AZ EN RU

“Rəsmi statistik hesabatlar. Hazırlanmasına verilən tələblər” mövzusunda seminar-treninq keçirilib

14 iyul tarixdə muzey əməkdaşları üçün “Rəsmi statistik hesabatlar. Hazırlanmasına verilən tələblər”  mövzusunda seminar-treninq keçirilib.

Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən seminar-treninqi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının şöbə müdiri G.Babayeva açmış, və “Rəsmi statistik hesabatlar. Hazırlanmasına verilən tələblər” mövzusunda çıxış etmişdir.

Qeyd edilmişdir ki, xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən muzeylər ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin qorunduğu və nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olub, respublikamızın bütün bölgələrini əhatə edir.

Naxçıvan Muxtar Respublikasında da muzeylərin fəaliyyəti, muzey xidmətinin təşkili diqqət mərkəzində saxlanılır. Hazırda Nazirliyin sistemində 1 rəsm qalereyası və 29 müxtəlif profilli muzey fəaliyyət göstərir ki,  bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən eksponatlar sərgilənir.

Vurğulanmışdır ki, muzeylərdə uçot və hesabatların tərtibi mühüm əhəmiyyət kəsb edir. “Muzey və muzey tipli müəssisələrin fəaliyyəti haqqında” illik rəsmi statistika  hesabatında əsas fond eksponatlarının sayı, il ərzində həm muzeydə, həm də muzeydən kənarda nümayiş etdirilmiş eksponatların sayı, bərpa edilmiş eksponatların sayı və inventarizasiya keçmiş əşyaların sayı göstərilir. Muzeyin sahəsi və texniki vəziyyəti olan bölməyə isə əsas fondların nümayiş etdirilməsi və saxlanması üçün ayrılmış sahə, bundan başqa müdiriyyət otağı, elmi kitabxana, mühazirə zalları, laboratoriyalar, emalatxanalar, əməkdaşların və mühafizə işçilərinin otaqları, dəhlizlər, bufet, texniki və bütün digər otaqları özündə birləşdirən muzey binasının ümumi sahəsi daxildir.

Daha sonra “Muzey və muzey tipli müəssisələrin fəaliyyəti haqqında” illik rəsmi statistika  hesabatında qeyd edilmiş bölmələrin düzgün hazırlanma qaydaları izah edilmişdir.

Tədbirdə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin tərtibatçı rəssamı Baxşəliyeva Dilbər Yadulla qızı tərəfindən toxunmuş xalçaların kəsimi həyata keçirilmişdir. “Ana və bala” və “Xarı Bülbül” adlı xalçalar Naxçıvan Dövlət Xalça Muzeyinə hədiyyə edilmişdir.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və muzeyin ekspozisiyasına baxış olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.07.2022 14:06