AZ EN RU

“Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində 27 iyun 2024-cü il tarixdə Kəngərli rayonunun Şahtaxtı kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. 
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirdə çıxış edərək ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasındakı əsas rolundan danışıb. Bildirilib ki, qadının ailədə ilk işi milli dəyərləri övladlarına aşılamaqdır. Sevindirici haldır ki, qadınlarımızın səyi nəticəsində ailələrimizdə bu davranışlar kifayət qədər övladlara aşılanır. Ailədə qadın ailəsinin tərbiyə verəni, əxlaq aşılayanı, övladlarına bütün milli-mənəvi dəyəri öyrədəni olmaqla bərabər, həmçinin ailənin bütövlüyünü qoruyub saxlamaq missiyasını həyata keçirəndir. Eyni zamanda qadın genefondumuzun daşıyıcısı kimi də böyük rola malikdir. Erkən nikahların yaratdığı fəsadlardan və qadın sağlamlığına vurduğu ziyandan, eləcə də qohumlar arasında nikahın zərərlərindən danışan Komitə sədri qeyd edib ki, erkən nikah ailə məsələlərində ciddi məqamlardan biridir, ailənin və ailə üzvlərinin taleyinə birbaşa təsir edir. Bu absurd nikah əsasında qurulan ailələrdə nikahın pozulması, məişət zorakılığı, xəstə uşaqların dünyaya gəlməsi, fiziki-psixoloji çətinliklər, təhsildən məhrum edilmə və şəxsi azadlıqların itirilməsi kimi mənfi nəticələr qaçılmazdır. Bu yaşda qurulan ailələr çox vaxt ailə funksiyasını yerinə yetirə bilmir, nəsil artımında böyük çətinliklərlə üz-üzə qalmış olur. Ana olmaq iqtidarında olmayan qızlar ana olmağa hazırlıq dövründə ciddi təhlükələrlə üzləşir, onlarda bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Həmçinin qohum evliliklərindən doğulan uşaqlarda xəstəliklərə daha çox rast gəlinir. Ramilə Seyidova çıxışının sonunda Kəngərli rayonu ərazisində yaşayan sağlamlıq imkanları məhdud uşaqlar haqqında məlumat verib.
“Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikası”publik hüquqi şəxsin həkim-terapevti Nigar Səfərova qadın sağlamlığından, erkən və qohum evliliklərinin tibbi fəsadlarından, uşaq sağlamlığına vurduğu zərərlərdən danışıb. Bildirilib ki, reproduktiv sağlamlığın qorunması və mühafizəsi, sağlam ailələrin və ailə münasibətlərinin formalaşması bu günün aktual məsələlərdən biridir. Buna görə də ana və uşaq ölümü hallarının azaldılması, təhlükəsiz doğuşların aparılması, hamiləlik dövründə infeksiyaların profilaktikası, yenidoğulanlara keyfiyyətli tibbi qayğının göstərilməsi səhiyyə sistemi istiqamətində dövlətin xüsusi əhəmiyyət verdiyi sahələrdəndir.
Diskussiya şəraitində keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib, müvafiq mövzuda hazırlanmış broşürlar paylanılıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 27.06.2024 20:16