AZ EN RU

Respublika Veteranlar Təşkilatında “Nəsillərin görüşü” silsiləsindən növbəti görüş olub

Yanvarın 25-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Nəsillərin görüşü” silsiləsindən gənclərin və veteranların iştirakı ilə növbəti görüş keçirilib.

2 fevral – Azərbaycan Gəncləri Günü ərəfəsində təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov çıxış edərək gənclər və veteranlar arasında belə görüşlərin mütəmadi şəkildə keçirilməsinin vacibliyinə diqqət çəkib: “Gənclər və veteranlar arasında görüşlərin keçirilməsinin həm mənəvi, həm tarixi, həm də ictimai baxımdan çox böyük əhəmiyyəti var. Çünki məhz belə görüşlər sayəsində gənclərimiz veteranlar, onların həyat və döyüş yolları haqqında ətraflı məlumat almaq imkanı əldə edirlər. Hər biri bir tarix olan veteranlarımızla belə təmaslar gənclərimizin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Onlar veteranların timsalında vətənin qorxmaz müdafiəçisini görürlər və məhz veteranların simasında Vətəni necə qorumaq lazım gəldiyini öyrənir, milli tariximizin ayrılmaz bir hissəsi olan veteranların fikir və düşüncələri ilə tanış olaraq mənəvi zənginliklərini artırırlar.

Gənclərlə veteranlar arasında görüşlər gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi baxımından da olduqca faydalıdır. Ulu Öndər Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılmasına, bu dəyərlərin gənclərə təbliğinə xüsusi diqqət və həssaslıqla yanaşıb. Məhz dövlətimizin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, hazırda gənclərimiz milli tarixə, milli soykökünə, milli-mənəvi dəyərlərimizə olduqca bağlıdırlar. Vətən müharibəsi və onun qürurverici nəticəsi bunu bir daha sübut edir”.

Qarşıdan gələn 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi təbrik edən Cəlil Xəlilov onlara uğurlar arzulayaraq deyib: “Əminəm ki, gənclər və veteranlar hər zaman olduğu kimi bundan sonra da milli mənafeyimizin, dövlətimizin və dövlətçiliyimizin keşiyində dayanacaq”.

Sonra çıxış edən Bakı Dövlət Universitetinin professoru Ağalar Abbasbəyli Heydər Əliyev ideyalarından, Ulu Öndərin gənclərə münasibətindən, onlara göstərdiyi qayğı və diqqətindən danışıb: “Heydər Əliyev hər zaman gənclərə xüsusi sevgi və qayğı ilə yanaşıb, onların özlərini inkişaf etdirməsini, milli dəyərlərə bağlı şəxsiyyətlər kimi formalaşmasını vacib sayıb. Bu baxımdan Heydər Əliyev irsinin öyrənilməsi və təbliği sadəcə bu günümüz deyil, gələcəyimiz baxımından da mühüm əhəmiyyət kəsb edir”.

"Security Operation Services" (SOS) MMC-nin direktoru Anar Məmmədov isə çıxışında Azərbaycan gənclərinin Vətən müharibəsindəki qəhrəmanlığından bəhs edib, eləcə də gənclərlə veteranlar arasında görüşlərin əhəmiyyətindən danışıb.

Xalq yazıçısı Elmira Axundova 44 günlük Vətən müharibəsinin Azərbaycan gəncliyinin mövcud vəziyyəti ilə bağlı vəziyyəti ən xırda çalarları ilə üzə çıxardığını vurğulayıb. O, qeyd edib ki, gənclərin Vətən müharibəsindəki vətənpərvərliyi, yüksək döyüş əzmi onların öz qəhrəman ata-babalarının layiqli davamçıları olduğunu göstərdi.

Respublika Veteranları Təşkilatının sədri Fatma Səttarova isə çıxışında Azərbaycan xalqının Vətən müharibəsindəki Qələbəsinin bütün dünyaya səs saldığını, türk dünyasının bu Zəfərlə fəxr etdiyini bildirib: “Biz 44 günlük müharibədəki Zəfərimizə görə hər şeydən əvvəl qəhrəman şəhidlərimizə və qazilərimizə, xalqımıza, onun fədakarlığına borcluyuq. Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusunun şanlı Zəfərləri ilə sübut olundu ki, Azərbaycan xalqı yenilməzdir, öz təhlükəsizliyini qorumağa, ərazi bütövlüyünü təmin etməyə qadirdir”.

Sonda bəzi veteranlara Təşkilatın Fəxri fərmanları və üzvlük vəsiqələri verilib.

Nəşr edilib : 25.01.2024 15:38