AZ EN RU

Rəsm dünyasına ilk kövrək addımlar

Bizi özünün rənglər  dünyasına səsləyən gənc müsahibimiz Yusif Qasımlı ilə tanış olaq. Tez-tez sərgilərdə maraqlı rəsm işlərini izlədiyimiz balaca rəsm həvəskarı, al-əlvan rənglərlə insanların ruhunu oxşayan Yusif ürəyindən keçənləri bizimlə bölüşdü. Qazax rayonunun Hüseyinəhmədli kəndində doğulan Yusif hazırda Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbinin 6-cı sinifində təhsil alır. Musiqiyə də maraq  göstərən Yusif Qıvraq qəsəbə uşaq musiqi məktəbinin skripka sinifində bu musiqi alətinin sirlərini öyrənməklə yanaşı, fərdi olaraq fortepianonu ifa etməyi öyrənir. Daha çox məşğul olduğu sahə isə rənglər dünyasıdır. Məlumat üçün onu deyək ki, Yusif 5 yaşından rəssamlığa maraq göstərməyə başlayıb. Ailəsi də bu yolda ona dəstəkdir. Elə o vaxtdan da valideynləri marağını nəzərə alaraq Naxçıvan Rəssamlar Birliyinin üzvü Nigar Mustafazadənin yanına yönəldiblər. Müəllimindən fərdi dərslər almağa başlayan Yusif bu sənətə daha da bağlanıb.

İlk sərgisi 2023-cü ildə Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda təşkil olunub. Gənc rəsm həvəskarı bir çox müsabiqələrdə iştirak edərək diplom və müxtəlif mükafatlara layiq görülüb. 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Təhsildə uğurlu nəticələrinə görə” diplomu ilə təltif olunub. 13 yaşlı Yusif müxtəlif təbiət rəsmləri, natürmortlar, məişət janrında rəsmlər çəkməyi daha çox sevir. Ən böyük arzusu gələcəkdə tanınmış rəssam olmaqdır. Bunun üçün öz üzərində ciddi çalışır. Bizimlə söhbətində onu da bildirdi ki, görkəmli rəssamların həyat və yaradıcılıqları ilə dərindən maraqlanır.

Saatlarla molbertin önündə dayanaraq muxtar respublikanın təbiət gözəlliklərini, tarixi abidələrini kətana köçürməyə çalışır. Nigar müəllimənin sözlərinə görə Yusif  “Lalələr” adlı rəsmini görkəmli sənətkarımız Rəşid Behbudovun eyniadlı mahnısını eşidəndən sonra kətan üzərinə çəkməyə başlayıb. Digər rəsmlərində Yusif real cizgilərə daha çox diqqət yetirir.

Biz də inanırıq ki, rəsm dünyasında ilk kövrək addımlarını atan Yusif Qasımlı gələcəkdə tanınmış bir rəssam olacaq. Bu yolda ona uğurlar arzulayırıq.

 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 12.04.2024 10:55