AZ EN RU

Rəqəmsal ödəniş infrastrukturu təkmilləşdirilir

Dövlət proqramı icra olunur

    Müasir dövrümüzdə rəqəmsal ödəniş xidmətlərinin genişləndirilməsi dünya miqyasında mühüm aktual məsələlərdən hesab olunur. Bu istiqamətdə beynəlxalq səviyyədə təklif olunan yeniliklərin sayı gündən-günə artır və dünya ölkələri nağdsız hesablaşmaların tətbiqi sferasının genişləndirilməsinə maraq göstərir. Son dövrlərdə, xüsusilə də təmassız ödəniş vasitələrindən istifadə qlobal trendə çevrilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Biz yeni iqtisadi modelə keçməklə bundan sonra iqtisadiyyatımızı, ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik”.

    Naxçıvan Muxtar Respublikasında da bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsi genişlənməkdə davam edir. Texnologiya əsrinin innovativ çağırışlarına uyğun infrastrukturun formalaşdırılması muxtar respublika iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən faktorlardandır. Görülən işlərin səmərəli xarakter almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın xüsusi əhəmiyyəti vardır. Proqramın məqsədi əhali, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş imkanlarının daha da genişləndirilməsi və mövcud infra­strukturun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu istiqamətdə işlər 2021-ci ildə də davam etdirilmişdir. 
    Yeni quraşdırılan POS-terminal, bankomat və digər ödəniş terminallarının sayının artması Naxçıvanda rəqəmsal ödəniş mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Ötən il proqramda nəzərdə tutulan tapşırıqların icrası məqsədilə ticarət, iaşə və digər xidmət obyektlərində 320 təmassız ödəniş imkanlı POS-terminalın quraşdırılması təmin edilmiş və onların ümumi sayı 829-a çatdırılmışdır. Həmçinin 18 MilliÖn terminalı quraşdırılmış və əhalinin daha çox üz tutduğu ərazilərdə valyuta mübadiləsi imkanına malik 5 bankomat yerləşdirilmişdir. Görülən işlər muxtar respublikanın istənilən ərazisində ucuz və əlverişli maliyyə xidmətlərinə çıxış imkanlarını artırmışdır.
    Naxçıvanda fəaliyyət göstərən banklarda müasir ödəniş texnologiyalarından istifadə etməklə əhaliyə bir sıra məsafəli bank xidmətləri göstərilir. Elektron bankçılıq bank xidmətlərinin effektivliyini artırır. Digər tərəfdən proqramın icrası istiqamətində həyata keçirilən tədbirlər vergiödəyiciləri üçün ödəniş sistemini sadələşdirir və özəl sektorda ödəniş kartlarından istifadəni genişləndirir. Ötən il məsafəli bank xidmətlərindən olan onlayn kart sifarişi vasitəsilə 8 min 584 kart sifariş olunmuş, kredit müştəriləri tərəfindən 97 milyon 263 min 191 manat kredit ödənişi banka getmədən ödəniş terminalları vasitəsilə həyata keçirilmişdir. Özəl sektorda aparılan maarifləndirmə tədbirləri nəticəsində 60 vergiödəyicisi üzrə 360 işçinin əməkhaqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin edilmişdir. Bu dövrdə 764 vergiödəyicisi tərəfindən POS-terminal hesabına alınmış kartlar vasitəsilə 377 min 643 manat, 1840 vergiödəyicisi tərəfindən isə şəxsi kartları vasitəsilə 687 min 621 manat vergi və sosial ayırmaların nağdsız qaydada ödənilməsi təmin olunmuşdur. Proqramda nəzərdə tutulan tapşırıqların icrası biznes subyektləri üçün pul dövriyyəsinin idarə edilməsinə çəkilən xərclərin minimallaşdırılması imkanını yaratmışdır.
    Rəqəmsal ödəniş xidmətləri sahəsində tətbiq edilən mühüm vasitələrdən biri də Hökumət Ödəniş Portalıdır. Portalın əhatə dairəsinin genişləndirilməsi bir sıra kütləvi ödənişlərin mərkəzləşdirilmiş qaydada bank sistemi və poçt şəbəkəsi vasitəsilə toplanmasını təmin edir. Ötən il bu istiqamətdə tədbirlər də diqqətdə saxlanılmış, muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində birinci kurs tələbələri üçün təhsil haqlarının Hökumət Ödəniş Portalı vasitəsilə ödənilməsi təmin olunmuşdur. Bu da təhsil müəssisələrində ödəniş sisteminin sadələşdirilməsindən xəbər verir.
    Proqramda nəzərdə tutulan mütərəqqi əhəmiyyətli tədbirlərdən biri də aviakassalarda və avtovağzallarda bilet satışlarının nağdsız qaydada həyata keçirilməsi imkanlarının təkmilləşdirilməsidir. Bu məqsədlə görülən işlər biletalma prosesini maksimum rahat, sadə şəkildə həyata keçirməyə və vaxta qənaət etməyə şərait yaradır. Ötən il muxtar respublikada fəaliyyət göstərən aviakassa və avtovağzallarda, ümumilikdə, 578 min 470 manat məbləğində nağdsız qaydada bilet satışı həyata keçirilmişdir.
    Rəqəmsal ödəniş xidmətlərindən istifadə göstəricilərinə müsbət təsir edən amillərdən biri də əhalinin maliyyə savadlılığının artırılmasıdır. Bu məqsədlə həyata keçirilən maarifləndirmə tədbirləri əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması istiqamətində yeni imkanlar açır. Görülən işlər rəqəmsal ödəniş xidmətləri ilə bağlı ictimai məlumatlılığı artırır və bu xidmətlərin cəmiyyətin müxtəlif sahələrində tətbiqi üçün stimullaşdırıcı xarakter daşıyır. Digər tərəfdən nağdsız ödənişlərlə bağlı həvəsləndirici tədbirlərin davam etdirilməsi də rəqəmsal ödəniş xidmətlərindən istifadənin kütləviləşməsinə təkan verir. Proqramda nəzərdə tutulan tapşırıqların icrasına uyğun olaraq 2021-ci ildə 33 təhsil müəssisəsində 820 müəllim, 1061 şagird və 240 tələbə ilə nağdsız əməliyyatların həyata keçirilməsinin əhəmiyyəti mövzusunda maarifləndirmə işi aparılmışdır. Həmçinin bu dövrdə POS-terminal quraşdırılmış kənd mərkəzlərində əhali ilə 27 maarifləndirici görüş keçirilmişdir. Ötən il “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 14 və 15-ci tirajlarında muxtar respublika üzrə nağdsız ödəniş həyata keçirən 887 şəxsə 50 min manat dəyərində hədiyyələr təqdim olunmuşdur.
    “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da nəzərdə tutulan tədbirlərin icrasının bundan sonra da uğurla davam etdirilməsi iqtisadi artıma mühüm təkan verəcəkdir.

“Şərq qapısı”

Nəşr edilib : 02.03.2022 18:45