AZ EN RU

“Rənglərin dinamikası” adlı fərdi yaradıcılıq sərgisi təşkil olunub

Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının 100 illiyinə və Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinovun 70 illik yubileyinə həsr olunmuş “Rənglərin dinamikası” adlı fərdi yaradıclıq sərgisi təşkil olunub.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva tədbiri giriş sözü ilə açaraq rəssamın yaradıcılıq fəaliyyətindən geniş bəhs edib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yubilyarın yaradıcılığında Naxçıvan mövzusunun xüsusi yer tutduğunu qeyd edib, rəssama  yeni yaradıcılıq uğurları arzulayıb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafanın rəssamın yubiley tədbirinə göndərdiyi təbrik məktubu oxunduqdan sonra Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli və digər çıxış edənlər Telman Abdinovun yaradıcılığını yüksək qiymətləndirib, rəssamın portret, təbiət, eləcə də digər mövzularda işlədiyi əsərlərin gənc rəssamlarımız üçün də ilham mənbəyi ola biləcəyini qeyd ediblər.

Qeyd edək ki, sərgidə rəssamın 60-dan çox rəsm əsəri nümayiş olunur.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 03.06.2024 22:01