AZ EN RU

“Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmişdir

Şərur rayonunun Çərçiboğan kəndində keçirilən tədbiri Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova açaraq belə tədbirlərin əhəmiyyətindən danışmışdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, milli dəyərlərin, adət-ənənələrin qorunub saxlanılması və gələcək nəslə ötürülməsində ailənin böyük rolu vardır. Ailələrin möhkəm olması üçün ailədə hər iki tərəf ailənin bütövlüyünün qorunması, o ailədə böyüyəcək övladların hərtərəfli və sağlam böyüməsi üçün çalışmalıdır. Həmçinin qadınların sağlamlığının qorunması, yeni nəslin sağlam doğulması və böyüməsi üçün ailə planlaşdırılması məsələsinə xüsusi diqqət verilməsi, erkən nikahların fəsadları, sağlam uşaqların doğulması üçün qadınların hamiləlik dövründə müvafiq analizlərdən keçirilməsi, nikahdan əvvəl irsi qan xəstəliklərinin, virusların yoxlanılmasının vacibliyi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Eyni zamanda bu sahə ilə bağlı qanunvericiliyin müvafiq tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Ramilə Seyidova qeyd edib ki, Şərur rayonu üzrə 39983 uşaq vardır ki, bu uşaqlardan da 424-ü sağlamlıq imkanları məhdud uşaqlardır. Bu da ümumi uşaqların 1.06 faizini  təşkil edir. Muxtar respublika üzrə 1909  sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqların da 22,21%-i Şərur rayonunun payına düşür. 424 sağlamlıq imkanları məhdud uşaqdan 306-sı (125 qız, 181 oğlan) anadangəlmə, 118-i (41 qız, 77 oğlan) qazanılma xəstəliklər nəticəsində sağlamlığını itirmiş uşaqlardır.

Şərur rayonunun Çərçiboğan kəndi üzrə 21 (10 qız, 11 oğlan) sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqlardan 13-ü (7 qız, 6 oğlan) anadangəlmə, 8-i  (3 qız, 5 oğlan) isə qazanılma nəticəsində sağlamlığını itirmiş uşaqlardır. Anadangəlmə uşaqların 4-də (4 qız) anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları (sağ bud çanaq oynağının çıxığı, hidrosefaliya, daun xəstəliyi), 2-də (2 qız) sinir sisteminin xəstəlikləri (uşaq serebral iflicinin qalığı), 2-də (2 oğlan) psixi pozğunluqlar və davranış pozğunluqları (əqli zəiflik, autizm), 2-də (1 qız, 1 oğlan) sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri (əyriboyunluluq skalyoz, sağ bud sümüyü başının aseptik nevrozu), 2-də (2 oğlan) qan dövranı sistemi xəstəlikləri (ürək qüsuru), 1-də (1 oğlan) gözün və gözün əlavə aparatının xəstəlikləri (buynuz qişanın leykoması) aşkar edilmişdir.

“Uşaqların sağlamlıq imkanları məhdud olaraq doğulmasına səbəb olan əsas amillər” mövzusunda isə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edərək qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Şərur rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin – sinir sistemi xəstəliklərinin, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları, psixi pozğunluqlar və davranış pozğunluqlarının yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 25.02.2022 18:16