AZ EN RU

Rəqəmsal ödəniş sistemi iqtisadi inkişafın təmin edilməsində mühüm əhəmiyyətə malikdir

    Müasir dövrün ən mühüm inkişaf tendensiyalarından birini nağdsız iqtisadiyyat təşkil edir. Rəqəmsal ödənişlərin tətbiqi bankların maliyyə vəziyyətinin yaxşılaşmasına və pul dövriyyəsinin tənzimlənməsinə gətirib çıxarır ki, bu da kreditləşmə və investisiya imkanlarının gücləndirilməsi nəticəsində iqtisadi artıma təkan verir. Muxtar respublikada da nağdsız ödəniş infrastrukturunun təkmilləşdirilməsi və rəqəmsal ödəniş xidmətlərindən istifadənin genişləndirilməsi məqsədilə kompleks tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın da əsas məqsədi əhali, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş imkanlarının daha da genişləndirilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsindən ibarətdir. 

    Ötən müddətdə proqramda nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması rəqəmsal ödəniş xidmətlərinin əhatə dairəsinin genişləndirilməsinə səbəb olmuşdur. Bu istiqamətdə işlər cari ilin birinci yarısında da davam etdirilmiş, 79 POS-terminal, 6 bankomat və 39-u MilliÖn olmaqla, 44 ödəniş terminalı quraşdırılmışdır. Nəticədə, yarım ilin sonuna POS-terminalların sayı 1590, bankomatların sayı 118, ödəniş terminallarının sayı isə 154 olmuşdur. 
    Yeni ödəniş terminallarının quraşdırılması məsafəli bank xidmətlərindən istifadənin genişləndirilməsinə imkan yaradır. Bu sahədə rəqəmsallaşmanın tətbiqi ödəniş xidmətlərinin effektivliyinin və təhlükəsizliyinin artırılmasına gətirib çıxarır. Görülən işlərin nəticəsidir ki, ilin birinci yarısında bankların kredit müştəriləri tərəfindən, ümumilikdə, 33 milyon 666 min manat məbləğində kredit ödənişi banka getmədən ödəniş terminalları vasitəsilə həyata keçirilmişdir. Həmçinin bu dövrdə məsafəli bank xidmətlərindən olan onlayn kart sifarişi xidmətinin tətbiqi də davam etdirilmişdir. Birinci yarım ildə xidmət vasitəsilə 7615 onlayn kart sifarişi həyata keçirilmişdir. 
    Proqramda nəzərdə tutulan tapşı­rıqlardan biri də özəl sektorda işçilərin əməkhaqlarının nağdsız formada ödənişi ilə bağlıdır. Tapşırığın icrası istiqamətində cari ilin yanvar-iyun aylarında 13 vergiödəyicisi üzrə, ümumilikdə, 54 işçinin əməkhaqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin edilmişdir. Məqsəd muxtar respublikada nağd dövriyyənin həcminin minimuma endirilməsi və nağdsız ödəniş mühitinin daha da genişləndirilməsidir. 
    Proqramın icrasına uyğun olaraq maliyyə sövdələşmələrinin nağdsız hesablaşmalar vasitəsilə aparılması istiqamətində həyata keçirilən tədbirlər, öz növbəsində, vergi sisteminin səmərəliliyinin artmasına da şərait yaradır. Belə ki, ilin birinci yarısında muxtar respublikada 391 vergiödəyicisi tərəfindən POS-terminal hesabına alınmış kartlar vasitəsilə 251 min 635 manat, 1465 vergiödəyicisi tərəfindən isə şəxsi kartları vasitəsilə 626 min 31 manat məbləğində vergi və sosial ayırmaların nağdsız qaydada ödənilməsi təmin edilmişdir.
    Nağdsız ödənişlər sahəsində keyfiyyətli bank xidmətlərinin təşkilinə təsir edən ən mühüm faktorlardan biri də bu sahədə peşəkarlığın artırılmasıdır. Əhaliyə göstərilən bank xidmətlərinin ixtisaslı kadrlar vasitəsilə həyata keçirilməsi vaxta qənaət və vətəndaş məmnunluğu deməkdir. Proqramda müəyyənləşdirilmiş tapşırığın icrası məqsədilə birinci yarım ildə ödəniş kartları sahəsində çalışan bank mütəxəssislərinin bilik və bacarıqlarının artırılması üçün 3 təkmilləşdirici seminar keçirilmişdir. Keçirilən seminarlarda Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının təcrübəli ekspertlərinin iştirakı təmin olunmuşdur.
    Nağdsız ödənişlərin inkişafı əhalinin maliyyə savadlılığının artırılmasından və rəqəmsal ödənişlərdən istifadəyə həvəsləndirilməsindən əhəmiyyətli dərəcədə asılıdır. Pro­qramda həm təhsil müəssisələrində təhsilalanların nağdsız əməliyyatların aparılmasına təşviq edilməsi, həm də kənd mərkəzlərində əhali ilə görüşlərin keçirilməsi ilə bağlı tapşırıqlar nəzərdə tutulmuşdur. Bu tapşı­rıqların icrası birinci yarım ildə də diqqətdə saxlanılmış, ümumilikdə, 21 təhsil müəssisəsində 437 müəllim, eləcə də 560 şagird və tələbəyə nağdsız əməliyyatların aparılmasının əhəmiyyəti izah olunmuşdur. Həmçinin bu dövrdə muxtar respublikanın POS-terminal quraşdırılmış kənd mərkəzlərində sakinlərlə 14 maarifləndirici görüş keçirilmişdir. 
    Rəqəmsal ödənişlərin tətbiqinin genişləndirilməsi ilə bağlı Dövlət proqramlarının icrası müddətində ənənəvi xarakter alan “Nağdsız ödəyin, hədiyyə qazanın!” həvəsləndirici tədbirin reallaşdırılması da davam etdirilmişdir. Nağdsız ödəniş edən 431 şəxsə tədbirin 16-cı tirajı çərçivəsində, ümumilikdə, 25 min manat dəyərində hədiyyələr təqdim olunmuşdur. 
    Görülən işlər əhalinin elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə sövq edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

“Şərq qapısı”

Nəşr edilib : 16.08.2022 17:22