AZ EN RU

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə Respublika məktəblilərinin fənn olimpiadasının yarımfinal turu keçirilib.

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin VIII-XI siniflərindən 240 şagirdin iştirak etdiyi bu bilik yarışında şagirdlər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya olmaqla 7 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Şagirdlərə hər fənn üzrə qapalı test formasında hazırlanan 30 sual təqdim olunub. Həmin test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə üç saat vaxt ayrılıb.

Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanmasına dəstək olmaqdır.

Qeyd edək ki, ötən il də keçirilən Respublika fənn olimpiadasında muxtar respublika şagirdlərindən 28-i qalib olub.

                                        Naxçıvan Muxtar Respublikası Təhsil 

                                        Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.02.2023 17:30