrinin, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və rəssamın ailə üzvlərinin iştirak etdiyi sərginin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova Azərbaycan mədəniyyətinin bütün sahələri kimi rəngkarlığın, rəssamlıq məktəbinin tərəqqisinin də bu il 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib, xalqın müdrik oğlunun təşəbbüsü ilə yaradılan  Naxçıvan Dövlət Rəsm Qalereyasının, Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatının muxtar respublikada rəssamlığın inkişafına, gənc rəssamların yetişib, püxtələşməsinə təsirindən danışıb.

Naxçıvan rəssamlarının qiymətli sənət inciləri yaratmaqla mədəniyyətimizin inkişafına öz töhfələrini verdiyini bildirən  Natəvan Qədimova fərdi sərgisi keçirilən Qəhrəman Tağıyevin həyatı və yaradıcılığı barədə məlumat verib. Qeyd olunub ki, öz palitrasını yaradaraq, individual bədii həll yolunu cızan, təkrarolunmaz sənət əsərləri ərsəyə gətirən Qəhrəman Tağıyev bu günə qədər bir çox festival və müsabiqələrin qalibi olub, əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Mədəniyyət naziri Qəhrəman Tağıyevi fərdi sərgisi münasibəti ilə təbrik edib, ənənəni  davam etdirərək əsərlərini muzeylərə hədiyyə etdiyi üçün təşəkkürünü bildirib.

Sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Ülviyyə Həmzəyeva Qəhrəman Tağıyevin yaradıcılığının janr baxımından rəngarəng olduğundan bəhs edib. Fırça ustasının realist, müasir üslubda işlənmiş portret, kompozisiya, natürmort və mənzərələrində mədəni irsimizin, milli adət-ənənələrimizin, Naxçıvanın zəngin təbiətinin, möhtəşəm tarixi abidələrinin öz əksini tapdığını vurğulayıb.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov, rəssamın sənət dostları-Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli Qəhrəman Tağıyevin yaradıcılığının özünəməxsus xüsusiyyətləri barədə fikirlərini bölüşüb, xatirələrini danışıblar.

Sonda çıxış edən Qəhrəman Tağıyev sərginin təşkilinə, əməyinə verilən dəyərə görə minnətdarlıq edib, əsərlərinin muzeylərdə yer alacağından məmnunluq hissi  keçirdiyini bildirib. Rəssam sərgidə nümayiş etdirilən 32 rəsm əsərindən 10-nunu Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərə hədiyyə edib.

Tədbirin sonunda sərgiyə baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.04.2023 17:01