AZ EN RU

Rəqabətqabiliyyətli məhsul istehsal etmək əsas prioritetlərdəndir

Zamin Abbasov: Bir məhsul böyük həvəslə, sevgi ilə, diqqətlə 
hazırlanmırsa, heç zaman sevilməyəcəkdir

    Naxçıvanda sənaye müəssisələri çoxdur və hər il onların sayı daha da artır. Belə sahibkarlıq subyektləri içərisində daim diqqətimi çəkən bir müəssisə də var ki, onun haqqında əvvəllər də yazmışdım, daha doğrusu, fəaliyyətə başlayan zaman orada istehsal olunan məhsullar barədə oxucularımıza məlumat vermişdik. Artıq beşinci ildir, muxtar respublika iqtisadiyyatına öz töhfəsini verən müəssisə, həm də davamlı olaraq istehsal etdiyi məhsulların növ və çeşidlərini artırır, daxili bazarın ehtiyac duyduğu və indiyədək idxal hesabına təmin olunan bir sıra məhsulların istehsalını həyata keçirir. Əlbəttə, bütün bu işlərin görülməsində dövlətin dəstəyi böyükdür, xüsusilə yaradılmış şərait nəticəsində sahibkarların dövlət maliyyə resurslarına çıxışının asanlaşdırılması hər bir sahibkar üçün böyük əhəmiyyətə malikdir. Lakin nəzərə alaq ki, dövlət dəstəyi məsələnin bir tərəfidirsə, sahibkarın işgüzarlığı, öz sektorunda daim yenilikləri təqib etməsi, vətənpərvərliyi, dövlət və xalq qarşısında məsuliyyətini dərindən dərk etməsi işin digər tərəfidir. Adı çoxlarına tanış olan “Azelektrod” Məhdud Məsuliyyətli Cəmiyyəti də məhz bu cür sahibkarlıq subyektlərindən biridir. Bu şirkətdə diqqətimi çəkən maraqlı tərəflərə bir azdan toxunacağam, ancaq əvvəlcə müəssisənin istehsal etdiyi məhsullar haqqında sahibkar Zamin Abbasovun söylədiklərinə nəzər salaq: 

    – “Azelektrod” Məhdud Məsuliyyətli Cəmiyyəti adından da göründüyü kimi işə ilk olaraq elektrod istehsalı ilə başlayıb. Sahibkarlığın İnkişafı Fondundan bizə böyük maliyyə dəstəyi göstərilib və 2017-ci ildən “Azelektrod” əmtəə nişanı ilə polad və dəmir qaynağı üçün 2,5, 3,2 və 4 millimetr qalınlıqda elektrodlar istehsal edirik. 2018-ci ildən isə müəssisədə “Az-NaxKim” əmtəə nişanı ilə qeydiyyatdan keçmiş kafel, metlax, məsaməli beton-blok, mərmər və qranit yapışdırıcıları (ağ və boz rənglərdə), kimyəvi quru qarışıqlar, hazır suvaq qarışığı, beton səth sərtləşdirici, özüyayılan döşəmə qarışığı, təmir suvağı, aralıq doldurma qarışığı (bütün rənglərdə) kimi tikinti işlərində çox zəruri olan məhsullar istehsal edilir. 

    – Gəlin bir az da əvvələ qayıdaq. Necə oldu ki, inşaat sektoru üçün bu məhsulları istehsal etməyə qərar verdiniz? Yəni bunun bir səbəbi olmalıdır, heç bir fikir, ideya birdən-birə yaranmır axı.
    – Doğrudur. Bu müəssisəni yaradana qədər muxtar respublikanın inşaat sektorunda, ancaq fərqli məhsulların istehsalında bir işçi kimi təcrübəmiz olmuşdu. Və mən bu işə tək başlamadım, hazırda da ortaq olaraq müəssisədə birgə çalışdığımız digər dostlarımızla belə bir istehsal sahəsi qurmağı qərara aldıq. Düşündük ki, muxtar respublikamızda tikinti sektorunda istifadə olunan elə məhsullar var ki, onların bir çoxu idxal edilir. Xüsusilə son illərdə yerli xammal potensialına əsaslanan sement, məsaməli beton, gips, alçı kimi məhsulların istehsalına başlanması bizə böyük stimul verdi ki, bu işə başlayaq. Eyni zamanda proseslərə bu tərəfdən baxırdıq ki, bu gün bizdə məsaməli beton və yaxud travertin daşlar istehsal olunursa, niyə biz onun yapışdırıcılarını kənardan almalıyıq? Və yaxud boya inşaat sektorunda ən çox istifadə olunan materialdır. Niyə biz bunu özümüz istehsal etməyək? Düzdür, onun xammalı bizdə yoxdur, ancaq özümüz istehsal etdiyimiz üçün artıq həm keyfiyyətini biləcəyik, həm də idxal məhsuldan daha ucuz olacaq. 
    – Boya istehsalı kifayət qədər diqqət tələb edən və innovativ texnologiyalardan istifadəni zəruri edən bir sahədir. Belə bir yükün altına girmək çətin olmadı ki?
    – Bunun üçün biz xeyli vaxt həm istehsal, həm də bazar araşdırmaları apardıq. Türkiyədə, dünyanın bir çox ölkələrində tətbiq olunan istehsal təcrübələrini öyrənməyə çalışdıq. Həm də iş müəyyən maliyyə vəsaiti tələb edirdi, çünki keyfiyyətli boya üçün laboratoriya analizləri tələb olunurdu. Amma bütün çətinliklərə baxmayaraq, müəssisədə yeni laboratoriya yaratdıq. Burada qabaqcıl ölkələrin cihaz və avadanlıqlarını quraşdırdıq. Hazırda istehsal etdiyimiz məhsulların keyfiyyətini yoxlamaq üçün müxtəlif testlər aparırıq. Bu testlər zamanı istehsal olunacaq boyaların özlülüyü (qatı və ya duruluğu), səthi örtmə məsrəfi, temperatura və suya davamlılığı, parlaqlığı, suyun codluğu, donma keyfiyyəti və digər amillər müəyyən edilir. Bunu da deyim ki, müəssisəmizdə izolyasiya mayeləri, tavan və plastik boyaları, həmçinin fasad üçün silikonlu, akrilik, tekstur, yəni qumlu boyaların istehsalı da həyata keçirilir. Bu gün istehlakçılara “Az-NaxKim” əmtəə nişanı ilə 3, 5, 10, 20 kiloqramlıq qablarda təqdim etdiyimiz boyalar sərfəli qiymət və yüksək qatılıq sayəsində digər boyalardan ən azı iki dəfə qənaətcildir. Artıq məhsullarımız da alıcılar tərəfindən bəyənilir. 
    – Yeri gəlmişkən siz bu boyaları satışa çıxararkən, bazarda həm ölkə, həm də xarici istehsallı boyalar artıq neçə illərdir ki, mövcud idi və bu gün də var. Rəqabətə davamlılıq baxımından hansı çətinliklərlə qarşılaşdınız? 
    – Bir məsələni qeyd edim ki, əvvəlki illərlə müqayisədə bu gün hər bir naxçıvanlı yerli məhsulun keyfiyyətinə daha çox etibar edir. Naxçıvanın sementi, priketi, gips və alçısı artıq istehlakçılara özünü təsdiq edib. Ancaq məsələ bundadır ki, heç bir müştəri illərlə aldığı markanı birdən-birə başqası ilə dəyişmir. Hətta istehlakçıları kənara qoyun, inşaat materialları satan pərakəndəçilər belə, birinci mərhələdə bizim boyaları satmaqda tərəddüd edirdilər. Amma biz iddialıydıq və özümüzə çox inanırdıq. Hətta açıq demək lazımsa, məhsulun keyfiyyəti üçün sərf etdiyimiz xammalın həcmindəki qiymətin məsrəfini də nəzərə almırdıq. Çünki bir məqsədimiz var idi: üzərində Naxçıvanın adı yazılmış boyalar keyfiyyətli olmalıdır! Ona görə ki, bazara girməyin bizim üçün məqbul sayılacaq başqa bir yolu yox idi. Şükürlər olsun ki, artıq bu gün istədiyimizə çatmışıq, artıq alıcılarımız işimizə verdiyimiz dəyəri yaxşı anlayırlar.  Məhsullarımızın böyük bazarlara çıxması üçün isə, təbii ki, zamana ehtiyac var. 
    – Hazırda məhsul istehsalında hansı yenilikləriniz var?
    – Bu ildən başlayaraq istehsal sahəsini genişləndirməyə başlamışıq, indi bu sahədə işlər gedir. Yeni dəmir boyası istehsalı üçün müasir avadanlıqlarımız gəlib. Bundan əlavə, avtomobil təmirində çox istifadə olunan polyester məcununun, muxtar respublikada istehsal edilən travertin daşlarının rəngi ilə eynilik təşkil edən yapışdırıcıların istehsalına başlayacağıq. Yeri gəlmişkən, müəssisədə boya üçün rəng piqmentləri də istehsal olunur və artıq bazara çıxarmışıq. Bunu da qeyd etmək istərdim ki, sizin də bildiyiniz kimi, muxtar respublika rəhbəri daim sahibkarlara tövsiyəsində bildirir ki, rəqabətqabiliyyətli məhsul istehsal etmək və onu ixrac etmək əsas prioritetlərimizdəndir. Biz də çalışırıq ki, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirək.
    – Müəssisəniz böyük müəssisə deyil, amma istehsal var, məhsullarınız satılır. Düşünürəm ki, istehsal etdiyiniz məhsullarla muxtar respublika bazarını təmin edə bilirsiniz. Ümumiyyətlə, bu işləri görmək üçün neçə işçiniz var?
    – Müəssisədə cəmi 13 nəfər çalışır. Bu say hazırkı mərhələdə bizim üçün yetərlidir. Bunu da nəzərə alaq ki, bizim məhsulların alışında mövsümilik də var, xüsusilə qış aylarında çətinliklərimiz olur. Ancaq biz bunu nəzərə alaraq elə edirik ki, qış aylarında da müəssisəmiz fəaliyyətini dayandırmasın, işçilərimiz maddi təminat çətinlikləri ilə üzləşməsinlər.
    – Biznesdə belə bir deyim var ki, ideya və pul hər zaman tapılan şeylərdir, əsas məsələ icra etməkdir, yəni işləmək. Hiss edirəm ki, sizin kollektivdə korporativ dəyərlərin ayrıca yeri var. Məsələn, sizi və yaxud sizin kimi gənc dostlarınız olan ortaqlarınızı işçilərlə bərabər yük daşıyarkən, bəzən hər hansı bir təmizlik işləri ilə məşğul olarkən də görmək adi haldır. Mənə elə gəlir ki, burada “hər kəs sahibkar, hər kəs işçidir” prinsipi işləyir. Yanılmıram ki?
    – (Gülür). Düz fikirləşibsiniz, elə o cürdür. Bəzən cəmiyyətdə çoxları düşünür ki, sahibkar kabinetində oturmalı, tapşırıqları oradan verməli, işi oradan idarə etməlidir – bu, tamamilə yanlış yanaşmadır. Əsl sahibkarın iş saatları, bayram və istirahət günləri olmur. O ki qaldı kollektiv münasibətlərə, işçilərə dəyər vermək, mənə görə sahibkarın, hər şeydən əvvəl, diqqət etməli olduğu vacib məsələdir. Çünki bu gün istehsal etdiyin məhsul dəyər qazanırsa, bu məhsula o dəyəri verən işçidir. Bir məhsul böyük həvəslə, sevgi ilə, diqqətlə hazırlanmırsa, heç zaman sevilməyəcəkdir. Bu baxımdan kollektivimizdə çox zaman, yaxşı mənada, kimin idarəçi, kimin işçi olduğu bilinmir.
    – Mənim üçün bir də işin maraqlı tərəfi ondadır ki, siz bir neçə gənc dostunuzla müəssisədə ortaq olaraq çalışırsınız. Adətən, cəmiyyət olaraq bu cür işlərdə şəriklik məsələsinə mühafizəkar yanaşırıq. Amma düşünürəm ki, bu sahədə də uğur qazana bilmisiniz. Ona görə də sualı belə qoyuram: biznesdə ortaqlığın faydalı tərəfləri hansılardır? Elə bilirəm ki, sizin verdiyiniz cavablara tam səmimiyyətlə inanmaq olar, çünki bizə nəzəriyyədən yox, təcrübədən danışacaqsınız. 
    – Əlbəttə, mənim yeganə istinad edə biləcəyim yer təcrübədir. Söhbətin əvvəlində də vurğuladım, biz əvvəllər indiki ortaqlarımızla birgə istehsal sahəsində aylıq maaşı olan bir işdə çalışırdıq. Bir-birimizin iş üslubuna, bilik və bacarığına, nə isə öyrənməyə, onu tətbiq etməyə meyilli olduğumuza yaxından bələdçiliyimiz vardı. Elə işi quranda da malik olduğumuz bu tərəflər bizə stimul oldu. Məsələn, bu gün belə bir istehsal müəssisəsi yaratmaq istəyən şəxs ilk olaraq nəzəri baxımdan usta, laborant, mühəndis, anbardar və sair axtarmalıdır. Ancaq bütün bu sahələrdə biz özümüz özümüzü yetişdirməyə başladıq. Nəticədə, laboratoriyanı qurduqdan sonra orada yerləşdirdiyimiz cihazlardan istifadəni də özümüz öyrəndik. Bunun üçün böyük əmək sərf etdik, bəzən bir qarışığın – istər boya olsun, istər yapışqan və yaxud məcun – keyfiyyətli olması üçün aylarla zəhmət çəkdik, xarici analoji məhsulların hazırlanma metodlarını öyrəndik, o məhsullarla öz məhsullarımızın keyfiyyət müqayisəsini apardıq və sonda istədiyimizə nail olduq. Konkret olaraq, ortaqlıq məsələsinə gəldikdə isə biznes ortaqlığı da müəyyən dəyərlər üzərində qurulur. Hər hansı bir qərar veriləndə hər kəsin fikri nəzərə alınır və ən əsası, hər kəs məqsədinin nə olduğunu çox yaxşı bilir. Bizim məqsədimiz maddiyyat üzərində qurulmayıb, əgər belə olsaydı bu qədər çətin yolu birlikdə gələ bilməzdik, istər-istəməz aramızda müəyyən incikliklər yaranardı. Bizim hədəfimiz budur: elə keyfiyyətli məhsullar istehsal edək ki, bu məhsullar təkcə bizdə yox, xarici bazarlarda da etibar qazansın, hər kəs Naxçıvanda istehsal olunan məhsulu keyfiyyətin sinonimi kimi görsün. Belə olan tərzdə, təbii ki, maddi qazanc da olacaq. Yəni demək istədiyim odur ki, prosesin özü bizi çox ruhlandırır və daha yaxşısını etməyə sövq edir. 
    – Sizə uğurlar arzu edir, inanırıq ki, qarşıya qoyduğunuz hədəflərə nail olacaqsınız.
    – Sağ olun.

    PS: “Azelektrod” Məhdud Məsuliyyətli Cəmiyyətindən yazı hazırlamaq qərarına burada yeni istehsal sahəsinin yaradılması haqqında məlumat alandan sonra gəlmişdim. Söhbəti ənənəvi suallar üzərində də qura bilərdim, amma mənim də burada kiçik bir məqsədim var idi. Məqsədim  bu söhbətdən alınan nəticələri oxuculara, xüsusilə gənc sahibkarlara və yaxud sahibkarlıqla məşğul olmaq istəyənlərə çatdırmaq idi. Beləliklə, “Azelektrod” Məhdud Məsuliyyətli Cəmiyyətinin iş prinsipi ilə tanışlıq bizə deyir ki, muxtar respublikada sahibkarlığın inkişafı üçün lazımi şərait var və dövlət bu sahənin inkişafında maraqlıdır. Bu müəssisənin simasında görürük ki, muxtar respublikamızda sahibkarlığı dərk edən potensial gənclik mövcuddur. Həmçinin o nəticəyə də gəlirik ki, indiki gəncliyin kollektiv şəkildə işləmək, istehsal dünyasındakı yenilikləri tətbiq etmək bacarığı var. 

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 11.04.2022 18:41