AZ EN RU

Rəqəmsallaşdırma və innovasiyaların tətbiqində yeni mərhələ

    Müasir dövrümüzdə informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsi genişlənərək dövlət strukturlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti bütövlükdə cəmiyyəti əhatə edir. Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı cəmiyyətlər dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır. Belə cəmiyyətlərin əsas üstün cəhətləri İKT-nin kütləvi istifadəsi, qlobal informasiya mühitinin yaradılması və digər bu kimi amillərdir. Artıq dünyanı İKT-nin bəxş etdiyi yeniliklərsiz, o cümlədən internetsiz təsəvvür etmək qeyri-mümkündür.
    Heç şübhəsiz ki, ölkəmizdə də informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən rabitənin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 2003-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olmuşdur. Onun diqqəti nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyulmuşdur.
    Rabitə sahəsinin inkişafı müasir mərhələdə dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rabitə sahəsində çalışan işçilərə göstərilən dövlət qayğısının əyani ifadəsidir ki, Prezident cənab İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamına uyğun olaraq, hər il dekabrın 6-sı “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü” kimi qeyd olunur. Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir. 
    Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə sahəsi muxtar respublikada da inkişaf etməkdədir. Bu gün muxtar respublikada rabitə və yeni texnologiyaların inkişafı istiqamətində, eləcə də əhaliyə nümunəvi rabitə və internet xidmətlərinin göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublikada telekommunikasiya sahəsində yeni texnologiyaların istifadəsi, xidmət şəbəkəsinin müasir standartlara uyğunlaşdırılması və yeni xidmətlərlə bağlı müvafiq işlər aparılır, müasir telekommunikasiya xidmətləri istiqamətində irimiqyaslı layihələr icra olunur. 
    Rabitə sahəsində gedən sürətli inkişaf əhalinin müasir rabitə xidmətləri ilə əhatə olunması istiqamətində işlərin davam etdirilməsinə əsas zəmin yaradıb. Bu gün muxtar respublikada abonentlərin müasir internet və rabitə xidmətləri ilə təmin edilməsi, göstərilən xidmətlərin hər kəsə əlçatan olması üçün kifayət qədər imkanlar və şərait mövcuddur. 
    İnformasiya texnologiyalarının müasir çağırışlar əsasında həyata keçirilməsi, əhaliyə yüksəkkeyfiyyətli internet və rabitə xidmətlərinin göstərilməsi məqsədilə nazirliyin maddi-texniki bazası davamlı olaraq möhkəmləndirilir, müasir avadanlıqlarla təchiz olunur. Nazirlik tərəfindən ixtisaslı kadrların hazırlanması istiqamətində zəruri tədbirlər də davam etdirilir. İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində fəaliyyət göstərən kurslar təcrübəli müəllimlər tərəfindən tədris olunur. Həmçinin gənc proqramçıların peşə istiqaməti üzrə biliklərinin artırılması istiqamətində də müvafiq işlər həyata keçirilir. Bunlarla yanaşı, rabitə idarələrinin müvafiq peşə ixtisasına malik olmayan əməkdaşlarının ixtisasartırma kurslarında iştirakı da təmin edilir.
    Görülən işlərin nəticəsidir ki, bütün yaşayış məntəqələrində simli və simsiz internetə çıxış imkanları mövcuddur. Bu gün özünün yüksəliş dövrünü yaşayan muxtar respublikamızda uğurla həyata keçirilən sosial siyasət əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmişdir.
    Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” muxtar respublikada ən müasir texnologiyaların tətbiqi, telekommunikasiya və poçt xidmətlərinin çeşidinin və keyfiyyətinin artırılmasına, internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, təhlükəsizliyin, dayanıqlılığın və xidmətlərin fasiləsizliyinin təmin edilməsinə şərait yaradacaqdır. Dövlət Proqramında da qeyd edildiyi kimi, Naxçıvan Muxtar Respublikasında fiber-optik magistral şəbəkə yenilənəcək, əhalinin keyfiyyətli internet xidmətlərinə çıxışı asanlaşacaq, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və həmçinin mobil rabitənin inkişafı ilə bağlı tədbirlər həyata keçiriləcəkdir. 
    Həmçinin bu il oktyabrın 31-də Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılması haqqında imzalanan Sərəncam əsasında muxtar respublikada rəqəmsallaşdırmanın və innovasiyaların tətbiqinin genişləndirilməsinə, rabitə və informasiya texnologiyalarının inkişafına və sağlam rəqabət mühitinin formalaşdırılmasına geniş şərait yaranmışdır.
    Bundan sonra da rabitəçilər yaradılan şəraitdən faydalanaraq muxtar respublikada yeni texnologiyalar sahəsinin inkişafını ən yüksək səviyyəyə çatdıracaq və muxtar respublikanı İKT sahəsində irəliyə aparacaqlar. 

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və

NəqliyyatNazirliyinin mətbuat xidməti

Nəşr edilib : 05.12.2023 18:22