AZ EN RU

Rəqəmsallaşma və İKT: sosial məsuliyyətin yeni erası

Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu gün Ordubad rayonunda seminar keçirilib. “İKT və Rəqəmsallaşmada sosial məsuliyyət" mövzusunda keçirilən  seminarda Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli çıxış edərək bildirib ki, müasir dövrümüzdə ictimai davranışın, o cümlədən peşəkar fəaliyyətin təhlükəsiz təşkilinin əsas şərtlərindən biri məhz rəqəmsallaşmadır. Rəqəmsallaşma ölkəmizin çatmaq istədiyi əsas hədəflərdən biri olaraq muxtar respublikada da sürətlə inkişaf etməkdədir.

Seminarın əhəmiyyətinə toxunaraq vurğulanıb ki, rəqəmsallaşma ümumilikdə cəmiyyət üçün mühüm imkanlar açır. Muxtar respublikada rəqəmsallaşma İKT sahəsində müvafiq yeni infrastruktur quruculuğunu, mövcud infrastrukturun müasirləşdirilməsini, yeni texnologiyaların tətbiqini özündə ehtiva edir. Həmçinin, o da qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəqəmsallaşma sahəsində müvafiq tədbirlər həyata keçirilməkdədir, dövlət qurumlarında baş verən proseslərin səmərəliliyi ilə yanaşı, təhlükəsizlik və etibarlılıq daxil olmaqla bir sıra üstünlüklərə malikdir. 

Seminar sual-cavab sessiyası ilə davam edib.

Qeyd edək ki, seminarda rayonun dövlət qurumlarında İKT sahəsinə məsul şəxslərin iştirakı nəzərdə tutulub. Seminar digər rayonları da əhatə edəcəkdir. Növbəti seminar 25 yanvar 2024-cü il tarixdə Sədərək rayonunda keçiriləcək.

 Naxçıvan Muxtar Respublikası  Rəqəmsal İnkişaf və

Nəqliyyat  Nazirliyinin mətbuat xidməti 

Nəşr edilib : 23.01.2024 17:47