AZ EN RU

Rəşad Əhmədov: Ötən il vətəndaşlara 75-80 milyon manata yaxın sığorta ödənişləri olunub

İcbari Sığorta Bürosu, eyni zamanda qarantiya fondu olaraq fəaliyyət göstərir. Əgər  bir yol-nəqliyyat hadisəsi baş veribsə, hadisəyə səbəb olan sürücünün üçüncü şəxslər qarşısında məsuliyyət sığortası, yəni icbari avtomobil sığortası yoxdursa, bu halda büro kompensasiya ödənişi həyata keçirməyə məcburdur. 2011-ci ildəndir ki, bu  İcbari Sığorta Bürosu tərəfindən həyata keçirilir. Bu çərçivədə milyonlarla ödəniş verilir.
 Bu sözləri jurnalistlərə müsahibəsində İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov söyləyib.
O deyib: “Minlərlə  vətəndaşlarımız vəfat edən şəxslərin vərəsələri kimi icbari sığorta tərəfindən kompensasiya ödənişi alırlar. Lakin bu illər ərzində muxtar respublika vətəndaşlarının bu ödənişi almadığının şahidi oluruq. Bu da onu göstərir ki, muxtar respublikada buna bənzər baş vermiş hadisələrlə bağlı İcbari Sığorta Bürosuna hər hansı müraciət olmuyub. Lakin bildiyiniz kimi, bugünkü forumda da qeyd olundu ki, artıq Naxçıvan Muxtar Respublikasında onlarla sığorta şirkətinin nümayəndəlikləri var və istənilən sığorta şirkətinin nümayəndəliyinə müraciət edərək ölüm və yaxud bədən xəsarətlərinə dair 2010-cu ildən bəri baş vermiş hadisələrlə bağlı müraciət əsasında kompensasiya ödənişlərin edilməsi mümkündür”.
Rəşad Əhmədov vurğulayıb ki, büroya daxil olan şikayətlərin 80 faizi icbari avtomobil sığortası ilə bağlıdır. Bu baxımdan ötən il vətəndaşlara ,təqribən, 1,5 milyona yaxın sığorta şəhadətnaməsi təqdim edilib, 70 minə yaxın sığorta ödənişi həyata keçirilib. Bu da, ümumilikdə, 75-80 milyon manata yaxın sığorta ödənişlərinin həyata keçirildiyini göstərir.

Nail ƏSGƏROV

Nəşr edilib : 29.05.2024 13:42